Prezident Administrasiyasında “dar gün” hazırlığı
4-12-2012, 13:50
Oxunub: 6 525
İlham Əliyev “mehriban düşmənlər”lə “X” günü hazırlığı gördü.
Ölkə başçısının noyabrın 30 – da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə birdən - birə dörd müavin təyin etməsi ötən həftənin ən yaddaqalan hadisələrindən oldu və haqlı olaraq gündəmin ən çox dartışılan mövzusuna çevrildi. Fərmana əsasən Zeynal Nağdəliyev, Əli Əsədov, Novruz Məmmədov və Vahid Əliyev Prezident Administrasiyası rəhbərinin müavinləri təyin edildilər. Prezidentin başqa bir sərəncamı ilə Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi də yuxarıdakı təyinatlardan heç də az əhəmiyyət daşımadı və özüylə çoxsaylı suallar doğurdu.
Hər şeydən öncə birmənalı olaraq vurğulanmalıdır istənilən halda yeni təyinatları nə yeni komandanın formalaşması, nə də illər uzunu barəsində danışılan kadr islahatlarına başlanılması kimi xarakterizə etmək doğru deyil. Çünki adıçəkilən məmurlar yeni vəzifələrində də əslində köhnə funksiyalarını yerinə yetirəcəklər və onlar onsuz da həmin təyinatadək bu komandanın üzvləri olub. Prezident Administrasiyası ictimai – siyasi şöbəsinin müdiri Əli Həsənovun da prezidentin son təyinatlarını öz arşınıyla ölçərək “kurasiya işinin effektivliyini artırmaq” məqsədiylə bu cür struktur dəyişikliklərinə əl atıldığını söyləməsi də əslində heç nəyi dəyişmir. Hamı anlayır ki, belə bir dəyişikliyi zəruri edən başqa səbəblər var və bu səbəblərin nədən ibarət olduğunu hamıdan çox bilənlərin başında elə Əli Həsənovun özü dayanır. Yeri gəlmişkən, digər şöbə müdiri həmkarlarının bir pillə yüksələrək Prezident Administrasiyası rəhbərinin müavini postunadək irəliləməsinə rəğmən bu hakimiyyətin yerli və beynəlxalq müstəvidə təbliğinə, sağdan – soldan endirilən zərbələrin dəf edilməsi və ya zərərsizləşdirilməsinə hamıdan çox çaba xərcləyən Əli Həsənovun xidmətlərinin görməməzliyə vurulması əslində yeni təyinatlardan daha çox maraq kəsb edir. Əslində elə yeni təyinatların gerçək ssəbəblərinə aydınlıq gətirilməsinə çalışan hər kəs məhz bu məqamdan yapışmaqla bir çox suallara cavab tapa bilər. Yəni kimin nə deməsindən asılı olmayaraq bir həqiqət ortadadır ki, əgər Əli Həsənov Prezident Administrasiyası rəhbərinin müavinlərindən biri ola bilməyibsə, daha doğrusu, ona belə bir postu rəva bilməyiblərsə, deməli, bu təyinatların arxasında gizlənən əsas niyyət məhz Ramiz Mehdiyevin əhatə dairəsinin məhdudlaşdırılmasıdır. Heç kimə sirr deyil ki, Əli Həsənov Ramiz Mehdiyevin “sağ əl”i hesab olunub və demək olar ki, akademikin əsas ideya təbliğatçısı və ruporu funksiyasını məharətlə həyata keçirib. Zeynal Nağdəliyevin və Əli Əsədovun da dünənədək Ramiz Mehdiyevlə yola getmədiyi, ən azından onun kadrları olmadığı ölkə ictimaiyyətinə bəlli idi və obrazlı desək, adıçəkilən hər iki məmur akademiklə “mehriban düşmən” kimi davranırdılar. Novruz Məmmədovsa əslində hakimiyyətdaxili hansı klanla bir səngərdə olduğunu heç zaman ya hiss etdirməyib, ya da tutduğu post elə olub ki, onun oyun oynamasına heç münbit şərait də olmayıb. Yəni keşmiş fransız dili müəllimi bilavasitə beynəlxalq sahəni kurasiya etdiyindən və bütün addımlarını prezident və ya xarici işlər naziriylə məsləhətləşmədən sonra atdığından ölkədaxili məsələlərə müdaxilə üçün onun imkanları demək olar ki, digər müavinlərə nisbətən xeyli az olub.Bu üzdən onun təyinatı sadəcə simvolik xarakter daşıyır və Novruz Məmmədovun yeni görəvdə hər hansı xüsusi missiya həyata keçirəcəyini gözləməyə dəyməz. Ancaq Vahid Əliyev haqqında bunları demək mümkün deyil və unutmaq olmaz ki, prezidentin müdafiə məsələləri üzrə köməkçisi kimi o qədər də strateji post hesab olunmayan bir vəzifədə olduğu dönəmdə müdafiə naziri Səfər Əbiyevin əsəbləriylə oynamağı bacarıb və yeri gəldi – gəlmədi onun nüfuzunu aşağı salmaq üçün heç bir fürsəti və ya bəhanəni fövtə verməyib. Belə bir intriqantın Prezident Administrasiyası rəhbərinə müavin gətirilməsi və müdaifə məsələlərinin onun kurasiyasına verilməsi Səfər Əbiyev –Vahid Əliyev qarşıdurmasının daha da alovlanacağı anlamına gəlməlidir. Ən azı Səfər Əbiyev bundan sonra rəhbəri olduğu miniimperiyadakı yüksək kadr islahatları zamanı Vahid Əliyevin də razılığını almaq zorunda qalacaq və bəri başdan proqnozlaşdırmaq olar ki, keçmiş və indiki rəqibinin “könlünü almaq” ona heç də asanlıqla başa
gəlməyəcək. Əksinə, ehtimal etmək olar ki, bu iki məmur arasındakı ziddiyyət daha da qabarıq şəkildə nəzərə çarpsın və münaqişənin sədası prezidentə qədər gedib çatsın. Vahid Əliyevin də istədiyi elə budur, ona görə də o hər vəchlə çalışacaq ki, cəmiyyətdə və Ali baş Komandanın nəzərlərində silahlı qüvvələrin rəhbərliyi haqqında daha çox neqativ fikir formalaşsın.
