BolgeXeber.Com » Siyasət » “YAP-ı məhv edəcəklər”

“YAP-ı məhv edəcəklər”

17-11-2012, 11:45
Oxunub: 3 747 Sərdar Cəlaloğlu: “Bu qanun işləsə, YAP-da qırx nəfərdən artıq adam qalmayacaq”

“Gərək bir insanın əlində təzyiqetmə imkanları ola ki, o da müəyyən şəxsləri partiyaya məcburən yazdıra bilsin və ya partiyada saxlasın. Bu kimi imkanlar yalnız hakimiyyətə məxsusdur”. Bolgexeber.com xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu “Azadlıq” qəzetinə müsahibəsində “Siyasi partiyalar haqqında qanunu”n sərtləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O deyib ki, bunların heç birinin müxalifət partiyalarına aidiyyəti yoxdur: “Müxalif siyasi partiyaların vətəndaşları məcbur etmək potensialı yoxdur. Bu baxımdan əgər müxalif partiyaların rəsmi məcburetmə mexanizmləri yoxdursa, onların da vətəndaşları siyasi partiyalara zorla cəlb etməsi və orada saxlaması mümkün deyil. Bu yalnız dövlət orqanlarına aiddir. Hakimiyyətin zorla insanları YAP-a yazması bizə məlumdur. Bu daha çox hakimiyyətin özü haqqında qəbul etdiyi qanundur. Əgər bu qanun işləyərsə, YAP-da qırx nəfərdən artıq adam qalmayacaq. Əslində bu qanunu biz alqışlamalıyıq. Çünki bu qanun vətəndaşların zorla bir partiyaya üzv edilməsini və orada saxlanmasının qarşısını alır. Mən bir vətəndaşı partiyamıza gəlməyə necə məcbur edə bilərəm”.

S. Cəlaloğlu hesab edir ki, qanunun sərtləşdirilməsi təşəbbüsü hakimiyyətdaxili qüvvələrin YAP-ı parçalamağa, iqtidarı yıxmağa çalışması ilə də bağlı ola bilər: “Bu qanun YAP-ı boşaltmaq və ya ona alternativ yaratmaq üçün də qəbul oluna bilər. Bu iki partiya YAP və ona alternativ partiyanın mübarizəsi ilə bağlı qəbul olunan qərardır. Ya YAP üzvlərini yeni yaranan partiyaya keçməyə məcbur edəcəklər, ya da, ümumiyyətlə, YAP-ı sıradan çıxarıb məhv edəcəklər. Hamı bilir ki, müəllimi, həkimi məcburən YAP-a yazdırırlar. Indi iqtidardaxili qrupların bir-birilə ölüm-dirim savaşına girdiyi, mafiyalararası savaşın qızışdığı vaxtda ölkədə baş verən bu kontekstdədir. Ya bir mafiya özünə partiya yaradır və bu məqamı qanun halına salır ki, digər mafiyanın partiyasını sıradan çıxarsın”.

Qeyd edək ki, məlumata görə, qanuna dəyişikliyə görə bundan sonra Azərbaycanda siyasi partiyaya üzvlüyə məcbur edənlər azadlıqdan məhrum ola bilərlər. Cinayət Məcəlləsinə təklif olunan əlavələrdə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə 1000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulub.