BolgeXeber.Com » Siyasət » "Rüstəm İbrahimbəyov ziyalı deyilsə, bəs bu məmləkətdə ziyalı kimdir görəsən?”

"Rüstəm İbrahimbəyov ziyalı deyilsə, bəs bu məmləkətdə ziyalı kimdir görəsən?”

17-11-2012, 13:30
Oxunub: 4 508 “Şəmsəddin Hacıyev alimdir, ancaq Rafiq Əliyev alim deyil. Zəlimxan Yaqub şairdir, Musa Yaqub şair deyil”

“Rüstəm İbrahimbəyovun biznes maraqları məni qətiyyən maraqlandırmır. Bəndənizi maraqlandıran budur ki, əgər Rüstəm İbrahimbəyov ziyalı deyilsə, bəs bu məmləkətdə ziyalı kimdir görəsən?”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ziyalılar Forumunun üzvü Əkrəm Əylisli söyləyib.
Ə. Əylisli bildirib ki, hələ Rüstəm İbrahimbəyov bir yana dursun, hakim ideologiya təəsübkeşlərinin yazdıqlarından belə çıxır ki, Ziyalılar Forumunun fəallarının heç biri ziyalı deyil: “Rafiq Əliyev, Cəmil Həsənli, Eldar Namazov, Ramiz Rövşən, Əkrəm Əylisli - bunların heç biri ziyalı deyil. Əsl ziyalı Siyavuş Novruzovdur. Əsl yazıçı Hüseynabala Mirələməovdur. Əsl kino xadimi Cəmil Quliyevdir. Əgər sabah Allah eləməsin Anar, Elçin, Fərhad Bədələbəyli, Fərhad Xəlilov, Ayaz Salayev yaxud Rasim Balayev də hakimiyyətin ünvanına hər hansı kəskin fikir desə, sizə indidən məlum olsun ki, onlar da ziyalı sayılmayacaq. Onda bəs bu ölkədə ziayalı naminə ki qalacaq?”.

Xalq yazıçısı onu da qeyd edib ki, Ziyalılar Forumunun yaradanların hakimiyyətlə savaşmağa heç bir ehtiyacı yoxdur: “Bizim bu fəaliyyətimiz yalnız və yalnız hakimiyyətlə ziyalı dilində danışmaq ehtiyacından irəli gəlir. Və bu ehtiyac ilk növbədə insani, mənəvi ehtiyacdır. Ancaq ziyalı ilə ziyalı dilində danışmağı hakimiyyətdən tələb etməyə də bir vətəndaş olaraq bizim hər birimizin haqqı çatır. Amma bu, bizim günahımız deyil ki, sözdə-boğazdan yuxarı sabitlik, “dövlətçilik təəssübü” çəkənlər bizimlə ziyalı dilində danışmaq istəmir. Bu adamların yazdıqları və dedikləri açıq-aşkar göstərir ki, onlar ziyalı dilində danışmağı sadəcə bacarmırlar. Onların bu gün danışdığı dil ötən əsrin 30-cu illərinin şeytani ehtirasa köklənmiş dilinlə bənzəyir. Özü də çox bənzəyir. O qədər bənzəyir ki, elə bil bu dünyada o vaxtdan bəri heç nə dəyişməyib. Bir vaxt Hüseyn Cavidə: “ Sən şair deyilsən”, Yusif Vəzir Çəmənzəmənliyə:” Sən yazıçı deyilsən” deyənlərin tarixi aqibəti bu gün özünü doğru sözün yeganə sahibi sayanların deyəsən bir mərzə yadından çıxıb”.

Ə. Əylisli sözlərinə görə, adama elə gəlir ki, Rüstəm İbrahimbəyovu suçlayanlar bizimlə bir ölkədə yaşamır, bu ölkədə yaşayan xalqı yerli-dibli tanımır: “Bu xalqın necə yaşadığını və nəyin arzusunda olduğunu hər gün və bütün vasitələrlə bizə unutdurmağa çalışırlar. Axı bu gün heç kəsi inandırmaq olmaz ki, məsələn, Şəmsəddin Hacıyev alimdir, ancaq Rafiq Əliyev alim deyil. Zəlimxan Yaqub şairdir, Musa Yaqub şair deyil. Özünün hakim idealogiyaya sədaqətini böyük canfəşanlıqla zaman-zaman nüamyiş etdirən alimlərdən, şairlərdən, yazıçılardan bu gün kim qalıb bizə? Öz dövrünün hakim ideologiyasına tənqidi yanaşmağa ciyəri, cəsarəti çatmayan ziyalıların cəmiyyətin bədənində kor bağırsaq qədər yersiz bir şey olduğunu qoca tarix azmı sübut edib?”.

Hakimiyyətin ziyalı tənqidinə bugünki dözümsüzlük şəxsən mənə nəinki məntiqsiz və mənasız, hətta, xeyli dərəcədə məkrli və məqsədyönlü görünür deyən ziyalı onu da vurğulayıb ki, 1937-ci ilin uzaq və yaxın fəlakəti bəkə bizi yenidən gözləyir: “Bu görüntü təkcə azad düşüncəli ziyalılarda deyil ümumiyyətlə, bütün Azərbaycan cəmiyyətində ölkənin gələcək siyasi və hüquqi durumu barədə arzuolunmaz şübhələr doğurur, insanlarda durmadan laqeydlik, bədbinlik ovqatı yaradır. Yazıçının hakimiyyətin ünvanına söylədiyi tənqidi fikir, hətta subyektiv olarsa belə, hakim dairələrdə əsəbilik yaratmamlıdır. Çünki bu dünya xəlq olandan bəri ciddi elm və sənət adamları ilə hakimiyət arasında münaqişlər müxtəlif formalarda həmişə olub. Və tarixi yaddaşını itirməyən hər kəsə məlumdur ki, bu münaqişələr Allahın öz iradəsi ilə bütün hallarda ikincilərin qələbəsi ilə nəticələnib. Üstəlik burası da var ki yuxarıdan gələn əsəblik aşağıdakı narazılığın qarşısını heç vaxt ala bilmir, əksinə onu daha da qızışdırır, kəskinləşdirir. Nəticədə ikitərəfli aqressivlik başlanır. Aqressivlik olan yerdə obyektvlik ola bilməz və Rüstəm İbrahimbəyov məsələsində də hadisələr, məncə, məhz bu minvalla cərəyan edir”.

Ə. Əylisli onu da bildirib ki, ola bilər ki, Rüstəm mənim bu fikrimlə razılaşmasın: “Mənə elə gəlir ki, yuxarıdan gələn əsəbəilik aşağıda bu dəfə də təsirsiz ötüşmədi. Rüstəm İbrahimbəyov hakim kabinetlərdə oturanlara çoxdan demək istədiklərini hələ deyib qurtarmamış özünün bəkə heç demək istəmədiklərini də deməyə bir növ məcbur edildi”.

Qeyd edək ki, iqtidar mətbuatında Rüstəm İbrahimbəyova qarşı yeni hücumlar başlanıb və onu biznes maraqlarına görə də ittiham edirlər.