BolgeXeber.Com » Siyasət » Siracəddin Cabbarov selin qurbanı olacaq

Siracəddin Cabbarov selin qurbanı olacaq

11-10-2010, 12:20
Oxunub: 7 449

İcra başçısının seçki prosesinə müdaxiləsi narazı qalan kütləni hərəkətə gətirib

Rayonlarda davam edən seçki saxtakarlığı ilə bağlı narazılıqlar durmadan artır. Bəzi əyalətlərdə əhali baş verənləri hiddətlə qarşılasa da, buna etirazlarını açıq şəkildə büruzə vermirlər. Lakin bəzi rayonlarda isə vəziyyət tamam başqadır və burada bir çox icra başçılarının başları ciddi şəkildə ağrıya bilər. Həmin yerlərdən biri də Saatlıdır.


Aldığımız məlumata görə, AXCP-Müsavat Blokunun vahid namizədi Ənnağı Hacıbəylinin namizədliyinin qeydə alınmamasından sonra rayonda ortalıq qarışıb. Artıq insanlar baş verənlərə etiraz əlaməti olaraq, yerli İcra Hakimiyyətinin binası önündə aksiya keçirməyi qərarlaşdırıblar. Rayon sakinlərinin verdiyi bilgiyə görə, hal hazırda mitinqə hazırlıq gedir və bu prosesə təkcə Saatlı müxalifətinin üzvləri deyil, həmçinin seldən əziyyət çəkmiş insanlar da qoşulmağa başlayıblar.
Qeyd edək ki, bu ilin mayında baş vermiş sel fəlakətindən sonra Aran rayonlarında etirazların ardı-arası kəsilmir. Dəfələrlə Sabirabad və Saatlıda etiraz aksiyaları keçirilib. Hətta, aksiyaçılar Bakıya yürüş edərək, Prezident Aparatının qarşısına da toplaşmağı bacarıblar. Həmin vaxtdan bəri küçələrdə qalmış insanların problemlərinin həll edilməməsi bu narazılığı nəinki səngidib, əksinə daha da şiddətləndirməkdədir.

Saatlı camaatı deyir ki, icra başçısı Siracəddin Cabbarovun indiyə qədər apardığı siyasət onlarda yetərli qədər narazılıq yaradıb. Özbaşınalıq, korrupsiya, yiyəsizlik, seldən əziyyət çəkmiş insanların saya salınmaması, onlar üçün vaxtında evlərin tikilməsi prosesinin reallaşdırılmaması və digər məsələlər əhalidə icra başçısına qarşı inamı sıradan çıxarmaqla bərabər, həm də ona qarşı etirazların artmasına gətirib çıxarıb. Onlar deyirlər ki, Cabbarovun seçki prosesinə müdaxilə etməsi isə odun üzərinə benzin tökülməsi effekti yaradıb. Yəni, bir tərəfdən sellə bağlı narazılıq, digər tərəfdən də namizədlərin «soyqırıma» məruz qoyulması bu hiddəti daha da alovlandıracaq.

Saatlıdan günboyu aldığımız məlumatda vurğulanır ki, hal hazırda rayonun bütün kəndlərində mitinqə çağırışlar səsləndirilir. Həmçinin əhali arasında geniş təbliğat aparılır ki, etiraz aksiyasına qatılsınlar. Bu məqsədlə həftə ərzində davamlı etiraz aksiyaları keçirmək istəyən insanlar hesab edirlər ki, Siracəddin Cabbarov vəzifədə olduğu müddətdə bəlkə də ən böyük səhvini seçki dövründə edib və bu da ona baha başa gələ bilər.

Ancaq bununla yanaşı rayonda başqa proseslər də cərəyan etməkdədir. Belə ki, Cabbarov rayondakı vəziyyətin nəzarətdən çıxmasına imkan verməmək üçün qonşu rayonlardan əlavə polis qüvvəsi istəyib. Məlumatlarda deyilir ki, icra başçısı bu məqsədlə öz müavinlərindən birini Kürdəmir və Sabirabada göndərib. Xəbərdə bildirilir ki, Sabirabad polisi bu məsələdə onlara yardımçı ola bilməyəcəyini çatdırıb. Səbəb kimi isə rayonda vəziyyətin heç də yaxşı olmadığı göstərilib. Kürdəmir polisi isə aksiyalar başlayan kimi, Saatlıya göndəriləcək.