BolgeXeber.Com » Siyasət » Tamerlan Qarayev ilginc açıqlamalar verdi

Tamerlan Qarayev ilginc açıqlamalar verdi

6-09-2012, 18:50
Oxunub: 4 371
[justify]Səfir Xocalı soyqırımında günahlandırılması, təyyarə qəzasından qurtulması, oğlunun işdən çıxarılması barədə danışdı
Bir neçə gündür ki, vətəndə olan Azərbaycanın İndoneziya, Sinqapur, Filippin və Timur Lestedə fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev aznews.az saytına müsahibə verib. T.Qarayev məzuniyyətdə olduğu barədə mətbuatda yazılanları təkzib edib. “Onlar (qəzetlər-red.) nə istəyir yazsınlar. Mən heç kimə gəlişimin səbəbi ilə bağlı müsahibə verməmişəm. Ümumiyyətlə, uzun illərdir heç kimə müsahibə vermirəm” deyə, səfir bildirib. T.Qarayev əlavə edib ki, Bakıya gəlişində məqsəd həm də səfirlərin toplantısında iştirak etməkdir: “Hər 2 ildən bir Azərbaycanın səfirləri cənab prezidentlə görüşə yığışır. Amma hazırda ezamiyyətdəyəm. Ölkəmizə sentyabrın ortalarında İndoneziyanın iqtisadi kooperasiya nazirinin səfəri gözlənilir. Burda sənədlər, müqavilələr hazırlanmalıdır. Üstəlik, prezidentimizin də noyabrın sonunda İndoneziyaya səfəri olacaq”.

Səfir Azərbaycana bir həftəlik gəldiyi haqda yazılanları da təkzib edib: “Hələ ayın sonuna qədər burdayam”. Sonuncu dəfə Bakıda yanvarda olduğunu deyən T.Qarayev bura qısa müddətli gəldiyi üçün gəzib-dolaşmağa vaxtının olmadığını, odur ki, şəhəri yaxşı tanımadığını deyib: “Mən maşını özüm idarə edirəm və küçələri təxminən bilirəm. Yollar çox qarışıb. Xüsusən nəqliyyat yolu mənim üçün daha da mürəkkəbləşib. Bakı tamam başqa şəhər olub. Mən mətbuatda köhnə Bakı ilə bağlı deyilənləri oxuyuram. Amma mən bakılı olmamışam axı. Ağdamda doğulmuşam. Bakıya universitetə qəbul olanda gəlmişəm. Ona görə də Bakı inkişaf etdikcə mənim çox xoşuma gəlir".

Barəsində yazılanlar haqda danışan T.Qarayev oğlunun Xarici İşlər Nazirliyindən çıxarılması barədə yazılanlara da reaksiya verib və mətbuatın bunu gündəmə gətirməsini özü üçün gözlənilməz sayıb: “Görmədiniz gəlişimdən də yazdılar. Nə maraqlı, nə qeyri-adi hal var ki, bunu gündəmə çıxarırlar? Mənim üçün də maraqlıdır”. “Deyirlər, sizin səfir getməyiniz hansısa bəlalardan qurtuluş yolu oldu. Doğrudurmu” sualın T.Qarayev “Mənim üzərimdə elə bir bəla yox idi ki, xilas edələr” cavabını verib.

O, Milli Məclisdə qəbul olunan Xocalı soyqırımı ilə bağlı aktda adının günahlandırılanlar sırasında olmasını təsdiqləyib: “Bəli, belə bir şey var idi. Mən Çində idim onda. O vaxt buna reaksiya vermişdim. Əslində, o məsələlərdə günahkar olanları məsuliyyətə cəlb eləmək lazımdır.

Ümumiyyətlə, kimliyindən asılı olmayaraq istər səfir, istər qeyri səfir, istər dövlət başçısı olsun, günahkarı məsuliyyətə cəlb etmək lazımdır. Ancaq məni heç vaxt məhkəməyə çağırmayıblar. Bunları boş danışıq sayıram. Bu, daha çox siyasi xarakter daşıyırdı".

Adının Xocalı faciəsində hallandırılması barədə T.Qarayev daha sonra bunları deyib: “Düzü, mən heç vaxt Xocalıda olmamışam. O zaman Ağdamın deputatı kimi Xocalıya yox, Ağdama getmişəm ki, oradakı vəziyyəti öyrənim. Ağır zamanda seçicilərimin yanında olmaq istəmişdim. Mən o vaxt helikoptedəki heyətlə getmişdim Ağdama. Və bir neçə rəsmi şəxs orada qalmalı olduq. Ora silah gətirəcəkdilər. Qorxurdular, vəziyyət çox qarışmışdı. Qorxurdular ki, silahları alıb paylayarlar. O vaxt da mənim seçicilərimin arasında nüfuzum çox yüksək olduğuna görə xahiş etdilər ki, Ağdamda qalım. O silahları mən Ağdamda qarşılayıb, general Dadaş Rzayevlə birgə Qarabağdakı özünümüdafiə dəstələrinə payladım”.

Adının ləkələnməsi üçün çalışmaların olduğunu deyən T.Qarayev daha sonra deyib: “Əsas odur ki, Tamerlan Qarayev var. Bu gün də dövləti üçün çalışır və Azərbaycan üçün hər şeyindən keçməyə hazırdır”.
[/justify]