BolgeXeber.Com » Siyasət » Rusiya Azərbaycandan əl çəkməyəcək

Rusiya Azərbaycandan əl çəkməyəcək

16-07-2012, 17:00
Oxunub: 4 187 Azərbaycan hakimiyyəti Rusiya prezidentinin Avrasiya Gömrük İttifaqına daxil olmaq təklifinə “yox” deyib. Bu barədə Bakının mövqeyini Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Avrasiya İqtisadi Komissiyasının gömrük əməkdaşlığı naziri Vladimir Qoşin ilə görüşdə bildirib. Qeyd edək ki, Gömrük İttifaqı MDB-yə daxil olan ölkələrdən Rusiya, Belarus və Qazaxıstandan ibarətdir. Bu ittifaqa daxil olan ölkələrin arasında vahid gömrük zonası mövcuddur. Rusiyanın yeni-köhnə prezidenti Vladimir Putin bu ittifaqın əsasında Avrasiya İqtisadi Birliyinin yaradılması ideyasını irəli sürüb və onu Kremlin MDB ölkələri üzrə siyasətinin əsas prioritetinə çevirib. Qərb analitikləri Putinin Avrasiya Birliyi ideyasını “SSRİ-nin bərpası cəhdi” adlandırır.

Azərbaycan hakimiyyətinin Rusiyaya “yox” cavabının nə qədər net olması məsələsinə yəqin ki, yaxın günlərdə aydınlıq gətiriləcək. Çünki görünən odur ki, Moskva bu ittifaqın reallaşmasında maraqlıdır. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyətinin Rusiyanın yeni ittifaqından imtina etməsi müsbət addım kimi qarşılana bilər. Çünki analitiklərin də qeyd etdiyi kimi, Putinin yeni planı köhnə ittifaq üzvlərini yenidən Moskvanın “çətiri altına” toplamağa xidmət edir. Bu isə Azərbaycan sərf etmir. Ancaq bir şey də aydındır ki, Putin bir “yox” cavabına görə, Azərbaycandan əlini çəkməyəcək, Bakıya təzyiq etməyə çalışacaq. Bəs Azərbaycan bu təzyiqlərə qarşı davam gətirə biləcəkmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Rusiyanın təzyiqinə davam gətirmək və bu ölkə ilə normal qonşuluq münasibətlərinə nail olmaq üçün rəsmi Bakının konkret siyasəti olmalıdır. Ancaq analitik hazırda Bakının belə bir siyasi kursunun olmadığını düşünür: “Məsələn, rəsmi Bakı bir tərəfdən Qəbələ RLS-dən doğru olaraq qurtulmaq istəyərkən, digər tərəfdən prezident Putinin Avrasiya İttifaqına sanki maraq göstərir. Təsadüfi deyil ki, Prezident Administrasiyası rəsmisi Novruz Məmmədovun ”biz başqa ittifaqlara da maraq göstəririk" dili ilə bir müddət öncə Qərbə mesaj yollayan Azərbaycan hakimiyyəti Rusiya siyasətini bir az daha qəlizləşdirdi".

E.Şahinoğlunun fikrincə, hələlik rəsmi Bakı Avrasiya İttifaqı ilə bağlı konkret mövqeyini yuxarı səviyyədə açıqlamadığı üçün güman ki, Moskvanın Bakıya təzyiqləri davam edəcək. Eyni zamanda ekspertə görə hökumətin bu məsələni uzatması da suallar doğurur. E.Şahinoğlu düşünür ki, Bakının tərəddüdünün Moskavnı qıcıqlandırmamaq məqsədi güdməsi ola bilər: “Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Dağlqı Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın Ermənistanla iqtisadi inteqrasiyada iştirakı mümkün deyil. Avrasiya İttifaqı isə Avropa Birliyinə bənzər üzv dövlətlər arasında iqtisadi və siyasi inteqrasiyanı nəzərdə tutlduğundan Azərbaycan Ermənistanla bir məkanda olacaq. Demək bu elə İlham Əliyevin açıqladığı prinsipə ziddir. Buna baxmayaraq, Moskvaya birmənalı ”yox" da ona görə demirlər ki, Rusiya ilə özlərinin adlandırdığı “strateji tərəfdaşlıq” zərər görməsin. Ancaq rəsmi Bakı bu “yoxu” diplomatik dillə demədiyindən Azərbaycanın təhlükəsizliyini daha mürəkkəb vəziyyətə sürükləyir. Çünki, Putin və onun əttrafı durmadan Azərbaycana təzyiqi artırırlar".

Həmsöhbətimin fikrincə, Bakıya təzyiqlər davam edəcək və çox güman ki, Azərbaycan xarici siyasətini, daha dəqiqi Avrasiya İttifaqı ilə bağlı mövqeyini konkretləşdirənə qədər davam edəcək.

"Yeni Müsavat"