BolgeXeber.Com » Siyasət » Hərbi hissələrin qapıları jurnalistlər üçün açıq olacaq

Hərbi hissələrin qapıları jurnalistlər üçün açıq olacaq

5-03-2011, 00:10
Oxunub: 6 555
Bundan sonra bölgələrdəki hərbi hissələrdə "Açıq qapı" günləri keçiriləcək

Müdafiə Nazirliyi bu gündən bölgələrdəki hərbi hissələrdə mətbuat nümayəndələri üçün “Açıq qapı" gününün keçirilməsinə başlayıb. Bolgexeber.com-un bölgə müxbirinin verdiyi məlumata görə, tədbirlər ilk olaraq Qusar şəhərindəki N saylı hərbi hissəsindən başlayıb. Nazirliyin Tərbiyə İşləri İdarəsinin rəis müavini, hərbi tərbiyə və mənəvi psixoloji hazırlıq şöbəsinin rəisi Abdulla Qurbani bildirib ki, tədbirin məqsədi KİV nümayəndələrinə ordu quruculuğunda, hərbçilərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verməkdir.

Hərbi hissənin komandiri Oruc Abdullayev isə qeyd edib ki, 2007-ci ildən bəri hərbi hissədə yenidənqurma işləri geniş vüsət alıb, hərbi hissənin sosial-mədəni siması dəyişib, yaşayış şəraiti yaxşılaşdırıldığını bildirib. Onun sözlərinə görə, tibb məntəqəsi, 690 yerlik iki əsgər yataqxanası, çamaşırxana, müasir tələblərə cavab verən hamam müasir avadanlıqla təmin olunub. Artıq kənar bölgələrdən gələn hərbçilər kirayə yaşamayacaq. Belə ki, 75 yerlik şəxsi heyət üçün 5 mərtəbəli yaşayış binası tikilib. Bina bu yaxınlarda istifadəyə veriləcək. Bundan əlavə qərargah üçün 3 mərtəbəli bina da inşa edilib. Mətbuat nümayəndələri ilə birgə tikililərə baxış keçirilib.

Tədbirdə şimal bölgəsində olan müxbirlərin ön cəbhələrdən birində keçiriləcək “Açıq qapı”da iştirak etməsi təklif edilib. A.Qurbani belə görüşü təşkil edəcəyinə dair söz verib.

Qeyd edək ki, "Açıq qapı"nın bütün bölgələrdə keçirilməsi planlaşdırılıb.