BolgeXeber.Com » Siyasət » İcra başçisi kabinetində qadin məmuru döydü

İcra başçisi kabinetində qadin məmuru döydü

8-04-2011, 14:00
Oxunub: 6 261

Əbülfəs Qarayevin Qubadakı adamı təhqir olundu

Rauf Həbibov Quba TİM-in müdiri Könül Hacıyevanı bu rayondan didərgin salmaq istəyir; başçı mədəniyyət və turizm nazirindən onun işdən çıxarılmasını tələb edib, baş verənlərlə bağlı prezidentə məktub göndərilib
Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov Mədəniyyət və Turizm Nazirliyinin Quba Turizm İnformasiya Mərkəzinin (Quba TİM) müdiri Könül Hacıyevanı döyüb və təhqir edib. İcra başçısı otağındakı suvenir qabı ona atıb. Bundan sonra isə mərkəzin müdirini kabinetindən qovub.
Aldığımız məlumatı dəqiqləşdirmək üçün K.Hacıyeva ilə əlaqə saxladıq. K.Hacıyeva baş verənlərlə bağlı bunları dedi: “Mən bu barədə danışa bilmirəm. Biz məsələləri özümüz həll edəcəyik. Hələ heç nə bəlli deyil. Bu barədə danışmaq istəmirəm”. Quba Rayon İcra Hakimiyyətindəki mənbə isə bildirdi ki, başçı ilə K.Hacıyeva arasındakı konfliktin əsası mart ayının əvvəllərində qoyulub. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 9 mərkəz arasında seçim aparılıb və Quba TİM ən yaxşısı seçilərək Rusiyada keçirilən turizm sərgisində iştirak hüququ qazanıb. Mərkəzin rəhbəri K.Hacıyeva sərgiyə hazırlıq çərçivəsində layihə barədə icra başçısına məlumat verib və ondan kömək istəyib. Layihəni bəyənən icra başçısı sərgi üçün Türkiyədən sifariş edilmiş maket və suvenirlərin seçilməsinə köməklik göstərib. Üstəlik, sərginin keçirilməsi üçün pul da verib. Lakin sonradan icra başçısı layihədən heç nə əldə edə bilməyəcəyini görərək K.Hacıyevanı qəbuluna çağırıb və onu təhqir edib. İcra başçısı Türkiyədən alınan suvenirlərdən birini ona ataraq ərizəsini yazıb rayondan çıxıb getməsini tələb edib. Başçı bununla da sakitləşməyərək mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə zəng edərək K.Hacıyevanı Quba TİM-in müdiri vəzifəsindən çıxarmağı tələb edib. Nazir isə K.Hacıyevanın yaxşı işçi olduğunu, onu itirmək istəmədiyini deyərək, müdiri dəyişməyəcəyini qəti şəkildə bildirib. R.Həbibov isə öz növbəsində K.Hacıyevanın rayonda işləməsinə imkan verməyəcəyini söyləyib.
İcra başçısı hadisədən sonra Quba TİM-in işinə hər cür maneçilik törətdiyindən K.Hacıyeva prezidentə məktub da yazıb. “Quba Turizm Mərkəzindən prezidentə səsləniş” adlı məktubda bu məqamlar öz əksini tapıb:
“Xahiş edirik, Quba Rayon İcra Hakimiyyətinin başçısı və müavininin özbaşınalığına son qoyasınız! Mərkəz Quba rayonunu Moskvada, beynəlxalq turizm sərgisində uğurla təmsil etdikdən sonra Quba Rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlərə, təqiblərə məruz qalıb. Xahiş edirik, bu haqsızlığa SON QOYASINIZ! Əks təqdirdə, gənclərdən ibarət bütün kollektivimiz Quba TİM-də işləməkdən imtina edəcəyik!”
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı ilə əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı. Buna baxmayaraq, sözügedən olayla bağlı onun da mövqeyini dərc etməyə hazırıq./Yeni Musavat/