Mirələmovun oğlu dindirildi
6-11-2012, 14:10
Oxunub: 6 872
Baş Prokurorluğun sözçüsü Eldar Sultanov: “Fərid Mirələmov şahid qismində ifadə verib”
Deputat-biznesmen Hüseynbala Mirələmovun polis bölməsi rəisi vəzifəsindən qovulan oğlu Fərid Mirələmov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Bu haqda redaksiyamıza daxil olan xəbərdə F.Mirələmovun atasına məxsus “1001 gecə” istirahət mərkəzində bir nəfərin öldürülməsi, digər şəxsin isə yaralanması faktına görə başlanmış cinayət işi üzrə dindirildiyi qeyd olunub. Xəbəri dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin sözçüsü Eldar Sultanovla əlaqə saxladıq. E.Sultanov məlumatı təsdiqlədi: “Deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov qeyd edilən cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib”.
Qeyd edək ki, bir neçə gün əvvəl H.Mirələmov parlamentin foyesində jurnalistlərə müsahibə verib. Mühəndis olduğunu vurğulayan biznesmen-deputat “parlament nə edirsə, düzdür” söyləyib. Üstəlik, oğlu F.Mirələmovun işdən qovulmasından danışıb. Deyib ki, Daxili İşlər Nazirliyinin nizamnaməsinə uyğun rayonlarda yoxlamalar keçirilib. Oğlunun çalışdığı yerdə də yoxlamalar aparılıb: “Görünür, nöqsanları çox olduğundan nazirlik onu sərəncama götürüb. Ehsan Zahidov da açıqlamasında bildirir ki, bunun heç bir şeylə əlaqəsi yoxdur”.
Deputat “yalan yazanlara sadəcə yazığım gəlir” söyləməklə düşdüyü vəziyyətin baiskarı kimi AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbəri görüb.
Deputatın hər iki partiya sədrini hədəf seçməsi təsadüfi deyil. H.Mirələmov müxalifət liderlərinə çamur atmaqla hakimiyyətə xidmət göstərdiyini qabardıb oğlunu cinayət işindən kənarda saxlamaq istəyir. Bu isə artıq köhnəlmiş üsuldur. Hakimiyyətin yuxarı pillələrində qərar tutan ixtiyar sahibləri artıq belə fəndlərə diqqət belə yetirmirlər. Bəlkə elə buna görədir ki, H.Mirələmovun açıqlamasından sonra işdən qovulan oğlunu istintaqa çağırıb dindiriblər.
“Azadlıq” qəzeti biznesmen-deputatın fikirlərinə AXCP Ali Məclisinin sədri Həsən Kərimovun və Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının münasibətini öyrənib. H.Kərimovun sözlərinə görə, Mirələmov elə fiqur deyil ki, Əli Kərimli onu özünə düşmən hesab etsin: “Əli Kərimli Mirələmovlarla deyil, onun başında duranlarla mübarizə aparır. AXCP sədri İlham Əliyevlə mübarizədədir, rejimin tör-töküntüləri ilə yox. Mirələmovun oğlunun işdən çıxarılması, başının üzərində qara buludların dolaşması hakimiyyət daxilində gedən savaşın təzahürüdür. Görünür, Mirələmov hansısa qrupun xoşuna gəlmir, təmsil olunduğu qrup da bunu müdafiə edə bilmir və bunu Əli Kərimlinin, İsa Qəmbərin üstünə yıxmaq heç bir məntiqə sığmır. O, özünü xoşbəxt sayardı ki, Əli Kərimli və İsa Qəmbər onu rəqib hesab edərdilər. Məncə, bu cür məsələlərdə müxalifət liderlərinin adını çəkmək ona divident gətirməz, əksinə, uğursuzluğa düçar olar”.
Gülağa Aslanlı isə deyib ki, H.Mirələmov tamamilə kələfin ucunu itirib: “O, düşmənlərinin həqiqətən kim olduğunu yaddan çıxarıb. Onun düşməni özünün də mənsub olduğu hakim partiyadır. Azərbaycan xalqının da düşməni odur. Məncə, Əli Kərimli və İsa Qəmbər üçün Hüseynbala Mirələmov adlı şəxs ümumiyyətlə mövcud deyil. Çünki cəmiyyətdə o nəyi iləsə tanınan adam deyil. İsa Qəmbər və Əli Kərimli ona düşmənçilik münasibətində də ola bilməz”.
Qeyd edək ki, bu il iyulun 17-də H.Mirələmova məxsus “1001 gecə” istirahət mərkəzində qardaşı oğlu Rəşad Mirələmov Ramal Bayramovu odlu silahdan açdığı atəşlə qətlə yetirib, bir nəfəri isə yaralayıb. Bu qətl işindən az sonra mərkəzdə gecəyarısı cinayət törədilərkən deputatın polis rəisi olan oğlunun da orada olduğu bildirilirdi. Hətta F.Mirələmovun şahid qismində dindirilməsi haqda xəbərlər də dolaşırdı. H.Mirələmov özü də qəzetimizə açıqlamasında cinayət barədə ona oğlunun xəbər verdiyini söyləmişdi. Bir həftə əvvəl isə daxili işlər naziri Ramil Usubovun əmri ilə F.Mirələmov Xəzər Rayon Polis İdarəsi 3-cü polis bölməsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb. Maraqlıdır ki, F.Mirələmovun dindirilməsi də məhz işdən qovulmasından sonraya təsadüf edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər