BolgeXeber.Com » Siyasət » Bu gün Ermənistanda prezident seçkiləridir

Bu gün Ermənistanda prezident seçkiləridir

18-02-2013, 07:00
Oxunub: 3 529 Bu gün Ermənistanda prezident seçkiləridir. Ermənistan prezidenti postu uğrunda ölkənin hazırkı prezidenti Serj Sərkisyan, Milli Özünütəyin Partiyasının sədri Paruyr Ayrikyan, sabiq baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, sabiq xarici işlər naziri, “Miras” partiyasının sədri Raffi Ovanisyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutunyan, Qondarma “DQR”in sabiq “xarici işlər naziri” Armen Melikyan və müstəqil namizədlər Andrias Qukasyan və Vardan Setrakyan mübarizə aparacaq.
Qeyd edək ki, Ermənistan prezidentliyinə əsas iddiaçı hazırkı prezident Serj Sərkisyan hesab olunur. 2008-ci ildə ciddi qarşıdurmalarla yadda qalan seçkilər nəticəsində siyasi müttəfiqi Robert Köçəryanın varisi kimi hakimiyyətə gələn Sərkisyanın ikinci müddətə seçiləcəyinə az şübhə var.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanda hazırkı hakimiyyət bütövlükdə Rusiyanın əsarəti altındadır. Onun fikrincə, seçkilər də Moskvanın nəzarəti altında keçəcək: “Seçki kampaniyası tamamilə Rusiyanın dominantlığı altında keçir. Rusiyanın hərbi xadimlərindən xüsusi xidmətlərinə qədər çoxlu sayda kadrlar hazırda İrəvanda oturublar. Onlar seçkinin taleyinin necə olacağını müəyyən edəcəklər. Bunun qarşılığında müxalifətin güclü namizədi yoxdur. Müxalifətin ən güclü namizədi Ter Petrosyan idi, o da seçkilərə qatılmadı. Rusiya isə Ermənistanı silahlandırır, Ermənistanın arxasındadır. Rusiya faktoru bölgədə həlledici rol oynamaqda davam edir. Son iki ayda Azərbaycana təzyiqlər fonunda Rusiyanın Ermənistana bütün istiqamətlərdə yardımları daha da intensivləşdi. Hətta seçkilərdən sonra Rusiyanın Ermənistanı Azərbaycanın üstünə qısqırda biləcəyi ilə bağlı ehtimallar yayıldı”.
Q.Hüseynli deyir ki, Rusiyanın Ermənistanda apardığı işlər, bütün sahələrdə fəaliyyət hazırkı prezident Sərkisyanın seçilməsinə hesablanıb: “Rusiyanın yaratdığı fon - iqtisadi, siyasi, diplomatik, hərbi sahədə dəstəkləri, hərbi akademiya adı ilə qərargah yaratması Sərkisyanın əlinə işləyir. Rusiya siyasi texnoloqları da zatən Sərkisyanın ətrafındadır. Amma məsələ təkcə siyasi texnoloqlarla məhdudlaşmır, belə demək mümkündürsə, Rusiya siyasi elitasının böyük bir hissəsi fiziki cəhətdən olmasa da, mənəvi cəhətdən Sərkisyanın yanındadır. Bu siyasi, hərbi dəstəyi Ermənistan xalqı görür. Xalqın müəyyən hissəsi Sərkisyanı sevməsə də, millətçi əhval-ruhiyyəli, Qarabağa bağlı hissəsi Sarkisyanı Rusiyanın dəstəyini təmin edə biləcək yeganə siyasi fiqur kimi görür”.
Eyni zamanda Q.Hüseynliyə görə, alternativ qüvvələrin xeyli dərəcədə passiv və zəif olması S.Sərkisyanın seçilmək şanslarını gücləndirir. Bu baxımdan politoloq Sarkisyanın növbəti müddətə seçiləcəyini düşünür: “Seçki kampaniyasının sönük keçməsi, namizədlərdən birinin yaralanması, digərinin kampaniyadan çəkilməsi onu göstərdi ki, siyasi müxalifət seçki kampaniyasından sistemli və əlaqələndirilmiş formada istifadə edə bilmədi. Bu da hakimiyyətin əlinə işlədi. Deməli, Rusiya faktoru, üstəgəl, siyasi müxalifətin ciddi taktiki səhvləri və ola bilsin ki, MSK-nın fəaliyyəti Sırkisyanın seçilməsini real edən faktorlar sırasına daxildir”.
KƏNAN