BolgeXeber.Com » Siyasət » Bəxtiyar Sadıqov Elşad Abdullayevdən yazdı

Bəxtiyar Sadıqov Elşad Abdullayevdən yazdı

5-03-2013, 12:35
Oxunub: 3 959 “Su axar, çuxurun tapar" - demişlər. Xalqın bu müdrik deyimi tarixin sınaqlarından dönə-dönə keçərək hər dəfə öz təsdiqini tapıb. Doğrudan da su düz yerdə dayanmır, axıb gedir. Elə ki bir çuxurla rastlaşır, dərhal ora dolaraq hopmağa başlayır.
Su və çuxur niyə bir-birini axtarır? Maraqlıdırmı?
Bu sualın cavabı isə başqa atalar sözündədir: "Taylı tayını tapmasa, günü ah-vayla keçər!" Yəni maye şəklində olan, Yerin relyefinə uyğun şəkildə formasını asanlıqla dəyişən su hökmən əyri yer tapıb ora dolmalıdır!
Söylədiklərimiz təbiətə aiddir. Təəssüf ki, cəmiyyətdə də (ikinci atalar sözündəki kimi) belə hallar tez-tez baş verir. Hərə öz ağlına, əqidəsinə, pul qazanmaq üslubuna uyğun adam taparaq əməkdaşlıq qurur.
"Kələklə gələn küləklə gedər" - məsəli isə başqa məna ifadə edir. Yəni hər kəs əməlinin girovuna çevrilərək özündən betərinə rast gəlir, aşına doğradığı qaşığına çıxdığından etdiklərinin "əvəzini" yeməli olur!
Elşad Abdullayev Beynəlxalq Universitetə rəhbərlik etdiyi dövrdə yüzlərlə tələbəni və valideyni aldadıb. "Təhsil vermək" adı ilə aldığı pulların müqabilində məzunlara bilik verilməyib, valideynlər isə xərclədikləri bir ətək pulun müqabilində "diplom" adı ilə heç nəyə yaramayan kağız parçasının sahibinə çevriliblər. Son vaxtlar heç o "kağız parçası" da verilmirdi.
Elə ki universiteti (aldatmaq imkanı) əlindən çıxdı, xaricə gedərək "məsum çocuq" libasını geyindi. Guya bu, düz olub, təmiz olub! Amma daim dələduzlara rast gəldiyindən onu aldadaraq pullarını əlindən alıblar!
O pullar hardandır, hansı yolla qazanılıb - bu barədə bircə kəlmə də danışılmır!
İkinci dilə gətirilməyən məsələ isə Elşad Abdullayevin görüşdüyü, söhbət etdiyi insanların səsini və video görüntüsünü almasıdır. Hüquqi tərəfini bir kənara qoysaq, kişilik söhbətinə də toxunmasaq, bu əməlin məqsədini asanlıqla taparıq. "Hüquq professoru" neçə illər bundan öncə qazandığı pulları da götürərək xaricə getməyi, "siyasi sığınacaq" almağı düşünürmüş. Azərbaycanda "demokrat" kimi tanınmayan kimlərinsə xaricdə sığınacaq alması müşkül məsələdir. Haqqında çoxsaylı şikayətlərin olduğu məqamda ölkədə qalmaq da yaxşı heç nə vəd etmirdi! Belə vəziyyətdə yeganə çıxış yolu antiazərbaycançı şəbəkəyə qoşulmaq, Azərbaycanın düşmənləri ilə bir cərgədə dayanmaq idi. Bu yerdə uzun illər boyu öz taylarını danışdıraraq "topladığı" "videoroliklər" karına gəldi.
Qardaşı müəmmalı şəkildə yoxa çıxdıqdan sonra özü kimi dələduzlara rast gələn Elşad Abdullayev (su çuxurun tapar) artıq antiazərbaycançı şəbəkənin əlində alətə çevrilərək Azərbaycana qarşı vuruşur!
İndi təkcə Elşad Abdullayevin "videoları"nı yox, özünü də fırladırlar! "Alim-hüquqşünasın" başqa çıxış yolu yoxdur! Əks-halda onu "sığınacaq hüququ"ndan" məhrum edərlər! Elə ən çox qorxduğu da budur!
Elnur Məcidlinin simasında özünə "pasiban" (taylı tayını) tapan Elşadın "hədəfləri" dəyişdikcə əsl məqsəd aydınlaşır: Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq, dövlətçiliyə sadiq ayrı-ayrı insanları ləkələmək, bəzilərindən isə nəyəsə görə qisas almaq!
Artıq Elşad Abdullayevlə əməkdaşlıq quran "yerli dələduzları" "beynəlxalq dələduzlar" əvəz edib!
Məqsəd aydınlaşdığından daha videolar "şok" effekti yaratmır!
Daş-tərəzinin ortaya qoyulacağı vaxt da uzaqda deyil!
Bəzən həqiqətin də zamana ehtiyacı olur! Gözləyək!
* * *
Aldadanların özlərini aldanmış, "məsum çocuq" qiyafəsində təqdim etdiyi bir vaxtda Azərbaycan mediasında da müəyyən "keyfiyyət" dəyişikliyi baş verməkdədir. Çap mediası sahəsində "qara siyahı" və ictimai rəy nəticəsində sıxışdırılan "reket qəzetçilər" elektron mediaya keçərək "reket saytlar"a çevrilirlər!
"Reket qəzetlər" kimi "reket saytlar"ın da bir qismi ayrı-ayrı məmurlar tərəfindən maliyyələşdirilir! Həmin məmurlar tərəfindən onlara "siyasi sifarişlər" verilir, hədəflər göstərilir, istiqamətlər müəyyənləşdirilir. Təəssüf doğuran hal olsa da, bu, belədir! "Qudurğanlar" və "harınlayanlar" sanki belə hərəkətləri ilə antiazərbaycançı şəbəkə ilə iş birliyində olduqlarını dərk etmirlər! Xoşbəxtlikdən Azərbaycan öz inkişafının elə bir mərhələsinə qədəm qoyub ki, belə "ideoloji təxribatçılar" heç nə edə bilməyərək yalnız könül bulandırırlar!
Şübhəsiz, axar sular durulacaq, haqq-ədalət öz yerini tutacaqdır. Bax, o zaman rüşvətxorlar və dələduzlar da, məkrli niyyətlilərin hədəfə aldıqları insanların kimlər tərəfindən və hansı məqsədlə adlarının hallandırıldığı da aydınlaşacaq! Və hərə öz əməlinin hesabatını verərək, cəzasını alacaq!
Bax, həmin günlərdə adlarını "jurnalist", "azad söz daşıyıcıları" qoyan qəzetlər və internet saytları axmaq vəziyyətində qalacaqlar! "Mövzunu" daim gündəmdə saxlamaq, qəzetlərin birinci səhifəsinin manşetinə çıxarmaq üçün aldıqları pullar burunlarından gələcək!
Demirəm ki, utanıb-qızaracaqlar! Yox, onsuz da utanmaq hissi "söz alveri" yolunu tutanlarda çoxdan qeybə çəkilib! Amma "qırx gündən" sonra meydana çıxan həqiqətlər jurnalist adı arxasında gizlənənlərin kimliyini qırxıncı dəfə məlum edəcək!
* * *
Aqressiv müxalifət mətbuatının, habelə antiazərbaycançı şəbəkəyə xidmət edən internet saytlarının xeyli müddətdir özlərinə "maraqlı mövzu" kimi seçdikləri bu məsələdən nisbətən ətraflı söhbət açmağım səbəbsiz deyil! Fevralın 2-də əvvəlcə "Moderator.az", ondan sonra "Qafqazinfo", daha sonra isə dağıdıcı müxalifətə xidmət edən qəzetlər "Elşad Abdullayevdə Bəxtiyar Sadıqov barədə 40 dəqiqəlik video var" anonsunu verdi.
Hətta bu barədə məndən açıqlama istəyənlər də oldu.
"Elşad Abdullayevdə sənin barəndə video var!" "Reket qəzet" və "reket sayt"ların yeni şantaj üsuludur! Əsl jurnalistlərin başqalarından bir fərqi ondadır ki, jurnalist düşündüyünü və dediyini ictimailəşdirir. Bəziləri kimi daldada duraraq barmaq tuşlamır, yaxud kiminsə pul kisəsinin arxasında gizlənmir!
Düşündüyümü ucadan deyəcəm: bu xəbərin anonsunu verən saytlar və qəzetlər həmin videonu göstərib stenoqramını dərc etməsələr, heç kişi deyillər!
Belə hesab edəcəyəm ki, həmin kollektivlərdə ancaq başıləçəklilər işləyir!
Heç bir bəhanə də qəbul olunmur!
Hər kəs dediyinin və yazdığının məsuliyyətini daşımalıdır!
Sözümün üstündə duracam! Yalnız material işıq üzü görəndən sonra bütün sualları cavablandıracağam!
P.S. Məqalə "Elşad Abdullayevin videosu var" şantajından dərhal sonra və "Elşad Abdullayev: Məndə Bəxtiyar Sadıqovla bağlı videogörüntü yoxdur" təkzibindən əvvəl yazılıb. Heç bir dəyişiklik aparılmadan dərc olunur.
Bəxtiyar SADIQOV