BolgeXeber.Com » Siyasət » Ziya Məmmədov oğlundan nəyi tələb etdi?

Ziya Məmmədov oğlundan nəyi tələb etdi?

27-11-2012, 13:50
Oxunub: 4 414 Nazir qəzetlərlə münasibətlərini yoluna qoymasını tələb etdi

Bu gün yerli mətbuatda ən çox dartışılan məsələlərdən biri də «Azadlıq» qəzeti redaksiyasının nəqliyyat naziri Ziya Məmmədovun oğlu, «ZQAN» Holdinqin Driektorlar Şurasının sədri Anar Məmmədovdan çıxarılan məhkəmə qərarına uyğun olaraq üzr istəməsidir. Bəri başdan bildirək ki, redaksiyanın bu addımı bəzi dairələr tərəfindən birmənalı qarşılanmayıb. Hətta eyni qaydada cərimə olunan «Yeni Müsavat» qəzetindən «Azadlıq»a incik dolu ismarıclar da göndərilməkdədir.

Onu da qeyd edək ki, «Azadlıq» və «Yeni Müsavat» qəzeti ilə yanaşı, nazir oğlu «Gündəm Xəbər» qəzetinə də cərimə kəsdirtdirib. Və elə ən çox cərimə olunanı da «Gündəm Xəbər» qəzetidir. Dia.az -a daxil olan informasiyalardan aydın olur ki, artıq «Gündəm Xəbər» qəzeti ilə də Anar Məmmədovun vəkilləri arasında danışıqlar gedir və sözügedən redaksiyanın «Azadlıq» qəzeti kimi nazir oğlu ilə anlaşmaya varacağı gözlənilir.

Amma bu arada redaksiyamıza maraqlı bir məlumat da daxil olub. Mötəbər mənbənin bildirdiyinə görə, əslində bu gün qəzet redaksiyaları ilə yanaşı, Anar Məmmədovun da özünə bu anlaşmalar lazımdır. Mənbəmizin söylədikləri: «Artıq Anar Məmmədovun yeni bir imajı da yaranıb ki, bu da nazir oğlunun reputasiyasına ciddi zərbə kimi qəbul olunmaqdadır. Söhbət Anar Məmmədovun adının önündə yazılmaqda olan «qəzetlərin qənimi» statusundan gedir».

Mənbəmiz bildirir ki, bu məsələ o qədər ciddidir ki, hətta nəhayətdə Ziya Məmmədov da işə qarışaraq nüfuzuna milyonlar xərclədiyi oğlu Anar Məmmədova qəzetlərlə barışıq əldə etməsi üçün şərt də qoyub: «Anar Məmmədovun adı bu gün beynəlxalq təşkilatların hesabatlarında da mənfiyə doğru hallandırılmaqdadır. Və onun qəzetlərə qarşı iddiaları hətta Azərbaycan dövlətinə də bir irad kimi səslənməkdədir ki, bu da Ziya Məmmədovun həm də hakimiyyət içindəki nüfuzuna da mənfi təsir göstərir».

Mənbəmiz məhz bu səbəbdən Ziya Məmmədovun «oğlunun işlərinə müdaxilə etmək» zorunda qaldığını söyləyib.