BolgeXeber.Com » Siyasət » Azad Rəhimov Nazim İbrahimovu “vurdu”

Azad Rəhimov Nazim İbrahimovu “vurdu”

13-12-2011, 16:30
Oxunub: 3 262 “Mən bilmirəm piar işi hansı quruma tapşırılıb, ancaq Azərbaycanın dünyada təbliği zəif gedir”

“Azərbaycan “Eurovision-2012” müsabiqəsində qalib seçilən zaman hansısa bir sayt Bakının Bibiheybət və digər ərazilərinin şəklini çəkib, həmin yarışmaya göndərmişdi. Bunu kimin etdiyini bilmirik. Hər halda bunu edənlər bizim düşmənlərimizdir”. Bolgexeber.com-un məlumatına görə bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir deyib ki, “Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi yer hələ təsdiq olunmayıb: ““Kristal Palace”-da isə vəziyyət hazırda bildiyiniz kimidir. Ancaq bu yerə 2 milyard manatın ayrılması xəbəri həqiqətə uyğun deyil. Bütün bunlar bizə qarşı aparılan təxribatdır. Əminəm ki, vaxt az qalsa da, “Kristal Palace” hazır olacaq , biz Avropanı təəccübləndirə biləcəyik və birincilik əldə edəcəyik. Biz çalışırıq ki, dünya ictiamiyyətini bu yarışmada layiqli yerdə qarşılayaq. Təbii ki, qonaqları uzun illər əvvəl tikilmiş Heydər Əliyev adına İdman Konsert Kompleksində qarşılaya bilməzdik. Mən inanıram ki, bu yer tikildikdən sonra biz nömrə bir olacağıq. Bizim nazirlik yarışma ilə bağlı İctimai Televiziyaya da dəstək verir”. A.Rəhimov onu da qeyd edib ki, alternativ variant kimi Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı şəkildə yenidən qurulur: “Düzdür, “Kristal Palace”-da işlər sürətlə gedir, ancaq prezidentimiz ağıllı bir ideya da irəli sürüb. Belə ki, alternativ variant kimi hazırda Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri aparılır. Onun yerində çox müasir stadion olacaq. VİP otaqlar, həmçinin yeni damı olacaq. Bu stadionun gələn ilin mart ayının 15-də açılışı olacağı gözlənilir”.

Nazir qeyd edib ki, “Eurovision-2012” müsabiqəsinə hazırlıqla bağlı problemlər də var: “Sürüclərə və polislərə “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar təlimlər keçirilir. Müsabiqə ilə bağlı 50-ə yaxın “Shuttule Buss” tipli xüsusi avtobuslar gətirilib. İngilis dili təlimlərinə cəlb edilən sürücülər də bu avtobusları idarə edəcəklər”.

A.Rəhimov “Eurovision-2012” yarışması ilə bağlı Azərbaycan tərəfinin piar kampaniyasının yaxşı getmədiyini də vurğulayıb: “Mən bilmirəm piar işi hansı quruma tapşırılıb. Ancaq Azərbaycanın dünyada təbliği zəif gedir. Hesab edirəm ki, bu işə 1 milyard pul ayrılsaydı, yarışmadan sonra bu pulu götürə bilərdik”.

Qeyd edək ki, Azərbaycanın dünya ölkələrində təbliği məsələləri Diasporla İş üzrə Dövlət Komitəsinə tapşırılıb. Bu komitəyə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır.