BolgeXeber.Com » Siyasət » Ələkbərovların kitabı bağlandı

Ələkbərovların kitabı bağlandı

15-02-2013, 14:15
Oxunub: 5 076 İlham Əliyevi qəzəbləndirən hansı hadisələr və kimlər olub?
İsmayıllının icra başçısı Nizami Ələkbərov işdən çıxarılıb. “Azərtac” dövlət agentliyi bununla bağlı prezident Ilham Əliyevin sərəncamlarını yayıb. Bir sərəncamla Nizami Ələkbərov Ismayıllı rayonu Icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub, digər sərəncamla isə Mirdaməd Mirsadıq oğlu Sadıqov Ismayıllı rayonu Icra hakimiyyətinin başçısı təyin edilib.
Mirdaməd Sadıqov Azərbaycan Aqrar Universitetinin rektoru idi.
“Azadlıq”a daxil olan məlumata görə, Nizami Ələkbərovun qardaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da istefaya göndərilə bilər. Çünki Ilham Əliyevin son müşavirədə Füzuli Ələkbərovu sərt şəkildə danladığı bildirilir. Məlumat üçün deyək ki, Ismayıllıda xalq etirazı məhz Ələkbərov qardaşlarının rayondakı özbaşınalığına görə baş vermişdi.
Başqa bir məlumatda isə deyilir ki, Ismayıllının polis rəisi Nizami Qocayevlə prokuroru Rahib Seyidovun işdən çıxarılması planlaşdırılır.
Məlumatlı mənbə bildirib ki, Ilham Əliyevin son müşavirədəki çıxışı baş verən bir neçə hadisədən qaynaqlanır. Bunlardan ən əsası Ismayıllı camaatının ayağa qalxmasıdır. Ölkə başçısı məmur övladlarının harınlığından danışanda Ələkbərov qardaşlarının Ismayıllıda etdiyi qudurğan hərəkətlərə işarə edib.
Başqa bir hadisə isə fevralın 6-da Yasamal rayonunda fəaliyyət göstərən “Elbaro” restoranındakı silahlı insidentdir. “Azadlıq”a sızan məlumata görə, həmin hadisəni törədən şəxs nazirlərdən birinin qardaşıdır. Sadəcə məsələnin ört-basdır edilməsi üçün hadisəni Samir Həsənov adlı şəxs üzərinə götürüb. Xatırladaq ki, insident zamanı 1968-ci il təvəllüdlü Aydın Məmmədov və oğlu 1993-cü il təvəllüdlü Emin Məmmədov yaralanıb. Aydın Məmmədov restoranda anasının doğum gününü qeyd edirmiş.
Məclisin sonuna yaxın Eminlə qonşu masada əyləşən həmyaşıdı arasında mübahisə düşüb. Mübahisəyə sonradan onun atası qoşulub. Və sonda məlum hadisə baş verib.
Sahibkarların incidilməsinə gəlincə, Ilham Əliyev əsasən “Binə”də və Imişlidə baş verənləri nəzərdə tutub. “Binə”nin sahibi Kəbirə Məmmədova icarədarlardan əlavə haqq tələb etdiyi üçün onlar etiraz aksiyasına qalxmışdı. Imişlidə isə icra başçısı Vilyam Hacıyev sahibkarlara rayonda abadlıq işləri gördürüb pullarını verməmişdi. Bu da sahibkarların ayağa qalxmasına səbəb olmuşdu.
Gəncənin icra başçısı Elmar Vəliyev də müşavirədə Ilham Əliyevin hədəfinə gəlib. Bu barədə artıq mətbuatda yazılıb. Hətta bildirilir ki, Ilham Əliyevin danlağından sonra Elmar Vəliyevin halı pisləşib və hüşunu itirərək yerə yıxılıb. Görünür, Gəncənin sabiq polis rəisi Rasim Musayevlə Elmar Vəliyev arasındakı insident ölkə başçısının hiddətinə səbəb olub. Yeri gəlmişkən, bu məsələdə icra başçısının təqsirkar olduğu iddia edilirdi. Gözlənilir ki, Elmar Vəliyev də yola salınsın.
“Bizim Yol” da məlumat yayıb ki, Ilham Əliyevin məmurlara yönəlik hədələri telekanallarda yayımlananlardan daha sərt olub. Konkret icra başçılarını və nazirləri hədəfə alan ölkə başçısı Gəncə, Sumqayıt, Imişli, Salyan, Goronboy, Göygöl, Ismayıllı, Nərimanov, Xətai rayonlarının rəhbərlərinin ayağa qaldıraraq, onlara iradlarını bildirib. Ilham Əliyev adıçəkilən rayonlarda icra başçılarının sahibkarlara qarşı soyğunçuluq siyasətinin, rayonlarda ədalətsizliyin, özbaşınalığın baş alıb getməsindən xəbərdar olduğunu deyərək, onlara sonuncu xəbərdarlıq edib.
Gəncənin və Sumqayıtın icra başçılarının fəaliyyəti üzərində xüsusi ilə dayanan prezident onlardan vəziyyəti dəyişməyi tələb edib.
/Azadlıq/