BolgeXeber.Com » Siyasət » Sevinc Babayevanın son günü ilə bağlı şok detallar

Sevinc Babayevanın son günü ilə bağlı şok detallar

16-03-2013, 12:45
Oxunub: 4 990 Mərhumun oğluna ölüm günü göndərilən mesajlar nədən xəbər verir; Gülər Əhmədova müstəntiqi görən kimi halı pisləşir...
Qəzetimin ötən sayında xəbər vermişdik ki, sabiq YAP-çı deputat, hazırda həbsdə olan Gülər Əhmədova Elşad Abdullayevin yaydığı videomateriallarla bağlı ifadə verməyəcəyini deyib.
Bu barədə onun vəkili Raqif Mustafayev danışıb: “Gülər Əhmədovanın fikri belədir ki, Elşad Abdullayevin yaydığı videolar montajdır. Qanun da bunun sübut kimi götürülməsini nəzərdə tutmur. Bunun üçün videolar əsassız sayılmalıdır.
Gülər Əhmədova videolarla bağlı istintaqa ifadə verməyəcək. Lakin digər məsələlərlə bağlı ifadə verəcək. Biz videolarla bağlı ekspert rəyini də əsassız hesab edirik. Düzdür, həmin ekspert rəyi ilə bizi tanış etməyiblər, hər halda videolar saxtadırsa, onun ekspert rəyindən də nəsə gözləməyə dəyməz”.
Elnur Məcidli: “Gülər Əhmədova demək istəyir ki, peşman deyil”
E.Abdullayevin işini araşdıran bloqqer Elnur Məcidli isə “Yeni Müsavat”a açıqlamasında bunu qeyri-ciddi açıqlama adlandırdı. Onun sözlərinə görə, G.Əhmədovanın bu cür kəskin çıxışlar etməsi onun hələ də Ramiz Mehdiyevə güvəndiyini göstərir: “İfadə versə, Ramiz Mehdiyevi zərbə altında qoyacaq. Məncə, ondan ifadə almağa nail olacaqlar. Müstəntiq gələn kimi ürəyi gedir həbsxanada. Bu adam hələ də rol oynayır. Cinayətkara sədaqət prinsipi ilə razılaşa bilmərik”.
E.Məcidli düşünür ki, G.Əhmədovanın ifadə verməməkdə israr etməsi birmənalı deyil. Onun fikrincə, sabiq deputatın belə bir variantı var: “O, onu bu cinayətə təşviq edən Ramiz Mehdiyevi sona qədər qorumaqda israrlıdır. Buradan da çıxan nəticə budur ki, bu qadın dünənə qədər onun arxasında duran bu gücə hələ də arxayındır. Etdiyi səhvləri qəbul etmək əvəzinə törətdiyi cinayətdə peşmançılıq hiss etmir. Yəni bu günə qədər videolarla təsdiq olunmuş qanunsuz əməllərindən peşman deyil. Belə olan halda Gülər Əhmədovanı daha ağır cinayət məsuliyyəti gözləyir, O, özü də bunun fərqində olmalıdır”.
Ayxan Məmmədov Nəsimi Rayon Prokurorluğunda ifadə verdi
Mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında son gəlişmələr barədə danışdı. O dedi ki, dünən - martın 14-də onu Nəsimi Rayon Prokurorluğunda ifadə verməyə çağırıblar: “Mən də getdim, daha öncə Baş Prokurorluqda verdiyim ifadəni təkrarladım. Məndən izahat aldılar. Müstəntiqə dedim ki, bunların hamısını daha əvvəl demişəm. Dedilər, bizə nə tapşırıq verilirsə, onu da edirik. Bunların nə etmək istədiyini başa düşmürəm”.
A.Məmmədov daha sonra G.Əhmədovanın videolarla bağlı istintaqa ifadə verməməsinə də münasibət bildirdi. “Bunlar daha nə sübut istəyir” deyə sual edən A.Məmmədovun sözlərinə görə, bu videoların həqiqiliyi ekspertiza tərəfindən sübut edilib: “Baş prokuror Zakir Qaralov açıqlama vermişdi ki, videolar həqiqidir. Belə olan halda Gülər Əhmədovanın nədənsə imtina etməsi düzgün deyil. Mən narahatam ki, bu cür bəhanələrlə bu işi bağlasınlar”.
