BolgeXeber.Com » Siyasət » Seçiciləri Fərhad Qəribovu boykot edib

Seçiciləri Fərhad Qəribovu boykot edib

15-10-2010, 03:55
Oxunub: 3 114

Bankir deputatın işi çətinə düşüb

Parlament seçkilərinin yaxınlaşması 5 ildir ki, deputat mandatı daşıyıb lakin ortalıqda görünməyən bir sıra millət vəkillərinin işini çətinə salıb. Mandat daşıdığı müddətdə yalnız fəaliyyətsizliyi ilə yadda qalan bu şəxslərin yenidən deputatlığa namizədliklərini irəli sürməsi, onların seçicilərinin ciddi narazılığına səbəb olub. Belə deputatlardan biri də 57 saylı Kürdəmir seçki dairəsindən millət vəkili Fərhad Qəribovdur.

”Bolgexeber” qaynar.info-ya istinadən xəbər verir ki, deputat olduğu 5 il ərzində adı müxtəlif qalmaqallarda hallanan Qəribovun indi də seçiciləri tərəfindən boykot edildiyi xəbəri yayılıb.Belə ki, Kürdəmirin Yenikənd, Qarasaqqalı, Atakişili, Dayıkazımlı, Şilyan və bir sıra digər kəndlərindən aldığımız məlumatlar Fərhad Qəribovun bu seçkilərdə işinin çətin olacağını deməyə əsas verir.

Çünki sözü gedən kəndlərin sakinləri deputatın 5 illik fəaliyyətsizliyindən beziblər. Və bu dəfə ona səs vermək niyyətində deyillər: " 5 il ərzində cəmi bir neçə dəfə Fərhad Qəribovun üzünü görmüşük ki, o da rəsmi və xeyir-şər mərasimlərinə təsadüf edib. Ona etdiyimiz bütün müraciətlər ya cavabsız ya da nəticəsiz qalıb. Milli məclisdə dəfələrlə qəbuluna düşmək istəsək də bizi qəbul etməyib. Adını yalnız qəzetlərdə qalmaqallı məsələlərdən eşitmişik. Bir neçə həftə qabaq adamları imza toplamaq üçün bu yanlara gəlmişdi. Yaxın qohum-tanışlarından başqa ona heç kim imza vermədi. Heç seçkidə də ona səs verməyəcəyik".

Sakinlərin bir qismi isə deputatdan onun namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasına şikayət edəcəklərini dedilər.

Deputatın 5 illik fəaliyyəti ilə bağlı dünyanın ən böyük axtarış sistemlərindən olan "Google" axtarışlarımızın da nəticəsi belə oldu: "Deputat Fərhad Qəribov oğlunun adı keçən cinayətdən danışdı"; " Oliqarx deputatın əmlakı girovluqda "; "Deputat "qan pulu" verməkdən imtina edir"; "Deputatın oğlundan generala şikayət etdilər";"Fərhad Qəribov kükrədi"; " Deputatın bankı bonkrot oldu" və s.

Məsələ ilə bağlı deputatın mövqeyini öyrənmək üçün onun mətbuata bəlli olan nömrələrinə dəfələrlə zəng etsək də, telefonunun bağlı olması səbəbindən millət vəkili ilə danışa bilmədik. Görünür Fərhad Qəribov təkcə seçicilərindən deyil, həm də jurnalistlərdən qaçaq düşüb.