BolgeXeber.Com » Siyasət » İnsanların həyatını riskə atan icra başçısına söz deyən yoxdur...

İnsanların həyatını riskə atan icra başçısına söz deyən yoxdur...

10-12-2012, 11:00
Oxunub: 3 843 DİA.AZ: - Son günlər Füzuli rayonunda yaşanılan özbaşınalıqlar kuliminasiya həddinə çatıb. Vəziyyət o həddə qədər gərginləşib ki, hətta prezidentin səfəri öncəsi artan narazılıqları özünəməxsus tərzdə durdurmaq yolunu seçən icra başçısı Alı Alıyev şikayətçi düşənlərə repressiya vədini də verib. Bu haqda verdiyimiz xəbərdə vurğulamışdıq ki, Füzuli rayon icra hakimiyyətinin işçiləri rayondakı özbaşınalıqları mətbuata ötürənlərə «prezident gəlib-getsin, hamınızı həbs etdirəcəm» vədini verib. Bu azmış kimi, prezidentin nəzərdə tutulan səfəri müddətində narazı rayon sakinlərinin dövlət başçısı ilə görüşə bilməməsi üçün qabaqlayıcı tədbirlər də görülməkdədir.

Xatırladaq ki, keçən günlərdə Alı Alıyevin rayondakı Bayraq Meydanının yaxınlığında ferma saxlaması barədə məlumat vermişdik. Məlumatımızda qeyd etmişdik ki, icra başçısı ərazidə əməlli-başlı təsərrüfat qurub, hətta Bayraq Meydanının dövlət tərəfindən ayrılan mühafizəçisinə daha «ALİ VƏZİFƏ» - Alı Alıyevin qoyunlarını güdmək işi də həvalə edilib. Hər halda, Bayraq Meydanının ətrafını qoyunlarının otlaq sahəsinə, mühafizəçisini isə çobana çevirən bir icra başçısının bu millətə və dövlətə nə qədər sədaqətli ola biləcəyini təxmin etmək o qədər də çətin məsələ deyil. Çətin olmayanı əslində həm də odur ki, ərazilərinin böyük bir hissəsi işğal altında olan Füzuli rayonunda sakinlərə BAYRAĞI SEVDİRMƏK, DÖVLƏTİ SEVDİRMƏK kimi ülvi missiyaların icrası əvəzinə, Bayraq Meydanını mal-qarasının otlaq sahəsinə çevirərək, olduqca zərərli bir nümunəni qoyan icra başçısına layiqli bir cəzanın verilməsi idi. Amma verilmədi…

Lakin deyəsən, bu yazdıqlarımız Alı Alıyevin bir qədər də olsa, ayıldıb. Lakin Füzulidəki qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan belə bir təəssürat yaranır ki, icra başçısının üzürü ayıbından daha da betər imiş. Belə ki, rayondan verilən xəbərdə Alı Alıyevin öz yermasını Bayraq Meydanının yanından cəbhə başqa bir yerə köçürdüyü qeyd olunur.

Hər halda, bu köçürülmə hadisəsini təqdir etmək olardı. Yəni icra başçısı tənqiddən nəticə çıxarıb. Amma məsələ daha da dəhşətli yön alıb. Rayondakı qaynağın söylədikləri:

«Yazılanlardan sonra icra başçısı fermanı cəbhə bölgəsinə köçürüb. Yəni cəbhə xəttindəki neytral ərazi deyilən hissəyə. Hətta 5-6 ailə bu gün onun sürülərinə baxmaqdadır. Bu isə o deməkdir ki, həmin ailələr minalanmış ərazidə, erməni gülləsinin hədəfinə çevrilmə risqi altında bir qarın çörək naminə icra başçısının mal-qarasını güdməkdədir».

Hər halda, bu fakt bizdə dəhşət yaratdı. Yəqin ki, insanların həyatına bu şəkildə yanaşan icra başçısının işləklərinə reaksiya veriləcək. Prezidentin səfərinə qədər…