BolgeXeber.Com » Siyasət » Kütləvi dava deputatın çayxanasında düşübmüş

Kütləvi dava deputatın çayxanasında düşübmüş

25-07-2012, 12:15
Oxunub: 5 449 İki oliqarxın qoçuları Adil Əliyevin obyektində dalaşıb

“Yeni Müsavat”ın 24 iyul tarixli sayında iki nüfuzlu məmurun qoçu dəstələri arasındakı dəhşətli və qanlı “razborka” barədə yazı dərc olunmuşdu. “İki oliqarxın adamları arasında kütləvi dava” başlıqlı yazıda deyilirdi ki, bu yaxınlarda ARDNŞ və AFFA prezidenti Rövnəq Abdullayevlə nəqliyyat naziri Ziya Məmmədovun qeyri-rəsmi “mühafizə batalyonları” paytaxtdakı çayxanaların birində üz-üzə gəlib. Hər iki tərəfdən 100-dək idmançının qatıldığı əlbəyaxa qanlı davada ağır yaralananlar olub.

Dünən redaksiyamıza bununla bağlı maraqlı bir məlumat daxil olub. Həmin xəbərdə deyilir ki, davanın baş verdiyi çayxana iqtidar deputatlarından birinə məxsusdur. Qaynağımız bunları bildirib: “Yazıda həmin insidentin Azadlıq prospektində, ”Neftçi"nin köhnə bazasının ərazisindəki çayxanada baş verdiyi deyilir. Bu bazanın isə hazırda “Milli olimpiya komandalarının təlim-məşq bazası” adlandığı vurğulanır. Deyilir ki, bu məkanda məşhur bir çayxana var, ora da adətən idmançılar yığışır. Dava-dalaşın olması barədə yazılanlar tam düzgün olsa da əlbəyaxa döyüşün baş verdiyi məkanla bağlı cüzi yanlışlığa yol verilib. Dəqiqləşmə aparmağa ehtiyac vardı. Həmin çayxana deputat Adil Əliyevə məxsusdur. Ora doğrudan da idmançılar tez-tez yığışır. Axı Adil Əliyev özü də idmançıdır. Buna görə də ona məxsus obyektdə idmançıları tez-tez görmək olar. Rövnəq Abdullayevə məxsus olan “Neftçi” və Ziya Məmmədovun nəzarətindəki “Bakı” futbol klublarının üzvləri, habelə onların mühafizə xidmətlərinin əməkdaşları da müntəzəm olaraq həmin çayxanaya gedirlər. Dava da bu görüşlərin birində baş verib".

Bu xəbərə Adil Əliyevin özünün də münasibətini öyrənmək üçün deputata telefon açdıq. Amma onun bizə məlum olan mobil nömrəsinə zəng çatmadı. Buna baxmayaraq, hörmətli deputatın mövqeyini dərc etməyə hazırıq.