BolgeXeber.Com » Siyasət » Rusiya Qarabağa müdaxilə etsə...

Rusiya Qarabağa müdaxilə etsə...

11-08-2012, 18:15
Oxunub: 4 441 Ərəstun Baxşəliyev: “Rusiya Qarabağa müdaxilə etsə,Türkiyə ilə üz-üzə gələcək”.
Rusiyanın Gürcüstana ikincinin ərazilərinin işğalı ilə bitən hərbi təcavüzündən (“5 günlük müharibə”) 4 il ötdü.

İldönüm günü Rusiyanın hazırkı prezidenti, o zaman isə baş nazir postu tutmuş Vladimir Putin sensasion etiraf edib. Putin deyib ki, Gürcüstana müdaxilə şəxsən onun iradəsi əsasında olub və əməliyyata da iki il qabaqdan – 2006-cı ildən hazırlıqlar görülüb. Sitat: “Sirr deyil ki, plan var idi və biz o plan çərçivəsində hərəkət edirdik. Bu plan Baş Qərargah tərəfindən 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində hazırlanmış və mənimlə razılaşdırılmışdı”.
Məsələ ilə bağlı danışan politoloq Ərəstun Baxşəliyev bildirdi ki, Putinin öz etirafını Ermənistan prezidenti Serj Sərqsyanla Moskvada keçirdiyi görüşdən sonra səsləndirməsi təsadüfi deyil və Cənubi Qafqazda Rusiyanın hegemonluğunu təsdiqləmək baxımından rəmzi məna daşıyır. “Təbii ki, bu açıqlamada Azərbaycana yönələn hədə xarakterli mesaj da var. Rusiya prezidenti başqa bir dövlətin daxili işlərinə müdaxilə etməsini bu cür əsaslandırırsa, Rusiyanın regionda imperialist maraqlarının daim qüvvədə olacağına işarə edir. Rusiyanın münaqişələri nəzarətdə saxlamaqla regiondan sıxışdırılıb çıxarılmasını önləmək istəyir. Davamlı olaraq Rusiya mətbuatında bu tip məlumatlara, açıqlamalara rast gəlirik. Eyni münasibət Qarabağ münaqişəsində də özünü göstərir və Rusiya öz hərəkətləri ilə Azərbaycanı bir növ şantaj edir. Bir müddət əvvəl KTMT-nin baş katibi Nikolay Bordyujanın da açıqlamalarında Azərbaycana qarşı hədə xarakterli mesajlar var idi”, – deyə politoloq qeyd etdi. O bildirdi ki, Azərbaycanın Qəbələ RLS və Avrasiya Gömük İttifaqı məsələsində Rusiyaya güzəştə getməməsi Putin hakimiyyətini qəzəbləndirib, əlində olan son rıçaqdan – Qarabağ münaqişəsindən istifadə etməyə çalışır.
“Lakin hesab edirəm ki, Rusiyanın bu hədə xarakterli bəyanatları beynəlxalq ictimaiyyəti də narahat edir və böyük dövlətlər Rusiyanın Azərbaycan ərazilərinə də qoşun yeritməsinə mane olacaqlar. Ümumiyyətlə, Qərb Rusiya ilə ciddi qarşıdurma yaşamamaq üçün münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfindən çıxış edir. Lakin bu da bir müddət olacaq və Rusiyanın regiondakı sütunları daha da zəiflədikdə, Qərbdən daha qətiyyətli mövqe görə biləcəyik. Buna baxmayaraq, dünya birliyinin regiondakı Rusiya ağalığına daha çox seyrçi qalacağını hesab etmirəm”.
Ə.Baxşəliyev əlavə etdi ki, Abxaziya və Cənubi Osetiya məsələsi bir çox hallarda elə Rusiya mənbələri tərəfindən Dağlıq Qarabağ münaqişəsi üçün presedent kimi göstərilsə də, bu münaqişələr arasında mahiyyətcə böyük fərq mövcuddur.
“Azərbaycan Qərb üçün kifayət qədər strateji əhəmiyyətə malik ölkədir və onun ərazilərinə Rusiya qoşunlarının soxulması dünyada daha sərt qarşılana bilər. Digər tərəfdən, Rusiya tərəfi yaxşı bilir ki, əgər Qarabağda rus qoşunları peyda olsa, Türkiyə də münaqişəyə cəlb olunacaq və Rusiya dolayısı yolla NATO ilə üz-üzə gəlməli olacaq. Azərbaycan öz torpaqlarını silah gücüylə təkbaşına qaytarmağa malikdir və Qarabağ münaqişəsinə hərbi müdaxilə Gürcüstan müharibəsindən fərqli olaraq, reallıqdan daha uzaq, daha müşkül bir məsələdir. Düşünürəm ki, Putinin bəyanatları sırf qorxu instiktindən doğur. O, regiondakı hegemonluğunu itirməmək naminə bu cür açıqlamalarla çıxış edir. Şübhəsiz ki, Qafqaz Rusiya üçün vacibdir, amma bu heç də o demək deyil ki, Rusiya istənilən halda Azərbaycana təsir edə bilər. O, ikibaşlı açıqlamalarla öz narahatlığını da dilə gətirir”, – deyə politoloq əlavə etdi./merkez.az