BolgeXeber.Com » Siyasət » Məhkəmə icraçıları Gözəl Bayramlıya 10 gün vaxt veriblər

Məhkəmə icraçıları Gözəl Bayramlıya 10 gün vaxt veriblər

24-02-2013, 12:50
Oxunub: 4 367 Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin əməkdaşları AXCP sədrinin müavini Gözəl Bayramlıya razılaşdırılmamış aksiyada iştirak etdiyi üçün kəsilmiş cəriməni ödəmədiyinə görə, xəbərdarlıq ediblər.

“Yeni Müsavat”ın yazdığına görə, məhkəmə icraçıları aksiyada iştiraka görə 2 min manat cərimələnmiş Gözəl Bayramlının yaşadığı evə gəliblər: “Mənə bildirişi təqdim etdilər, 10 gün vaxt verdilər. 10 gündən sonra çox güman ki, evin əmlakını məhkəməyə təqdim edəcəklər. İzahatımda yazdım ki, aksiyalarda iştiraka görə fantastik həddə cərimələrin tətbiqilə bağlı qanun da, həmin qanun əsasında çıxarılmış məhkəmə qərarı da qeyri-qanunidir. ”Vətəndaş itaətsizliyi" kampaniyasında iştirak edirəm. Biz kampaniya iştirakçıları olaraq, tətbiq edilən qanunun ləğvini tələb edirik".

1993-cü ildən işsiz olduğunu deyən Gözəl Bayramlı bildirib ki, heç bir mülkiyyəti yoxdur. Üstəlik, cərimələrin məbləği də Azərbaycanda insanların yaşayış səviyyəsi, gəlirlərilə tərs-mütənasibdir. AXCP sədrinin müavini onu da əlavə edib ki, heç bir halda cəriməni ödəməyəcək və hüquqi qaydada şikayət verəcək.

Etiraz aksiyasında iştiraka görə 500 manat cərimələnən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin də Şəkidə yaşayan atasını yerli məhkəməyə çağırıblar: “Atamı çağırıb 10 gün vaxt veriblər. Deyiblər ki, bu müddətdə pul ödənilməsə, evin əşyaları siyahıya alınacaq”.

Qeyd edək ki, yanvarın 26-da Bakıda keçirilmiş etiraz aksiyasında iştiraka görə cərimələnən 25 nəfərin evlərinə məhkəmə icraçıları gələrək, mənzillərdəki əşyaları siyahıya alırlar. Artıq AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənlinin cəriməsi müqabilində əşyası müsadirə olunub.

Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərin və partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslının evlərindəki əşyalar isə siyahıya alınıb.