BolgeXeber.Com » Siyasət » İlham Əliyev Abbas Abbasov haqda çox sərt danışıb

İlham Əliyev Abbas Abbasov haqda çox sərt danışıb

12-12-2012, 12:00
Oxunub: 4 066 Vahid Ələkbərov, İsgəndər Xəlilov, Rüstəm İbrahimbəyov, Telman İsmayılov, Araz Ağalarov, Söyün Sadıqov kimi məşhur simaları öz ətrafında birləşdirən RATİ-nin qarşıdakı günlərdə hansı addımlar atacağı bəlli olmadığından Azərbaycan hakimiyyətinin də narahatçılığı davam edir. Bu arada redaksiyamıza “Milyarderlər ittifaqı”na rəhbər seçilən Abbas Abbasov haqda yeni məlumatlar daxil olub. Belə aydın olur ki, A.Abbasovun Azərbaycandakı vəziyyəti son günlər daha da pisləşib. Onun ailə üzvləri də dar çərçivədə bunu etiraf ediblər. RATİ Koordinasiya Şurasının üzvü, Ziyalılar Forumunun təsisçilərindən olan kinorejissor Rüstəm İbrahimbəyov da son müsahibələrinin birində “Azərbaycandan ittifaqa çox böyük, dəhşətli təzyiqlər göstərilir. Bəlkə də ittifaq fəaliyyət göstərmədi. Çünki burada Abbas Abbasovun ailəsini şantaj edir, ona təzyiq göstərirlər”, – demişdi.

Bu da faktdır ki, prezident Əliyev indiyə qədər bu mövzudan danışmayıb, açıqlama verməyib. Lakin bilgili qaynaqlar deyirlər ki, o, dövlət ərkanının bir qisminin də qatıldığı tədbirlərin birində A.Abbasov haqda çox sərt ifadələrlə fikirlərini səsləndirib. O, hesab edir ki, A.Abbasov Azərbaycan dövlətinə və iqtidarına xəyanət edib və hazırda Rusiyanın oyununu oynamaqla məşğuldur. Bu, olduqca ciddi bir detaldır və Moskvada riskli oyunlara girən oliqarxın qələminin qırılması anlamına gəlir.

Məlumatlı mənbə bildirir ki, A.Abbasovun daxil olduğu “Milyarderlər ittifaqı”nın əslində əsas məqsədi Azərbaycan prezidentini qıcıqlandırmadan Moskvadakı diaspor təşkilatlarına nəzarəti tam ələ keçirmək idi. Məlum olduğu kimi, Diasporla İş üzrə Dövlət Komitəsi və diasporla bağlı kanallar Prezident Administrasiyasına (PA) bağlı olan, “Administrasiya” adlandırılan şərti qrupun nəzarətindədir və məhz onların əlindən Moskva kimi strateji xətti çıxarmaq istəyirdilər. Təsadüfi deyil ki, ilk bəyanatda da hədəf məhz o qrupun diaspor siyasəti olmuş və bu siyasət tənqidə məruz qalmışdı. Qeyd edək ki, ÜAK aparatını Bakıdan gedən adamlar formalaşdırıblar. Elə R.İbrahimbəyov da demişdi ki, qurumun strukturunu dəyişdirib özlərinə sərf edən bir neçə adamı təşkilat sədri Məmməd Əliyevə müavin qoyublar, onlar da çox zəif işləyirlər. R.İbrahimbəyov ÜAK rəhbərliyinin heç təşkilatı qeydiyyatdan da keçirə bilmədiyini, faktiki olaraq qurumun fəaliyyət göstərmədiyini də demişdi. Bakıdan Mikayıl müəllim adlı şəxsin ÜAK-a göndərilməsinə etiraz edən “milyarderlər” bu təşkilatın PA-nın Moskvadakı filialı kimi fəaliyyət göstərdiyini öncədən də bildirmişdilər.

“Milyarderlər ittifaqı”nın üzvləri bəyan edirdi ki, ermənilərə qarşı fəaliyyəti effektli hala salmaq, diasporun fəaliyyətini gücləndirmək, Azərbaycanın Moskvadakı təmsilçiliyini və diaspor problemlərini daha effektli həll etmək üçün bu addımları atıblar. Lakin bəlli olduğu kimi, bu addımlardan dərhal sonra ermənilərlə mübarizə əvəzinə yaxınlaşma prosesi baş verdi, görüşlər keçirildi. Azərbaycan hakimiyyəti də ən yuxarı səviyyədə siyasi qərar olaraq bu addımı pislədikdən sonra isə RATİ fəaliyyətini dondurduğunu elan etdi.

Amma diqqətçəkən məqam budur ki, bu qədər tənqidə, Azərbaycan dövləti ilə bağlı onların bəzilərinin, xüsusilə A.Abbasovun sədaqət andı içməsinə baxmayaraq bu günə qədər də “Milyarderlər ittifaqı”ndan istefalar olmayıb. A.Abbasov Azərbaycan prezidenti ilə görüşməyə cəhd göstərib. Ancaq buna nail olmasa da, istefa addımını atmayıb. Mənbə deyir ki, o, bu addımı ata bilməz: “Əgər Abbas Abbasovun özünə qalsaydı, Azərbaycandakı biznesini, tərəfdarlarını, oğlunun siyasi perspektivini xilas etmək naminə bunu dərhal edərdi. Lakin hazırda o, Azərbaycanda yox, Moskvada yaşayır, orda da biznesi var. Belə görünür ki, Abbas müəllim Azərbaycandan daha çox məhz Moskvaya bağlı olduğu üçün bu addımı ata bilmir”.

A.Abbasovun hazırda qaldığı ikili atəşdən biri də Moskvadakı ciddi dairələrdir. Ondan Moskvada narazıdır; bunun da səbəbi RATİ adlı layihənin icraatına start verdiyi zaman A.Abbasov tərəfindən Rusiya iqtidarına verilən sözlər olub. O bildirib və rəy verib ki, buna Azərbaycanın siyasi hakimiyyətinin heç bir mənfi reaksiyası olmayacaq, prezident Əliyev də buna dözümlü yanaşacaq və RATİ Azərbaycanda da normal şəkildə fəaliyyət göstərə biləcək: “Məhz bu səbəbdən də prezidentin ailə üzvlərindən birini, onun qudasını, məşhur iş adamı Araz Ağalarovu da siyahıya daxil etmişdilər. O rəyi də Abbas Abbasov verib ki, məhz Ağalarov da orda olsun və bu təşkilatın prezidentə qarşı olmadığı əyan olsun. Eyni zamanda o, bunun məhz Ramiz Mehdiyev qrupuna qarşı olduğu və diaspora nəzarəti həmin qrupun əlindən çıxararaq öz nəzarəti altına keçirə biləcəyi haqda rəy verib. Lakin bunların heç biri baş vermədi və Azərbaycan hakimiyyəti bu addımı birmənalı pislədi. Eyni zamanda, Rusiyanın Azərbaycan hakimiyyəti və cəmiyyəti yanında mövqeləri sarsıldı. Üstəlik, bu addım mediada Rusiyaya qarşı kampaniyaya rəvac verdi. Rusiyanın Azərbaycanın işlərinə qarışması və separatizmi körükləməsi haqqında iddialara səbəb oldu. Bu iddialar hətta müxalifət mətbuatına yol tapdı, cəmiyyətdə də geniş rişələndi. Bu da nəticə etibarilə Rusiyaya və guya onun Azərbaycana yönəlik siyasətinə müəyyən faydalar gətirmək əvəzinə tam tərsinə işlədi, onun ziyanına oldu”.

Qaynağımızın sözlərinə görə, xüsusilə də bu layihədə Abdulatipovun adının olması Azərbaycan cəmiyyətindəki şübhələri artırdı ki, bu, məhz avar separatizmini və Şimali Qafqazda separatizmi qızışdırmaq üçün atılan addımlardır. Bu təşkilatın yaradılmasında Azərbaycan hakimiyyəti ilə münasibətlərində aşkar soyuqluq hiss olunan Rusiya prezidenti Putinin adının dəfələrlə hallandırılması da şübhələri artırır. Ancaq gələn məlumatlarda o da var ki, Putin dəfələrlə özünün rəsmi və qeyri-rəsmi xətləri ilə Bakının diqqətinə çatdırıb ki, bu, Rusiyada yaşayan azərbaycanlıların layihəsidir, o, bu layihənin başında deyil və RATİ-ni Azərbaycana qarşı yönəlmiş bir layihə saymır. Lakin diqqətçəkən tərəfi budur ki, Kreml RATİ-nin bir növ himayə edilməsi prosesini davam etdirir. Mənbə iddia edir ki, təşkilatın indiyə qədər dağılmamasının, tərkibinin tam şəkildə istefaya getməməsinin də əsas səbəbi budur.
Redaksiyamızın əldə etdiyi məlumata görə, hazırda ən kritik vəziyyətdə qalan fiqurlardan biri də “AzerRos” prezidenti Söyün Sadıqovdur. Lakin onun Azərbaycanla bağlı heç bir əlaqəsi olmadığı üçün burada ona problem yarada bilmirlər. R.İbrahimbəyov isə həddən artıq böyük fiqurdur və hakimiyyətin ona “dişi batmır”. Yeganə diş batası və pis vəziyyətdə qalan şəxs A.Abbasovdur və hazırda o, “iki atəş” altındadır. O, həm Rusiyanın müəyyən çevrələri tərəfindən bu layihəni bacarıqsız şəkildə irəli sürüb həyata keçirməsi ilə bağlı tənqid olunur, həm də Azərbaycan hakimiyyəti artıq onu nəzərindən silib. Çox böyük ehtimalla irəliləyən aylarda A.Abbasovun ailə biznesinin və onun yaxınlarının, siyasətdəki mövqelərinin tamamilə laxladılmasının şahidi olacağıq.

Başqa bir mötəbər mənbə isə A.Ağalarovun “Milyarderlər ittifaqı”nda olmasının sirrini bizimlə bölüşüb. Bu iddialara görə, iş adamı heç də öz qudasına, Azərbaycan prezidentinə qarşı olan layihədə yer almaq istəməyib. O, sadəcə olaraq prezidentə telefon açaraq belə bir layihəyə dəvət olunduğunu deyib, bu barədə məsləhətləşib. Ölkə başçısı isə buna etiraz etməyib. Müşahidəçilər ölkə başçısının bu qərarını Rusiyada böyük biznes imkanlarına malik olan A.Ağalarovu risk altında qoymamaq üçün verdiyini deyir. (musavat.com)