BolgeXeber.Com » Siyasət » BMT baş katibinin yeni müraciəti

BMT baş katibinin yeni müraciəti

10-12-2012, 11:50
Oxunub: 3 727 Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı BMT-nin baş katibi Pan Ki Mun ictimaiyyətə müraciət edib. SİA-nın məlumatına görə, bu barədə BMT-nin Bakı ofisindən bildirilib. Məlumata əsasən hər il müxtəlif mövzulara həsr edilən günün bu ilki mövzusu “Mənim səsim vacibdir” olaraq seçilib. Baş Katib Pan Ki Mun çıxışında vurğulayıb ki, hər kəsin eşidilmək və cəmiyyətlərinə təsir edən qərarları formalaşdırmaq hüququ var. Bu hüquq İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə öz əksini tapır və beynəlxalq hüququn, xüsusilə də, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 25-ci maddəsinin ayrılmaz bir hissəsidir.

“Biz keçən əsr ərzində inteqrasiya yolunda danılmaz tərəqqiyə nail olmuşuq. Ancaq hələ də bir çox qruplar və ayrı-ayrı fərdlər müxtəlif maneələrlə üzləşirlər. Qadınlar, demək olar ki, dünyanın hər yerində səsvermə hüququna sahib olsalar da, parlament və sülh proseslərində, yüksək dövlət vəzifələrində və korporativlərdə və digər rəhbər vəzifələrdə çox az təmsil olunurlar. Yerli əhali təmin edilmiş hüquqlarından tam istifadə etmək imkanını qəbul etməyən və ya ümumiyyətlə onların şəraitini nəzərə almayan ayrı-seçkilik halları ilə üzləşir. Əlilliyi olan şəxslər, cinsi azlıqlar, fərqli siyasi mövqeyə malik insanlar da daxil olmaqla, dini və etnik azlıqların əsas institut və proseslərdə iştirakı zamanı tez-tez maneələr meydana çıxır. Həm institusional, həm də geniş müzakirələr baxımından cəmiyyətlər bütün fərqlilikləri ilə təmsil olunmalıdırlar.

Ümumiyyətlə, dünyanın müxtəlif yerlərində çətinliklə əldə edilmiş demokratik idarəetmə uğurlarına dair həyəcan təbili çaldığını görmüşük. Bəzi ölkələrdə, vətəndaş cəmiyyəti qrupları artan təzyiq və məhdudiyyətlərlə rastlaşırlar. Xüsusilə vətəndaş cəmiyyəti təşkilatlarını hədəfə alan qanunvericilik sistemi onların fəaliyyətini demək olar ki, qeyri-mümkün etmişdir. Demokratiya müdafiəçiləri yeni qarşıdurma tədbirləri ilə üzləşmişlər. Biz bu cür geriləmələrdən narahat olmalıyıq.

Hətta müsbət nailiyyətlər əldə etmiş cəmiyyətlərdə də bəzi çatışmazlıqlar var. Heç bir ölkə dövlət idarələrinə seçilmək və dövlət xidmətlərindən eyni səviyyədə yararlanmaq hüququ da daxil olmaqla, bütün sakinlərinin dövlət işlərində tam şəkildə iştirakı barədə zəmanət verməyə müvəffəq olmamışdır. Yeni hüquqların qəbulu və ədalətsiz qanunların ləğv edilməsi də hər zaman yetərli deyil. Ayrı-seçkilik halları aşılması çətin olan sədlər və psixoloji təfəkkürlər formalaşdıraraq hələ də təcrübədə özünə yer etməkdədir.

Parlaq vətəndaş cəmiyyəti qrupları istənilən xalqın inkişaf və funksionallığına xidmət edən aparıcı amillərdəndir və bunların qarşısını almaq məqsədilə aparılan tədbirlərə görə BMT təəssüf hissi keçirir. Məhz bu səbəbdən, İnsan Hüquqları Günündə BMT iştirak etmək hüququ və onu mümkün edən fikir və ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığı kimi hüquqları xüsusilə ön plana çəkir.

Beynəlxalq hüququn məqsədi aydındır: kim olmağından və harada yaşamağından asılı olmayaraq, sənin səsin vacibdir. Səsimizi duyurmaq üçün hüquqlarımızı qorumalıyıq. Bu yolda hamınızı birliyə çağırıram”.