BolgeXeber.Com » Siyasət » "Rusiya Azərbaycan müxalifətinə maliyyə ayırır"

"Rusiya Azərbaycan müxalifətinə maliyyə ayırır"

23-11-2012, 13:30
Oxunub: 3 776 “İran müxalifət partiyalarını birbaşa maliyyələşdirə bilər”

Müsavat başqanı İsa Qəmbərin Azərbaycanın bəzi müxalifət partiyalarının xarici ölkələrinin nəzarətində olması və maliyyələşdirilməsi haqda mətbuata verdiyi açıqlama siyasi müstəvidə böyük rezonans doğurdu. Məsələyə sərt reaksiya verən ADP sədri Sərdar Cəlaloğlu ittihamları rədd edərək, Müsavat Partiyasının da hakimiyyət tərəfindən maliyyələşdirildiyini bildirib. İsa Qəmbərin fikirlərini şərh edən politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında siyasi partiyaların hansı xarici mənbələrdən maliyyələşməsi haqda ciddi faktların olduğunu deyib. Politoloqun fikrincə, Azərbaycanda mövcud siyasi cərəyanlara daha çox qonşu İran, Rusiya maraq göstərdiyindən bu ölkələrin müxalif qüvvələrə maliyyə ayırması danılmazıdr. E.Şahinoğlu həmçinin vurğulayıb ki, bu istiqamətdə İran daha aktiv təsirə malikdir.

“Bəzi dövlətlər Azərbaycanda maraqlarının olmasına görə, ölkədə fəaliyyət göstərən siyasi cərəyanlara xüsusi simpatiya bəsləyirlər. Amma birbaşa hansısa dövlətin müxalifət partiyalarına pul verməsini zənn etmirəm. Ola bilsin ki, hansısa qrant layihələri dolayısı ilə partiya funksionerlərinə maliyyə ayrıla bilər.

Rusiya, İran və eləcə də bəzi qərb ölkələrinin Azərbaycanda maraqlarının olması danılmazdır. Qeyd edim ki, İran kimi ölkələr müxalifət partiyalarına birbaşa maliyyə yardım göstərə bilərlər. Xatırlayırsınızsa, bunun üstü 90-cı illərin sonlarında bir dəfə açılmışdı. İslam Partiyasına İran kəşfiyyatı tərəfindən küllü miqdarda pul verilməsi aşkar olunmuşdu”, - deyə politoloq şərh edib.

Rusiya ilə Azərbaycanın münasibətlərinə toxunan E.Şahinoğlu bildirib ki, rəsmi Moskvanın ölkəmizdəki siyasi proseslərə təsiri danılmazdır, lakin Rusiya müxalifətə birbaşa deyil, dolayısı yolla maliyyə ayırır. “Rusiya Azərbaycanın hər hansı bir müxalifət partiyasına maraq göstərsə də, onu aşkar şəkildə maliyyələşdirməyə cəhd göstərməz. Bu sonradan dövlətlər səviyyəsində çox güclü oyuna səbəb olar. Amma müəyyən yollar var ki, xarici himayədarların partiya funksionerlərinə müəyyən yardım etməsi mümkündür”.