BolgeXeber.Com » Siyasət » ABŞ-ın Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul edib

ABŞ-ın Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul edib

28-02-2012, 12:05
Oxunub: 2 185 “Prezident Serj Sərkisyan bu qətliamı “stereotipləri qırmaq üçün qisas aktı” adlandırdığı halda, Ermənistan bu faciəyə görə məsuliyyəti rəsmən inkar edir”

Nyu-Cersi ştatından sonra Corciya ştatı da Xocalı qətliamı ilə bağlı qətnamə qəbul edib. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ştatın Nümayəndələr Palatasında 1594 saylı qətnamə Azərbaycan və türk diasporunun həyata keçirdiyi güclü kampaniya nəticəsində qəbul edilib.

ABŞ qanunvericilik tarixində ilk dəfə olaraq bu qətnamədə Ermənistan prezidenti Serj Sərkisyanın adı qətliamla bağlı çəkilir.

“1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı Azərbaycanın Xocalı şəhərinə hücum edərək sakinləri vəhşicəsinə qətlə yetirib, 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 yaşlı adam qətlə yetirilib, yüzlərlə adam itkin düşüb, 1000 nəfər əlilə çevrilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib, 150-dən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib”, - deyə qətnamədə bildirilir.

Sənəddə qeyd olunur ki, prezident Serj Sərkisyan bu qətliamı “stereotipləri qırmaq” üçün qisas aktı adlandırdığı halda, Ermənistan bu faciəyə görə məsuliyyəti rəsmən inkar edir.

“1992-ci ildə törədilmiş Xocalı qətliamı beynəlxalq səviyyədə tanınmayıb, bu faciənin qurbanlarının tanınması və xatırlanması lazımdır. Ona görə də Nümayəndələr Palatası qərara alır ki, Xocalı qətliamının 20-ci ildönümündə bu qurumun üzvləri qətliamın qurbanlarını xatırlayanlara qoşulsun və bununla bağlı dərin təəssüf hissi keçirdiklərini bildirsin. Qərara əsasən, Nümayəndələr Palatasının Katibi bu qətnamənin nüsxəsini ictimaiyyətə və mətbuata göndərməlidir”.