BolgeXeber.Com » Siyasət » DAHA 1300 HƏRBÇİ “KOLXOZÇU MƏKTUBU” YAZDI

DAHA 1300 HƏRBÇİ “KOLXOZÇU MƏKTUBU” YAZDI

29-01-2013, 14:35
Oxunub: 3 783 Onlar da müdafiə naziri Əbiyevin müdafiəsinə qalxdı

Yanvarın 26-da Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun bəyanatına daha 1300 hərbçi qoşulub. Bu barədə modern.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bəyanata Şəmkir bölgəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidməti fəaliyyət göstərən 1300 hərbçi imza atıb.
Qeyd edək ki, yanvarın 26-da verilən ilk bəyanata general-mayor Yaşar Aydəmirov başda olmaqla, 150 hərbçi qoşulmuşdu. Onlar ordu barədə mənfi fikirlər səsləndirilməsinə etiraz edib. Xatırladaq ki, yanvarın 27-də Beyləqan korpusunun 200 zabiti nazirliyə qarşı kampaniya ilə bağlı bəyanat vermişdi.
Bəzi müşahidəçilər hesab edir ki, əslində bu işin arxasında müdafiə naziri Səfər Əbiyevin müdafiə mövqeyindən çıxaraq rəqiblərinə qarşı hücuma keçməsi dayanır. Güman olunur ki, orduda baş verən əsgər ölümlərinin sayının artmasından sonra hədəfə çıxdığının fərqində olan müdafiə naziri də öz çevrəsində güclü müdafiə həlqəsi yaratmaq istəyir.
Düzdür, MN bütün bu kimi iddiaları təkzib edir. Ancaq ordunun zabit, gizir və əsgər heyətinin özbaşına “zəhmətkeş” məktubları yazması heç kimə inandırıcı görünmür. Torpaqlarının 20 faizi işğalda olan ölkənin ordusunun bu gün imzatoplama kampaniyası ilə məşğul olmağa vadar edilməsi isə ən azı təəssüf doğuran hadisədir.
Dünən ordudan növbəti itki xəbəri gəldi. Belə ki, 20 günün əsgərinin xəstəlikdən dünyasını dəyişdiyi açıqlandı. Ancaq bu kimi itkilərin fonunda ordunun heyəti gülməli bir kampaniyaya sövq edilib ki, bu da ekspertlər tərəfindən mənfi qarşılanır.
Hərbi ekspert Azad İsazadə deyir ki, sonuncu və qurtarmayan ölüm hadisələri ilk növbədə bütün təzyiqləri müdafiə nazirinin üstünə yönəldir: “Söhbət konkret halda Səfər Əbiyevdən yox, müdafiə naziri postunu tutan şəxsdən gedir. İndiki halda ya vəziyyəti radikal düzəltmək, ya da işdən çıxmaq lazımdır. Bu gün valideynlər razıdır ki, öz balalarını istənilən qoşun növlərində xidmətə göndərsinlər, təki Milli Ordu olmasın. Halbuki Milli Ordu ən şərəfli qulluq yeri hesab olunmalıdır. O biri güc strukturları isə müharibə vəziyyəti olan dövlət üçün ikinci dərəcəli olmalıdır”.
Ekspert deyir ki, quru təriflə, bəyanatlarla vəziyyət düzələn deyil: “Hərbdə kollektiv məktublar olmamalıdır. Orduda hər bir zabit özünə cavabdehdir, yalnız öz komandirinə raport yaza bilər. Ordu mülki həyat deyil ki, imza yığılsın. Peşəkar orduda imza yığılması anlayışı yoxdur”.