BolgeXeber.Com » Siyasət » Quba hadisələrində Vahid Əhmədov izi

Quba hadisələrində Vahid Əhmədov izi

2-05-2012, 00:25
Oxunub: 5 621 Deputatın dostunu həbs etdirən icra başçısından qisas almaq üçün bu olayları təşkil etdiyi deyilir


Quba hadisələrin üzərindən bir xeyli vaxt keçməsinə baxmayaraq, hələ də müəmmalı qalan bəzi məsələlər var. İndiyə qədər istintaq orqanlarının həbs etdiyi şəxslərin əksəriyyəti rayonda iğtişaş törətməkdə təqsirli bilirlər. Lakin onların arasında bu işdə əli olmayanlar da var.

Hadisənin hansı səbəbdən və nə üçün baş verdiyinə dair isə günlər keçdikcə daha maraqlı məlumatlar ortaya çıxır. Məlum olur ki, Qubanın keçmiş icra başçısı Rauf Həbibovun işlətdiyi ifadələrin həqiqətən də böyük bir qismi montaj olunub. Və montaj edənlər də bu işi xüsusi tapşırıq əsasında həyata keçiriblər. Proses ötən ilin noyabrından başlasa da, hərəkət günü olaraq martın 1-i seçilib.

Qubadakı olayların baş verməsinin əsas nöqtəsi kimi, rayon bələdiyyəsinin sədri Elxan Əliyevin həbsi göstərilir. Maraqlı məqam odur ki, bu şəxs deputat Vahid Əhmədovun bir nömərli adamı olmaqla yanaşı, həm də onun yaxın dostu olub. E.Əliyevin Rauf Həbibovla yola getməməsini isə rayonda bilməyən yoxdur. Bunun başlıca səbəbi isə bələdiyyə sədrinin icra başçısının tapşırıqlarına məhəl qoymadan hərəkət etməsi göstərilir. Bu barədə məlumat verən mənbə bildirir ki, Elxan Əliyev Vahid Əhmədova çox güvənirmiş və bu səbəbdən də icra başçısı ilə hesablaşmırmış. Bundan başqa, onun saxlanılmasının ilk səbəbi saxta sənədlər əsasında torpaq alqı-satqıları həyata keçirmək olub ki, bununla bağlı istintaqın aparıldığı deyilir.

Mənbə deyir ki, Vahid Əhmədovun yardımı və dəstəyi ilə Qubanın bələdiyyə sədri olmuş Elxan Əliyevə Rauf Həbibov bir neçə dəfə xəbərdarlıq edib. Həmin xəbərdarlıq isə ondan ibarət olub ki, bələdiyyə sədri hərəkətlərinə son qoymalı və bir çox məsələlərdə İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə hərəkət etməlidir. Lakin sözügedən şəxs bu xəbərdarlığa əhəmiyyət vermədən bildiyini edib. Hətta o da iddia olunur ki, Qubada Elxan Əliyevin əliylə həyata keçirilən torpaq alverindən əldə olunan gəlirlərin bir qismi deputat Vahid Əhmədova çatıb.

Mənbələrin dediklərinə görə, E.Əliyevin həbsindən bərk qəzəblənən bunun əvəzini icra başçısı Rauf Həbibovdan çıxmaq üçün hərəkətə keçib. Ardından noyabrda məlum çıxış baş verib və bundan səmərəli istifadə edilib. Montaj olunmuş çıxışla rayon camaatını noyabrından etibarən proseslərə hazırlayan Əhmədov və onun adamları martın 1-də məlum olayları törətsələr də, onun təşkilatçılarının bir qismi həbs olundular.

Məlumatı verən mənbə qeyd edir ki, Vahid Əhmədovun bu işlərin içindən «təmiz» çıxmasının əsas səbəbkarı onu deputat seçdirən müdafiə naziri Səfər Əbiyev olub. Bildirilir ki, nazir hakimiyyət dairələri ilə deputatın mandat məsələsini razılaşdırdıqdan sonra onun Qubadan seçilməsinə yaşıl işıq yandırıb.

Noyabr ayından hazırlanan proseslər barədə yuxarı dairələrə heç bir məlumat verməyən və bunu qapalı şəkildə həyata keçirən Vahid Əhmədov hadisədən dərhal sonra Qubaya getməklə özünü sığortalamağa çalışıb. Üstəlik, deputat bütün müsahibələrində bəyan edir ki, rayona xüsusi tapşırıq əsasında gedib və gördüyü işlər də məhz prezidentə görə olub. İndi sual oluna bilər ki, hadisəni təşkil edib, istənilən nəticəni aldıqdan sonra Qubaya gedib-getməməyin nə faydası vardı? Və ya Vahid Əhmədov həqiqətən də prezidentə sadiq idisə, niyə bu olayların təşkilatçıları sırasında yer alıb? Hətta bu işdə əli olmasa belə, noyabr ayından etibarən start verilmiş proseslə bağlı məlumatı olduğu halda niyə rəsmi qurumlara məlumat verməmişdi?

P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.