BolgeXeber.Com » Siyasət » Nigar Yaqublunun işinə amerikanın diqqəti

Nigar Yaqublunun işinə amerikanın diqqəti

16-11-2012, 14:40
Oxunub: 4 623 Tofiq Yaqublu və Mehriban Vəzir noyabrın 16-da ABŞ səfirliyində olublar.

Məhbus fəal Nigar Yaqublunun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu və fəalı müdafiə edən ictimai komitənin sədri Mehriban Vəzir noyabrın 16-da ABŞ səfirliyində olublar. “Media forum” saytına danışan Tofiq Yaqublu deyib ki, onları ABŞ səfirinin insan haqları üzrə müşaviri Cef Furgel qəbul edib: “Avtomobil qəzası baş verən gündən bəri baş verənləri danışdıq. Məlum oldu ki, ABŞ səfirliyi ilk gündən bu məsələni diqqətdə saxlayıb. İşin gedişi haqqında məlumatlar bütün təfərrüatları ilə səfir Riçard Morninqstara çatdırılıb. Təzə məlumatlar verdik, aydın olmayan mövzulara aydınlıq gətirdik. Bizə bildirildi ki, ayın 23-də keçiriləcək növbəti məhkəmə prosesində ABŞ səfirliyinin nümayəndəsi də iştirak edəcək”.

Nigar Yaqublu Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvüdür. O, sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. İstintaq iddia edir ki, Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib və qəza onun təqsiri üzündən baş verib.

Fəalın mühakiməsi Abşeron Rayon Məhkəməsində aparılır.