“Səlcuq Ağlayan mənə mesaj yazdı ki, o şərəfsizlərə de ki...”
A.Məmmədov G.Əhmədovanın vəkili Eldar Qədiminin “Səlcuq Ağlayan Sevinc Babayevanın tanışı olub, Gülər Əhmədovanın yox” açıqlamasına da münasibət bildirdi. O, əlində bunun əksini sübut edəcək xeyli sübut olduğunu vurğuladı: “Birincisi, bizim Türkiyədə tanışlarımız yoxdur. Biz Səlcuqu Gülər vasitəsilə tanımışıq. Hətta anam Türkiyədə xəstəxanada olanda Səlcuq mənə bir mesaj yolladı ki, ”Ayxan, o şərəfsizlərə de ki, sənə para versinlər. Bura para ilə gəl". Bu söhbət 2012-ci il, dekabrın 26-da baş verib. Şərəfsiz deyəndə isə o, Gülərgili nəzərdə tuturdu. Çünki daha öncə də pul məsələsini onlar həll etmişdi. O da pulu anamın xəstəxana xərclərinə görə istəyirdi. İnanmaq istəyənlər mənim telefon nömrəmi, ora gələn zəngləri, danışıqları, SMS-ləri üzə çıxara bilərlər. Onda bir daha aydınlaşar".
A.Məmmədov bu mesajı alandan dərhal sonra G.Əhmədova ilə danışdığını, daha sonra üzbəüz söhbətləşmək üçün sonuncunun evinə getdiyini bildirdi. A.Məmmədovun dediyinə görə, sabiq deputat onunla söhbətində maddi durumunun qənaətbəxş olmadığını deyib: “Pul əvəzinə isə mənə maşınını və evinin ”kupça"sını təklif elədi. Elə Gülərin evində olanda Səlcuq Ağlayandan mənə SMS gəldi ki, Ayxan, başın sağ olsun, anan dünyasını dəyişdi. Gülərin evinin qabağında, yan-yörədə çoxlu kamera var, qoy kamera qeydlərini də üzə çıxarsınlar. Onda bilinəcək ki, mən düz deyirəm. Həmin tarixdə onun evində olmuşam. Telefon danışıqlarımın, mesajlarımın da “raspeçatka”sını çıxarsalar, dediklərim sübut olunacaq".
A.Məmmədov anasının ölümündən sonra Türkiyəyə getmək üçün Baş Prokurorluqda baş tutan görüşün detallarını da açdı. Dedi ki, dekabrın 27-də prokurorluqda bu cinayət işinin istintaqını aparan müstəntiq Emzar Qocayevin yanına gedib: “Özü də mən prokurorluğa Gülərin vəkili Zülfiyyə Babayeva aparmışdı. Çünki o vaxt mənim ölkədən çıxmağıma stop qoyulmuşdu. Mən də müstəntiqlə danışandan sonra icazə ala bildim. O vaxt vəkil Zülfiyyə bir ara bayıra çıxdı, çox güman ki, Gülərlə danışıb qayıtdı. Sonra da müstəntiqə dedi ki, olarmı Gülər xanımın əri Fikrət Əhmədov da Ayxanla Türkiyəyə getsin. Amma mən etiraz etdim, dedim, ehtiyac yoxdur. Bu söhbəti müstəntiq də bilir. Onun yanında olub. Adama deyərlər, Gülər anamla rəfiqə deyildi, bu işlə heç bir əlaqəsi yox idisə, niyə ərini onun ölüsünü gətirmək üçün İstanbula yollayırdı. Bu işdə nə marağı vardı?”
Məşhur rejissor Elşad Abdullayevə görə dindirilir
Tanınmış rejissor, xalq artisti Mərahim Fərzəlibəyov Bakı Şəhər Prokurorluğunun müstəntiqi tərəfindən dindirilib. O, fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə 2003-cü ildə etdiyi telefon zənginə görə istintaqa çağırılıb.
M.Fərzəlibəyov Lent.az-a istintaq tərəfindən dindirildiyini təsdiq edib: “Qızım orada oxuyub, buna görə də 2003, ya 2004-cü il idi, Elşad Abdullayevə zəng eləmişdim ki, qızım dərsə gələ bilmir. Söhbətimiz qızımın təhsili ilə bağlı olub”.
M.Fərzəlibəyov onu da deyib ki, o müddətdə E.Abdullayevlə telefon danışığı olmuş hər kəs istintaq tərəfindən dindirilir və onların Abdullayevlə nə barədə danışması araşdırılır.
