BolgeXeber.Com » Siyasət » Tahir Kərimli siyasi biznesə keçib

Tahir Kərimli siyasi biznesə keçib

13-10-2010, 03:50
Oxunub: 6 633

Vəhdət sədrinin dairəsini 200 min manata güzəştə getdiyi bildirilir

Vəhdət Partiyasının sədri Tahir Kərimli qəflətən namizəd olduğu dairəni dəyişib. Qeyd edək ki, Vəhdət lideri 87 saylı İsmayıllı dairəsindən irəli sürmüşdü. Seçki kampaniyasının təşviqat mərhələsinə az müddət qalmış Tahir bəy qəflətən dairəsini dəyişib. Siyasi müşahidəçilər Vəhdət sədrinin bu addımına müxtəlif cür yanaşırlar. Bəziləri hesab edir ki, Tahir Kərimli daha əlverişli dairəni seçib, ona görə İsmayıllıdan 85 saylı Şamaxı dairəsinə gedib. Amma bu, həqiqətə uyğun deyil. Tahir Kərimli İsmayıllı rayonunda anadan olub, orada prokuror işləyib. Xalq hərəkatında da həmin vəzifədə işləyə-işləyə tanınıb. Onu İsmayıllıda tanıyırlar, orada müəyyən qədər də tərəfdarı da var. Tahir Kərimlini Şamaxıda ümumiyyətlə qəbul edən yoxdur. Tahir Kərimli mətbuata açıqlamasında bildirib ki, onun İsmayıllıdan Şamaxıya keçidi yalnız sosial baza faktoru ilə bağlıdır.

Beləki Vəhdətin Şamaxıda güclü təşkilatı varmış. Amma Vəhdət Partiyasını yaxından tanıyanlar deyir ki, Tahir Kərimlinin Şamaxıda heç zaman güclü tərəfdarı, təşkilatı olmayıb. O zaman ortaya şübhəli suallar çıxır? Tahir Kərimli 87 saylı dairəni kimə və nəyə güzəştə gedib? Qeyd edək ki, 87 saylı dairədən ən şanslı namizəd kimi Ərəstun Orucovun adı çəkilir. Uzun müddət Bakıdakı Mərkəzi Univermağa rəhbərlik etmiş Ərəstun müəlliminin kifayət qədər kapitalı olmamış deyil. Tahir Kərimli kimi siyasi oyunçunun, beznesmeninin isə belə "əlverişli opponent"lə danışıqlara getməsi, razılığa gəlməsi gözlənilməz deyil. Müxalifətə yaxın "Bizim yol" qəzeti iddia edir ki, Vəhdət sədri 87 saylı İsmayıllı dairəsini 85 saylı Şamaxı dairəsinə 200 min manat müqabilində güzəştə gedib. Üstəlik Vəhdət Partiyasına şəhərin mərkəzində (Bəşir Səfəroğlu 103) geniş qərargah verilib. Təbii ki, qəzetlərə açıqlamasında Tahir bəy bunları təkzib edərək bildirib ki, onun barəsində yazılanlar həqiqəti əks etdirmir. Amma fakt ortadadır. Vəhdət sədrinin birdən-birə güzəşt etməsi başqa hansı səbəbdən ola bilər ki? Üstəlik təzə qərargah söhbəti də təkzib olunmur. Əksinə, Tahir Kərimli bildirib ki, təzə qərargah alıblar və yaxın vaxtlarda köçəcəklər. Qərargahın təmirsiz olduğunu bildirən VP sədri seçkidən sonra təmirə başlayacaqlarını bildirib.

Tahir Kərimlinin pul müqabilində dairəsini dəyişməsini sədrin məntiqsiz davranışlarına etiraz olaraq Vəhdətdən bu yaxınlarda istefa vermiş mənbə də dolayısı ilə təsdiqləyib: "Vallah, Tahir bəy kimdən nə qədər aldığını heç zaman söyləməz. Bir dəki bu partiya işi deyil, onun şəxsi məsələsidir. Partiyanın ona "dairəni dəyişmə" deməyə haqqı yoxdur. Amma bu bir faktdır ki, parlament seçkilərinə ümidlə yanaşan, "bəlkə bu il bizə mandat verdilər" deyən Tahir bəy son zamanlar seçkilərə önəm vermir. Bizim Ağsu-İsmayıllıda rayon təşkilatlarımız fəaldır. Şamaxıda Vəhdətin gücü zəifdir və Vəhdət Partiyasını dağıtdığından ona münasibət birmənalı deyil. Tahir Kərimli birdən-birə dairəsini özü üçün əlverişsiz yerə dəyişibsə, deməli nəsə var".

Beləliklə, Tahir Kərimli Vəhdət Partiyasının son resurslarını da xərcləməkdədir. Onun siyasi biznesə girişərək partiyasının maraqlarını şəxsi mənafeyinə qurban verməsi ciddi fəsadlar verəcək.