Əli Əsədovun Ramiz Mehdiyevə müavin gətirilməsi isə sırf iqtisadi maraqların qorunması və bu sferanı prezidentin daha effektiv idarəetməsinə cəlb etmək, daha dəqiqi, dövriyyədə olan milyardlarla dövlət vəsaitinin necə xərclənməsinə nəzarəti gücləndirməkdir. Əli Əsədov yeni təyinatadək prezidentin iqtisadi məsələr üzrə köməkçisi kimi o qədər də əhəmiyyətli olmayan vəzifəni icra etdiyindən nazrliklərə o qədər də nəzarət etmək imkanı yox idi. Baxmayaraq ki. İlham Əliyevlə yaxınlıq ona imkan verirdi ki, paytaxtdakı bütün iri maliyyə tutumlu təmir – bərpa işlərini onun kurasiya etdiyi qondarma şirkət və ya firmalar həyata keçirsin. Burada söhbət il ərzində yüz milyonlarla manatın dövriyyəsindən gedir və baxımdan demək olar ki, onsuz da o köhnə postunda da pis qazanmırdı. Ancaq indi o iqtisadi sferada olan digər nazirliklərə də “mız” qoymaq səlahiyyəti əldə edib və onların xərclədiyi hər qəpiyin hesabını sormaq imkanında olacaq. Bu isə hikkəsi yerə - göyə sığmayan və dövlət vəsaitlərini dədəsinin malı kimi xərcləməyə adət etmiş bir sıra məmurların “qara gün”ünün başlanması anlamına gələcək...
Məhərrəm Əliyevin Prezident Administrasiyasında toz basmış bir posta gətirilməsi də yuxarıda iddia olunduğu kimi, digər dörd təyinatdan heç də az əhəmiyyət kəsb eləmir. Nəzərə almaq lazımdır ki, 2007 – ci ilədək onunla daxili işlər naziri Ramil Usubov arasında bəzən gizli, bəzən də aşkar və əndazəni aşan savaş gedib və birinci raundda Məhərrəm Əliyev uduzan tərəf olub. Hətta Tacikistandakı “diplomatik sürgün”dən qayıtdıqdan sonra çoxları onun kitabının birdəfəlik bağlanacağını proqnozlaşdırırdı. Ancaq görünən odur ki, onu birdəfəlik siyahıdan silənlər yanılıb və belə bir şəxsin yenidən aktiv şəkildə proseslərə cəlb edilməsi ondan xəbər verir ki, İlham Əliyev onu ehtiyat variant kimi daxili işlər naziri postuna hazırlayır. Əlbəttə, bu heç də o anlama gəlmir ki, seçkilərdən öncə və ya sonra prezident belə bir qərar versin. Bütün bunlar fors – major situasiyalar üçün nəzərdə tutulmuş variantlardır. Ancaq istənilən halda Məhərrəm Əliyevə prezident tərəfindən etimad göstərilməsi xeyli düşündürücdür və bundan ən çox narahatlıq keçirənin məhz Ramil Usubov olduğunu da sübut etməyə gərək yoxdur.
Sonda ehtimallardan və fərziyyələrdən xilas olaraq yalnız məntiqə söykənməklə bəzi iddialarda bulunmaq istərdik. Prezidentin son 5 təyinatına ötən 2- 3 gün ərzində bəlkə minlərlə şərh və ya münasibət bildirilib, hərə öz gördüyü və anladığı şəkildə bu yerdəyişmələri öz arşınıyla ölçüb. Ancaq kimsə deməyib ki, hakimiyyətin düşünən beyni və vuran ürəyi funksiyasını həyata keçirən bir qurumda bu cür struktur dəyişiklikləri sırf zərurətdən yaranıb və yaşı 80 - ə yaxınlaşan, səhhətində ciddi problemləri olduğu söylənilən akademikin qəfil dünyasını dəyişməsi halında ölkənin onsuz da bərbad olan idarəetməsində xaos yaşanmaması üçün İlham Əliyev indidən ehtiyat tədbirə əl atıb. Bu baxımdan Prezident Administrasiyasındakı son təyinatları Ramiz Mehdiyevdən sonrakı dönəm üçün “X” variantına hesablanmış “I” əməliyyatı kimi xarakterizə etmək daha düzgün olardı. Unutmaq olmaz ki, baş nazir Artur Rəsizadə də ağır xəstə və 80 yaşını haqlamış bir şəxsdir. Baxmayaraq ki, bu gün Nazirlər Kabineti ölü bir qurum kimi əslində o qədər də önəm kəsb etmir. Bu baxımdan son təyinatları prezident İlham Əliyevin dar gün üçün özünə sadiq adamlardan ibarət bir işlək komanda formalaşdırmaq cəhdi kimi də qələmə vermək olar, hətta həmin komandanın üzvləri “mehriban düşmənlər”dən təşkil olunmuş olsa belə...
moderator.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər