BolgeXeber.Com » Siyasət » Əsəd getsə, kürdlər də pay alacaq?

Əsəd getsə, kürdlər də pay alacaq?

25-07-2012, 23:45
Oxunub: 5 561 Politoloq: "Kürdlər Bəşər Əsəddən sonrakı Suriyadan öz paylarını almaq istəyirlər"

Suriyada prezident Bəşər Əsədə sadiq ordu bölmələri və müxalif Suriya Azadlıq Ordusu arasında Dəməşq və Hələbdə qanlı döyüşlər getdiyi bir vaxtda kürd silahlı qruplaşmaları ölkənin şimalında bir çox şəhəri nəzarətə götürməkdə davam edir. Hətta İraqdakı muxtariyyyətdən sonra kürdlərin Suriyada da buna nail olacağı deyilir.

Publika.Az-a açıqlamasında politoloq Elman Nəsirli bildirib ki, İraq və Suriya məsələləri ilə bağlı fərqli situasiya yarandığı üçün bu o qədər real deyil.

Onun fikrincə, Suriya məsələsində önəmli faktor olan Türkiyə İraqa müdaxilə öncəsi tamamilə fərqli mövqe tutmuşdu:

"Bəşər Əsədin Qərbdən, xüsusən Türkiyədən gələn təzyiqlər fonunda əks- təsir elementi kimi kürd faktorundan istifadə edəcəyi, hətta kürdlərin Bəşər Əsədlə əməkdaşlığı ilə bağlı məlumatlar yayılmışdı. İndi isə fərqli bir müstəvidə proseslər cərəyan etməyə başlayıb. Bəşər Əsəd ətrafında həlqə daraldıqca kürdlərin ona qarşı vuruşması göstərir ki, indiki şəraitdə rejimi devirməyə çalışan qüvvələr istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazırdırlar.

Hadisələrin belə inkişafı heç bir halda Türkiyəni narahat etməyə bilməz. Bundan sonra rəsmi Ankara kürd amilini daha çox qabardacaq və hadisələrin İraqdakı ssenari ilə inkişaf etməməsinə çalışacaq. Çünki, İraqın şimalında faktiki olaraq kürdlərin dövləti formalaşıb, ikincisinin yaranmasına isə heç bir halda Türkiyə razı olmaz.

Qərb də Türkiyənin cənubunda növbəti bir kürd anklavının yaranmasına imkan verməz. Çünki bu Türkiyə-Suriya münasibətlərində ciddi problemlərə səbəb ola bilər. Türkiyə İraq məsələsində Qərbi narazı salacaq addımlar atdı, koalisiya qüvvələrinə öz ərazisindən keçməyə imkan vermədi. Amma indiki halda Türkiyə Suriya məsələsində daha öndədir".

Elman Nəsirli hesab edir ki, hadisələrin bu cür inkişafı Türkiyə üçün gözlənilməz olmamalı idi:

"Hadisələrin belə inkişafı prinsip etibarilə mümkün idi. Bəşər Əsədin Türkiyənin məlum təzyiqlərinə cavab olaraq kürdlərin muxtariyy inə razılıq verəcəyi məsələsi aktuallaşmışdı. Sadəcə, Bəşər Əsədin devrilməsi son dərəcə real səslənir və kürdlər də real situasiyadan çıxış edərək, öz addımlarında düzəliş ediblər. Bəşər Əsədlə danışıqlara getmirlər, onu tərəf kimi qəbul etmirlər, onun əleyhdarı olan qüvvələrlə Bəşər Əsəddən sonrakı Suriyada öz paylarını almaq istəyirlər".

Ekspertlər tərəfindən zaman-zaman belə fikirlər səsləndirib ki, İrana ehtimal olunan hərbi müdaxilə bu ölkədə də kürd problemini aktuallaşdıra bilər. Hətta bu ölkənin bir neçə yerə parçalanacağı və bu ərazilərdən birinin kürdlərin nəzarətinə veriləcəyi ilə bağlı mülahizələr irəli sürülür.

Hədəf seçilmiş qüvvəyə qarşı kürdlərdən qüvvə kimi istifadə olunduğunu deyən politoloq, bununla belə İrandakı kürd muxtariyyətindən sonra Qərbin nə Suriyada, nə də İranda eyni addımı atacağını düşünür:

"Kürdlərə ən böyük güzəşt İraq ərazisində edilib. İraqda kürdlərə verilən güzəştlərin digər ölkələrdə verilməsi mümkün deyil. Bu baş verərsə, regionda qüvvələr balansı son dərəcə pozulmuş olar. Kürd kartından istifadə oluna və onlara müxtəlif vədlər verilə bilər. Amma bu o demək deyil ki, İraqdan sonra Suriya və İranda da kürd muxtariyyəti yaranacaq".