BolgeXeber.Com » Siyasət » «Xocalı soyqırımı insanlığın faciəsidir»

«Xocalı soyqırımı insanlığın faciəsidir»

22-02-2012, 09:50
Oxunub: 4 470 Nəriman Əliyev: «Separatçılıq hərəkatının başında duranlar isə Robert Koçaryan və Serj Sarkisyan olub»

«Xocalıda baş vermiş faciə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımdır. Bu erməni vandallığının və düşmənçiliyinin bariz nümunəsidir. Bu təkcə Azərbaycan xalqının deyil, həmçinin insanlığın faciəsidir». Bu sözləri deputat Nəriman Əliyev deyib.

O, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımının heç bir zaman unudulmadığını qeyd edib. Hər il istər ölkədə, istərsə də xaricdə keçirilən tədbirlərin əhəmiyyətli məsələ olduğunu vurğulayan deputat bildirib ki, bu səylərin davam etdirilməsi mühümdür. Onun sözlərinə görə, artıq bu tədbirlər sayəsində dünyanın iki ölkəsi Xocalı faciəsini soyqırım olaraq tanıyıb. «Meksika parlamenti və Pakistan Senatı Xocalıda baş verənləri soyqırım olaraq tanıyan sənəd qəbul ediblər. Hər iki ölkənin parlamenti soyqırım törətmiş cinayətkarların tapılaraq, cəzalandırılmasını tələb edirlər. Bu, Azərbaycan dövlətinin, onun rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir».

Nəriman Əliyev daha sonra bəyan edib ki, ermənilərin törətdiyi bütün cinayətlər araşdırılır və sənədləşdirilir. O qeyd edib ki, dünya ictimaiyyətinin əksər hissəsi Xocalı soyqırımı törədilən zaman sovet ordusunun gücündən və Dağlıq Qarabağda olan bir qrup separatçıdan istifadə olunmasını bilir. «Separatçılıq hərəkatının başında duranlar isə Robert Koçaryan və Serj Sarkisyan olub. Bu cinayətləri sübuta yetirmək üçün kifayət qədər faktlar sənədləşdirilir. Sənədləşmə başa çatdıqdan sonra cinayətkarların cəzalandırılması üçün beynəlxalq səviyyədə müraciət etmək olar. Hesab edirik ki, hüquq mühafizə orqanları bu işin öhdəsindən gələcəklər».

Millət vəkili sonda bildirib ki, xaricdə Azərbaycan xalqının ermənilər tərəfindən soyqırıma məruz qalması ilə bağlı təbliğat işlərini gücləndirmək lazımdır. O qeyd edib ki, bunun üçün gərəkən bütün addımlar atılmalıdır. «Azərbaycan iqtidarının, onun başında dayanan cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi siyasətimizin əsas prioritetidir. Bu gün Xocalı soyqırımının dünyaya tanıdılması da həmin siyasətin tərkib hissəsidir. Ona görə də, hər bir dövlət məmuru, deputat və vətəndaş bu istiqamətdə səylərini artırmalıdır».