Putin Bakı və Ankaraya niyə gəlmədi?
11-10-2012, 16:05
Oxunub: 6 926
Rusiya prezidentinin səfəri ilə bağlı bəzi maraqlı məqamlar var, Türkiyə tərəfi ilə anlaşılmayan məsələlərin müzakirəsi noyabra saxlanılıb
Rusiya prezidenti Vladimir Putinin İstanbula səfəri təxirə salınıb. “Hürriyet” qəzetinin xəbərinə görə, Putin oktyabrın 9-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edərək iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının oktyabrın 15-də İstanbulda keçirilməsi planlaşdırılan toplantısına qatıla bilməyəcəyini çatdırıb. Xəbərə görə, Putin toplantının noyabr ayına təxirə salınmasını istəyib.
Bundan əvvəl Türkiyə mətbuatı Putinin İstanbul toplantısından sonra baş nazir Ərdoğanla birgə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) oktyabrın 16-da Bakıda keçiriləcək sammitinə qatılmaq üçün Azərbaycana səfər edəcəyinin gözlənildiyini xəbər vermişdi. Lakin indi Putinin İstanbula səfəri təxirə düşdüyü üçün onun Bakıya gözlənilən səfərinin də baş tutmayacağı qətiləşir. Belə ki, Rusiya prezidenti Ərdoğanla telefon danışığında “həmin günlərdə iş qrafikinin çox sıx olduğunu” və bu üzdən Türkiyəyə səfər edə bilməyəcəyini çatdırıb.
Bildirilir ki, Türkiyə baş naziri Putinin toplantının təxirə salınması ilə bağlı xahişini müsbət cavablandırıb, bildirib ki, toplantı üçün yeni uyğun tarix müəyyənləşdiriləcək və Rusiya tərəfinə çatdırılacaq. Xəbərə görə, telefon söhbəti zamanı Putin Suriya ordusunun atdığı artilleriya mərmisinin partlaması nəticəsində Türkiyənin həmsərhəd Akçakala qəsəbəsində 5 mülki şəxsin həlak olmasından məyusluğunu da Ərdoğana çatdırıb. O, ölənlərin ailələrinə başsağlığı verib. Ərdoğan isə Putinin oktyabrın 7-də qeyd etdiyi 60 illik yubileyini təbrik edib. Rusiya prezidentinin administrasiyası Putinin Türkiyəyə və daha sonra Azərbaycana gözlənilən səfərinin təxirə salınması ilə bağlı hələlik rəsmi məlumat yaymayıb. Lakin Kremlin rəsmi saytında ümumiyyətlə Putinin Azərbaycana səfərinin nəzərdə tutulduğu barədə hər hansı qeydə rast gəlinmir.
Qəzetin yazdığına görə, Türkiyə Putinin səfərinə xüsusi əhəmiyyət verirdi və bu səbəbdən İstanbul toplantısının təxirə salınması Ankarada məyusluqla qarşılanıb. Gözlənilirdi ki, həmin toplantı çərçivəsində tərəflər Türkiyə ilə Suriya arasında artan gərginliyi də müzakirə edəcəklər. Moskvadakı türk diplomatik qaynaqlarından isə bildiriblər ki, İstanbul toplantısının oktyabrın 15-də keçirilməsi hələ Rusiya tərəfinə rəsmi protokolla çatdırılmamışdı. Mənbə toplantının oktyabrın 15-də keçirilməsinin şərt olmadığını, onun ilin sonunadk baş tutacağını bildirib. Ehtimallara görə, Putinin İstanbula səfərini təxirə salması Türkiyənin Suriyaya qarşı sərt cavab addımları atmaq planları ilə bağlı ola bilər.
Türkiyə tərəfi bununla bağlı başqa maraqlı məqamlara da toxunub. Onlar hesab edir ki, aşağıda sadalanan məsələlər görüşün baş tutmaması üçün səbəb ola bilər. Birinci məsələ odur ki, Ərdoğan faktiki olaraq Putinin ad gününü təbrik edib. İkinci məsələ isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Türkiyəyə səfərə hazırlaşır və bu ərəfədə Putin də onunla görüşüb. Putinin «Dənizbank»ı satın alan Rusiyanın «Sberbank»ının rəhbəri German Qreflə görüşlə bağlı məsələ sıralamada üçüncüdür. Ekspertlər hesab edirlər ki, bu gələcəklə bağlı bəzi işarələr üçün açar rolunu oynaya bilər. Dördüncüsü isə İraqın baş naziri Nuri əl-Maliki ilə Putinin görüşməsidir. Bu görüşdə Rusiya ilə İraq arasında milyardlarla dollar dəyərində silah anlaşmasının bağlanıldığına dair iddialar var. Ən əsas məsələ isə Türkiyə ilə Suriya arasında yaşanan son gərginliklərdir. Belə ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyun ayında Moskvaya gedəndə Əsəddən sonrakı dövrlə bağlı Rusiyaya təklif vermişdi. Bu gün də həmin mövzu Suriya prezidentinin köməkçisi Faruk Şara tərəfindən gündəmdən düşmür.
Türk ekspertlər deyir ki, bütün bunlardan sonra ortaya çıxan nəticə əsasən Maliki və Şara məsələsi ilə bağlıdır. Onlar hesab edirlər ki, Nazarbayevin də Ankaraya səfər etməsi Putin üçün gəlişini təxirə salmağa səbəb ola bilər.
Putinin Bakıya səfərinə gəldikdə isə onun QİƏT sammitində iştirak edəcəyinə dair Rusiya tərəfi hər hansı məlumat verməmişdi. Bundan əvvəl Putin Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma da dəvət alıb, ancaq Rusiyanı forumda baş nazirin müavini təmsil edib. İndi isə belə görünür ki, Putin QİƏT sammiti üçün də Azərbaycana səfər etmək niyyətində deyil. Bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin o qədər də isti olmadığı bir vaxtda baş verir. Xəbərlərə görə, Putinin Azərbaycan rəhbərliyi ilə münasibətləri hazırda o qədər də yaxşı deyil, üstəlik, iki ölkə arasında Qəbələ RLS danışıqları da daxil olmaqla, bir sıra problemli məsələlər yaranıb. QİƏT sammitində bu regional təşkilata üzv olan ölkələrin hansıların dövlət başçıları səviyyəsində təmsil olunacağına gəldikdə isə İran prezidentinin sammitə qatılacağına dair rəsmi olmayan xəbərlər var. Ancaq ekspertlərə görə, Azərbaycan prezidentinin Qoşulmayanlar Hərəkatının sentyabrda Tehranda keçirilən sammitində iştirak etmədiyi nəzərə alınarsa, Mahmud Əhmədinejadın Bakıya səfər edəcəyi o qədər də inandırıcı deyil. Hələlik ancaq Özbəkistan prezidentinin sammit üçün Bakıya gələcəyi rəsmən təsdiqlənir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər