BDU gözlərdən “antikorrupsiya pərdəsi” asır?
1-03-2011, 11:35
Oxunub: 8 091
Azərbaycan prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkədə başlanmış antikorrupsiya tədbirlərinin bir ayı tamam oldu.
Yanvarın 27-də prezident yanında Korrupsiya ilə mübarizə komissiyasının Ramiz Mehdiyevin rəhbərliyilə keçirilən iclası ölkədə elə ilk gündən hiss olunan yeni ab-hava yaratdı. Korrupsiya ilə mübarizənin hazırkı tədbirlərini hələ 2005-ci ilin martında İlham Əliyevin imzaladığı antiiflyasiya tədbirləri barədə fərmanla başlanmış işin davamı və ya ikinci mərhələsi də adlandırmaq olar.
Başqa sözlə desək, Antikorrupsiya və antiiflyasiya anlayışları bir-birilə məzmunca çox bağlı olduğuna görə hazırkı antikorrupsiya tədbirləri hələ 2005-ci ildə başlanmış rəsmi antiiflyasiya tədbirlərinin davamıdır. Bu o deməkdir ki, hazırkı antikorrupsiya tədbirlərinin Yaxın Şərqdə başlanmış “Ərəb inqilab dalğalarının” əks-sədası və ya ondan doğan ehtiyat tədbir kimi nəzərdən keçirilməsinin real əsası yoxdur. Əsasən müxalif dairələrdən gələn bu tezisin, yanlış olmasına baxmayaraq, Milli Məclis üzvləri, hətta hakim partiyanı təmsil edən bəzi deputatlar tərəfindən də davam etdirilməsi gerçək proseslərin real məzmununu və mahiyyətini dərk etməzlikdən başqa bir şey deyil. Hazırkı antikorrupsiya tədbirlərilə 2005-ci ildə start verilmiş antiiflyasiya hərəkatı arasında kursiv bağlılıq və onun incə mahiyyətinin bir çoxları tərəfindən nəzərə alınmamasının ciddi səbəbləri var.
Məsələ burasındadır ki, 2005-ci ildə start verilən antiiflyasiya mübarizəsi bütün ölkəni əhatə etmədi. Çünki adından da göründüyü kimi, bu yalnız inflyasiya ilə birbaşa bağlı olan maliyyə, iqtisadi strukturların fəaliyyətinə aid iş kimi təzahür etdi. Formal olaraq da görmək mümkündür ki, sosial, və digər qeyri-istehsal sahələrinin inflyasiya prosesilə birbaşa heç bir bağlılığı yoxdur və ola bilməz. Ancaq antikorrupsiya tədbirləri elə məzmuna malikdir ki, onun əks-sədası və təsirləri ölkənin istehsal, qeyri istehsal, sosial, təhsil, səhiyyə, ticarət, nəqliyyat və s. ibarət bütün ictimai – dövlət həyatını bürüdü. Geniş məzmunlu bu yeni dalğa hansısa təsadüf nəticəsində ərəb ölkələrindəki proseslərlə zamanca üst-üstə düşdüyünə görə bəziləri onu 2005-ci ildə başlanmış antiinflyasiya hərəkatının yox, səhvən “ərəb inqilab proseslərinin” əks-sədası kimi nəzərdən keçirməyə başladı.
Antikorrupsiya tədbirləri, yuxarıda dediyimiz kimi, özünü bütün sahələrdə, ən müxtəlif formalarda təzahür etdirdi. İstisnasız olaraq, bütün rəsmi qurumlarda müvafiq toplantı və müzakirələr keçirildi, ümimiləşdirmələr aparıldı, yeni iş üsulları elan edildi və sair.
Bir neçə gün əvvəl isə Bakı Dövlət Universitetində korrupsiya və əyintilərlə mübarizə tədbirlərinin nəticəsi kimi yayılan maraqlı rəsmi xəbərlərə əks reaksiyalar da özünü çox gözlətmədi. Rəsmi xəbərdə deyilirdi ki, Bakı Dövlət Universiteti (BDU) rektorluğunun genişləndirilmiş iclası keçirilib. Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. İclasda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetdə növbəti islahatlara start verildiyini bildirib. İclasda Hüquq, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültələrinin tələbələrindən rektorluğa daxil olmuş şikayət və təkliflər geniş araşdırılaraq, müşahidə edilmiş neqativ halların qarşısını almaq, əmək intizamını daha da möhkəmləndirmək məqsədilə radikal qərarlar qəbul edilib. Hüquq fakültəsinin dekan vəzifəsini icra edən professor Firudin Səməndərov vəzifəsindən azad edilib. Prorektor, professor Elxan Hüseynova islahatlar aparmaq, müvafiq radikal qərarlar qəbul etmək və əməli təkliflər hazırlamaq üçün qısa müddətə həmin fakültəyə dekan vəzifəsini icra etmək tapşırılıb.
Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin işində dönüş yaratmaq, həmin fakültədə ciddi kadr islahatları aparmaq, dekanlığın işində olan boşluqları aradan qaldırmaq məqsədilə tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyevin rəhbərliyilə komissiya yaradılıb.
Eyni zamanda, işdə buraxdığı ciddi nöqsanlara görə Mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov vəzifələrindən azad edilib. Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimova isə son xəbərdarlıqla şiddətli töhmət verilib.
Həmçinin, BDU Kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib.
İclasda fakültə dekanlarına və struktur rəhbərlərinə bir vəzifə olaraq tapşırılıb ki, bütün müraciətlərə, xüsusilə tələbələrə son dərəcə diqqət və həssaslıqla yanaşsınlar, işlərində ciddi dönüş yaratsınlar. Qeyd olunub ki, gözlənilə bilən bütün neqativ halların qarşısı birmənalı şəkildə alınmalı, universitetin nüfuzuna xələl gətirə bilən heç bir hərəkətə yol verilməməlidir. Bütün bunlar əladır. Ancaq görək həyata keçirilən tədbirlərin elə universitetin özündə və cəmiyyətdə doğurduğu reaksiyalar da əladırmı?
BDU Azərbaycan təhsil ocaqlarının həm tarixilik, həm də tanınma kontekstində hamısının ağsaqqalıdır. Sözsüz ki, bu təhsil ocağında baş verən istənilən hadisə pis, yaxşı olmasından asılı olmayaraq, ən azı, təhsil sferasında başqaları ilə müqayisədə daha gurultulu və həssas reaksiyalar doğurur. Müşahidələr gözlənir ki, BDU-da korrupsiya ilə mübarizə kimi təqdim edilən faktlar Universitet ictimaiyyəti arasında göstərilən effekti yaratmayıb, daha doğrusu, hər şeyi gözünün önündə görən çoxminli professor və müəllim-tələbə kollektivi tədbirlərə şübhə ilə yanaşır, rəhbərlikdən daha çox şey gözləyirlər. Məsələn, deyilənə görə, işdən çıxarılmış Firudin Səməndərov hansısa səbəbdən dekan vəzifəsini onsuz da icra etmirmiş, onun bu postdakı işi yalnız formal xarakter daşıyırmış, fakültənin bütün işlərinə faktiki onun müavini Məhəmməd İmanlı rəhbərlik edirmiş.
Əlbəttə, konkret olaraq hüquq fakültəsində neqativlərin mövcudluğu barədə danışılan söz-söhbətlərin nə qədər həqiqət olub-olmadığını deyə bilmərik, fakültədə tənqid və narazılıq doğuran halların yaranmasında şəxsən dekan müavini Məhəmməd İmanlının da hansısa rol oynadığını iddia etmirik, istisna etmirik ki, mövcud neqativlər həm dekanın, həm də dekan müavininin idarəsindən kənar subyektlərlə bağlı ola bilər. Ancaq bütün hallarda nisbi olaraq üstünlük təşkil edən rəy ondan ibarətdir ki, guya bütün neqativlərin səbəbi kimi vəzifədən azad edildiyi deyilən Firudin Səməndərov əslində indi yox, çoxdan bu vəzifəni icra etmirmiş, hətta fakültəyə də mütəmadi gəlmirmiş…
Deyilənə görə, cəzalandırılmış Sədiyar Zeynalov da əslində çoxdan universitetə gəlib-getmirmiş və onu da BDU-da çoxdan işdən azad edilmiş adamların sırasına qataraq korrupsiya və neqativlərlə mübarizənin guya ən isti və hərarətli faktları kimi təqdim edirlər.
Bununla da qocaman təhsil ocağının korrupsiya ilə mübarizəyə çox fəal qoşulduğuna dair gözdən pərdə asılır. Xeyli əvvəllər işdən azad edilmiş adamlar guya təzəcə “vurulmuş” şəxslər kimi təqdim edilir, saxta statistik mənzərə yaradılır. Əslində isə universitetdə neqativ və korrupsiya tərkibli görünən fəaliyyət sahiblərinin bir çoxu hələ də vəzifəsində və işində qalmaqdadır.
BDU-nun özündə son təmizləmə xəbərlərinin doğurduğu bu və buna bənzər digər skeptik rəyləri aradan qaldırmaq, sözsüz ki, birinci növbədə Universitet rəhbərliyinin problemidir və onun elan edilmiş faktların ardınca daha hansı addımlar atacağından, nə qədər ardıcıllıq nümayiş etdirəcəyindən asılı olacaq. İstisna deyil ki, BDU-da son xəbərlər barədə fərqli rəydə olanlar da var. Odur ki, həm adıçəkilən şəxslərin, həm də fərqli rəydə olanların fikirlərini çap edə bilərik.
//”Bakı-Xəbər”
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman