BolgeXeber.Com » Siyasət » Deputatlar hökuməti topa tutdular

Deputatlar hökuməti topa tutdular

16-03-2013, 09:10
Oxunub: 4 617 Milli Məclis hökumətin hesabatının müzakirəsini davam etdirib. Deputat Zahid Oruc dedi ki, o, çox istərdi ki, bu iclas prezidentin rəhbərliyi ilə keçirilən yanvar müşavirəsinin ruhuna uyğun keçirilsin. “Bizim əsasımız yoxdur ki, burda ancaq təriflər səsləndirilsin”-deyən deputat bildirib ki, parlament binasından çıxandan sonra o problemlərlə üz-üzə qalırıq və onları bu hökumət həll edəcək. “Əks təqdirdə əminəm ki, seçkidən sonra hökumət də yenidən formalaşacaq. Odur ki, o müşavirənin bütün qərarlarını rəhbər tutub regionlara getmək, vətəndaşları dinləmək lazımdır. 2013-ü ildə mən hökumətdən həmin müşavirədə qarşıya qoyulan məsəllərin həllini gözləyirəm”.
Deputat sənədsiz evlərin sayının 450 mindən artıq olduğunu deyib bu məsələnin həllinə çağırdı: “Düzdür bu vətəndaşlar, su, qaz, elektrik enerjisinin haqqını ödəyir. Ancaq onlar hüquqi müstəvidən kənardadır. Çox istərdim ki, cənab baş nazir bu məsələ barədə cənab prezidentə məruzə etsin və bu məsələnin həlli istiqamətində addımlar atılsın”.
Z.Oruc kredit faizlərinin yüksək olmasına da diqqət çəkdi, faizlərin aşağı salınması təşəbbüsü ilə çıxış etdi. Deputat qeyri-neft sektoruna vəsaitin artırılmasını da zəruri saydı. “Deməli, 23 sahədə problemlər var ki, Asan Xidmət yaradılıb. Deməli, hardasa çətin xidmət var. Mən hökuməti asan xidmətə keçməyə çağırıram”. O, anaların müavinətinin artırılmasını da təklif etdi: “Biz müharibə vəziyyətində olan ölkəyik, sabah bu vətənə əsgər lazım olacaq". Z.Oruc Rusiya və Türkiyə təcrübəsinə diqqət çəkdi. “Bizim rəqibimiz nə milyarderlər, nə siyasi qüvvələr, nə də digərlərdir. Bu millət İlham Əliyevə inanır və ona səs verəcək. Biz problemləri həll etməklə digər qüvvələri arqumentsiz qoyacağıq”-deyən Z.Oruc seçkidən də bəhs etdi.
Deputat İqbal Ağazadə güc strukturları və XİN başçısının iştirak etməməsinə etiraz etdi: “Mən neçə ildir burada güc strukturları və xarici işlər nazirinin hesabatını görmürəm. Konstitusiyaya görə, hökumət tam tərkibdə hesabat verməlidir”. Deputat müxalifətə qarşı YAP çoxluğunun çıxışlarına da etirazını ifadə etdi. O, hesabatın yalnız iqtisadi məsələlərdən ibarət olmasını düzgün saymadı. Siyasi məsələlər, o cümlədən ordudakı vəziyyətlə bağlı burda hökumətə çoxlu suallar var, onlara cavab verilməli idi".
İ.Ağazadə Bakı ŞİH-in aksiyalara icazə verməməsinin səbəbini də soruşdu. Həmçinin hökumətin hesabatını dəlil-sübutlarla sərt şəkildə tənqidi yanaşıb, hesabatı darmadağın etdi.
İ.Ağazadə “Filan şirkət filan qədər mebel satıbsa, bunun sənə, hökumətə nə aidiyatı var” deyə, bildirdi. Hesabatın əleyhinə çıxan deputat Azərbaycanı yeni iqtisadi doktrina qəbul etməyə çağırdı.
Fazil Mustafa bildirdi ki, biz nə qədər tərifləsək ki, real vəziyyət başqadır. “Əhalinin yaşayış səviyyəsində yaxşılığa doğru dəyişən çox az şeylər var. Hökumət cənab prezidentin çıxışları zamanı bloknota etdiyi qeydləri yerinə yetirsə, vəziyyətyaxşılığa doğru dəyişər. Gedin "Binə"də, "Sədərək"də nə baş verdiyini gözünüzlə görün. Bir gün 100 manat vergidən kənar istəyirlər, sabah ayrı məbləğ tələb edirlər. Heç olmasa rüşvəti sabit qaydada istəmirlər”.
“Səudiyyə Ərəbistanında həkim 5 min, bizdə 150 manatdır. 5 min maaş alan hansı həkim rüşvət alar?” deyən deputat hazırkı qaydada rüşvətə qarşı aparılan mübarizənin faydasızlığından bəhs etdi. O, müəllim və həkimlərin maaşını 50-60 faiz qaldırmağı təklif etdi.