BolgeXeber.Com » Siyasət » İranın Azərbaycandakı səfirindən təkzibli təsdiq

İranın Azərbaycandakı səfirindən təkzibli təsdiq

24-02-2013, 13:40
Oxunub: 4 072 “Urmiyə gölünün quruması ilə bağlı yayılan xəbərlər doğru deyil”. Xəbərə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfirliyin internet resursunda yerləşdirilən açıqlamada bildirilib ki, bu gölün İran kimliyini, eləcə də ölkə və region üçün böyük önəm daşıdığını, hayati bir resurs olduğunu nəzərə alaraq, gölün qurtarılması üçün bütün imkanlar səfərbər edilir.

Səfirin sözlərinə görə, Urmiyə gölü qorunma indeksinə görə əla səviyyədədir: “Göl qurumaq təhlükəsi ilə üzləşməyib, əksinə, təxminən 2700 /km-ə bərabər olan bu gölün su hövzəsində 102 kiçik və böyük ada yerləşir, 19 çay bura axır”.

Səfir bu açıqlamasında Urmiyə gölü ətrafındakı 100 kəndin boşaldılmasını isə əslində təsdiqləyib:“ 100 kəndin boşaldılması barədə xəbərlərin isə Urmiyə gölü ilə heç bir əlaqəsi yoxdur. Bu, Makü şəhərinin ətrafındakı bəzi kəndlərin sel suyunun axışı xəttində olmaları ilə əlaqədardır”.

Səfir daha sonra bildirib ki, hazırda Urmiyə gölünün təxminən 200 hektarı qurumaqdadır: “Bu hüdudun ətrafındakı bəzi kəndlərdə kənd təsərrüfatı sahəsində işsizlik probleminin yaranması mümkündür. Lakin hökumət bu prosesi önləmək əzmindədir”.

M. Pakayinin bildirdiyinə görə, 15 il əvvəldən Urmiyə gölundə başlanan kəskin ekoloji vəziyyəti nəzərə alaraq, İranın ətraf mühitin qorunması üzrə təşkilatı ölkədəki göllərin qorunmasını nəzərdə tutan beynəlxalq proqram çərçivəsində və müxtəlif dövlət orqanlarının əməkdaşlığı ilə milli və gölətrafı yerli əyalətlər səviyyəsində ekologiya idarəçiliyi proqramını tənzimləməsinə start verib.

Səfir deyib ki, Urmiyə gölünün qorunması ilə əlaqədar İran prezidentinin birinci müavininin və 500-dən artıq yerli, xarici mütəxəssisin iştirakı ilə beynəlxalq konfrans keçirilib.