BolgeXeber.Com » Siyasət » Enerji maraqları işğala göz yummağı zəruri edir

Enerji maraqları işğala göz yummağı zəruri edir

7-11-2012, 10:15
Oxunub: 4 963 Rüstəm Məmmədov: “Əgər NATO problemin həllinin mümkünsüz olduğunu bəyan edirsə, deməli, onun maraqlarına zidd olan amil var”

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Ermənistana səfəri çərçivəsində verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin müharibə ilə həllinin mümkünsüz olduğunu deyib.

Bolgexeber.com -un səsləndirilən bəyanatla bağlı sualını cavablandıran siyasi ekspert Rüstəm Məmmədov deyib ki, NATO-nun əsas məqsədi üzv dövlətlərin iqtisadi və siyasi maraqlarını təmin etmək üçün modeli qoruyub saxlamaq, onun təhlükəsizliyinə əngəl yaranarsa, onu zərərsizləşdirməkdir: “Əgər NATO problemin həllinin mümkünsüz olduğunu bəyan edirsə, deməli, onun maraqlarına zidd olan amil var. Bəli, Qarabağla bağlı müharibə hansısa bir formada NATO maraqlarına toxunacaq. Çünki NATO-nun burda enerji maraqları var və müharibənin başlaması isə hər şeyi yaddan çıxarır. Belə olan halda NATO və quruma üzv dövlətlərdən başqa bəyanatlar da gözləyə bilmərik”.

Onun sözlərinə görə, ermənilərin işğalına göz yumulması enerji maraqlarının təmini ilə bağlıdır: “Əgər ermənilərin işğalına susurlarsa, problemə ikili standartlarla yanaşma varsa, deməli, NATO-nun da, digər böyük dövlətlərin də Azərbaycanın ərazilərinin işğalda qalması o dərəcədə önəm daşımır. Onlara iqtisadi maraqlarını təmin etmək üçün burda sülhün olması lazımdır”.