BolgeXeber.Com » Siyasət » Elşad Abdullayev bu gün yeni video yayacaq

Elşad Abdullayev bu gün yeni video yayacaq

30-01-2013, 10:05
Oxunub: 3 787 Son günlər bölgələrdə baş verən hadisələr cəmiyyətin əsas müzakirə mövzusudur. 2003-cü ildən bəri çəkdiyi gizli videoları 2012-ci ilin sentyabr ayından yayımlamaqla cəmiyyəti silkələyən sabiq ABU rektoru Elşad Abdullayev bu səbəbdən arxa plana keçib. Halbuki o, ifşaedici videoları ilə hakimiyyəti sarsıtmağa nail olmuşdu.


Qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı şübhəli qismində həbs edilmiş iş adamı Arzu Kazımovu ifşa etmək üçün yaydığı son videodan sonra E.Abdullayevin atacağı növbəti addımlar diqqət doğurur. Sabiq rektorun növbəti planı nədir?

E.Abdullayevin sözçüsü Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında dedi ki, hazırda yeni video üzərində işləyirlər və onu yaxın saatlarda yayacaqlar. E.Məcidlinin sözlərinə görə, bu video da Arzu Kazımovun ifşasına həsr olunub. Videoda A.Kazımovla yanaşı, daha öncəki videoda görünən Rövşanə Əliyeva da var: “Yayılan hər yeni video istintaqın gedişinə təsir göstərmək məqsədi daşıyır. Bu video da Arzu Kazımovun ifşasına yönəlib. Məqsəd Arzu Kazımovun və vəkilinin yalanlarını ortaya çıxarmaqdır. Arzu Kazımovun vəkili bizi məcbur edir ki, biz onun müdafiə etdiyi şəxs haqqında daha geniş və ətraflı videolar yayaq. Əslində hazırda Arzu Kazımova ən böyük zərəri onun vəkili vurur”.

E.Məcidli E.Abdullayevin yanvarın 30-na (bu gün-S.T.) yeni bir plan hazırladığını söylədi. Kimsənin duyuq düşməməsi üçün onu indidən açıqlamadıqlarını deyən E.Məcidli bu planın da işin gedişi üçün əhəmiyyət daşıyacağını vurğuladı.

O, sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı hələlik bir gəlişmə olmamasına da münasibət bildirdi. Dedi ki, əvvəlcə bütün ittihamları Sevinc Babayevanın üzərinə yıxıb məsələni dələduzluqla bağlamaq istəyirdilər: “Sevinc Babayeva bunu qəbul etmədiyi üçün aradan götürüldü. Çox güman ki, hazırda Gülər Əhmədovanı eyni yola məcbur edirlər, yəni bu dəfə Gülər Əhmədova hər şeyi öz boynuna götürməklə sonuncu adam Ramiz Mehdiyevi qorumalıdır. Ramiz Mehdiyev öz postunu qorumaq üçün indi də Gülər Əhmədovanı qurban verməyə hazırlaşır. Görünən odur ki, Gülər Əhmədova bundan imtina edib və dələduzluq maddəsi ilə həbsə girməyə razı deyil, həbsə girəcəyi halda hər şeyi danışacağını bildirib”.

Vəkil Adil İsmayılov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, E.Abdullayevin videolarına marağın yox dərəcəsinə enəcəyinə inanmır. Onun fikrincə, bu videolara maraq kifayət qədərdir və olacaq. Vəkil dedi ki, E.Abdullayevin bu videoları yaymaqda məqsədi qardaşı Mahir Abdullayevlə bağlı aparılan istintaqı fəallaşdırmaqdır: “Nə qədər ki bu fəallıq olmur, Elşad Abdullayev də bu videoları yayır və yayacaq”.

Vəkil “Artıq Elşad Abdullayevin videoları cəmiyyətdə ilk dəfəkilər qədər effekt yaratmır. Bu, sizi narahat edirmi” sualına cavabında dedi ki, videolar öz nəticəsini verdi. Adil İsmayılovun dediyinə görə, E.Abdullayev də bu videoların yayımlanmasından gözlədiyini aldı: “Həm də təkcə Elşad Abdullayev yox, başqaları da bu videolardan yararlanırlar. Başqaları deyəndə müxalifəti və medianı nəzərdə tuturam”.