Rejissorun qızı ABU-da təhsilini başa çatdıra bilməyib və III kursda təhsilini yarımçıq dayandırıb: “Sonradan ödəniş edə bilmədiyim üçün qızım universitetdən xaric edilib. Sonra istintaqdan mənə dedilər ki, prokurorluğa gəlib dediklərimi təsdiqləməliyəm. Mən də prokurorluğa gedib Abdullayevlə telefon söhbəti barədə dediklərimi təsdiqlədim”.
Aznews.az-a açıqlama verən xalq artistinin dediyinə görə, E.Abdullayevə nə qədər “dil-ağız” etsə də qızının təhsil haqqı ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər: “300 manat nə idi? O verdiyim pullar da batdı, qızım da təhsil almadı. Orada 3 il oxudu. Bu müddətdə təhsil haqqını ödədik. Sonuncu kursa keçəndə təhsil haqqını ödəyə bilmədim. Zəng etdim ki, Elşad müəllim, sənətkar olduğuma görə mənə bəlkə 50 faiz güzəşt edəsiniz. O isə kobud şəkildə bunu edə bilməyəcəyini dedi. Mənə hörmət etmədi. Ona görə də başına bunlar gəldi”.
Ekspertlər hesab edir ki, bütün bunlar istintaqın guya hərəkət etməsi ilə bağlı görüntü yaratmağa hesablanıb. Onların fikrincə, hazırda istintaq bütün qüvvəsini ABU-dakı qanunsuzluqlarla bağlı fakt toplamağa səfərbər edib.
Sabiq YAP-çı deputat müstəntiqi görən kimi təzyiqi qalxır
Martın 9-da G.Əhmədovanın vəkili Raqif Mustafayevə istinadən mətbuatda qeyd olunmuşdu ki, sabiq YAP-çı deputatın ifadəsini almaq üçün müstəntiq onu da təcridxanaya dəvət etsə də hər hansı istintaq hərəkətləri aparmaq mümkün olmayıb. G.Əhmədovanın səhhəti o qədər pisləşib ki, müstəntiq özü də onun ifadə vermək iqtidarında olmadığını görərək təcridxanadan geri qayıdıb.
G.Əhmədovanın səhhətinin kritik olmasının səbəbi moderator.az-a məlum olub. Əhmədovanın vəziyyətinin birdən-birə kəskinləşməsinə səbəb onun haqqında başdan-ayağa qondarma ittihamlar irəli sürən Bakı Şəhər Prokurorluğu İstintaq İdarəsinin böyük müstəntiqi Emzar Eldar oğlu Qocayevi təkrar görməsi olub: “Gülər Əhmədova bu müstəntiqin yazdığı ittihamların birinci hərfindən sonuncu abzasına qədər yazılanların heç biri ilə razı deyil, yazılanları uydurma hesab edir. Ona görə də bunları yazan o müstəntiqi görən kimi təzyiqi, şəkəri birdən-birə çox yüksəyə qalxıb və özünü o qədər pis hiss edib ki, ondan nəsə soruşmaq belə mümkünsüz olub”.
G.Əhmədovanın əri Fikrət Əhmədovdan soruşduq ki, E.Qocayevin başqa müstəntiqlə əvəz olunması ilə bağlı G.Əhmədovanın vəkilləri hər hansı vəsatətlə çıxış etməyiblər, ya yox. F.Əhmədov dedi ki, müstəntiqin kimliyi və onun nə yazdığı onlar üçün o qədər də əhəmiyyət daşımır: “Kim olur olsun, hər şey qanun çərçivəsində olmalıdır. Yoxsa həmin müstəntiq ağlına nə gəlibsə onu da ittihamnamədə yazıb”.
F.Əhmədov Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun “Gülər Əhmədovanın vəziyyəti pis olsaydı, bizə xəbər edərdilər. Onun vəziyyəti yaxşıdır” açıqlamasına da münasibət bildirdi: “Hər halda onların təcridxanadan hər an və operativ məlumat almaq imkanları bizdən çoxdur. Ola bilsin ki, indi səhhəti qismən normallaşıb. Amma mən də o qənaətdəyəm ki, onun səhhətinin birdən-birə kritikləşməsi məhz həmin müstəntiqi görməsi ilə bağlı olub”.