BolgeXeber.Com » Siyasət » Müxalifət hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdü

Müxalifət hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdü

8-04-2011, 14:00
Oxunub: 7 436
“Dedilər ki, əgər aksiya icazəsiz olsa, onda dağıdılacaq”

İctimai Palatanın paytaxt polisinin rəisi və şəhər prokuroru ilə görüş təşəbbüsü müsbət cavablandırılıb. Bu gün İctimai Palatanın Koordinaisya Şurasının üzvləri Vidadi Mirkamal və Vaqif Hacıbəyli Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşüb. Görüşdə 2 aprel mitinqində baş verən zorakılıqlarla bağlı müzakirə aparıblar.

V. Mirkamalın «Azadlıq»a verdiyi məlumata görə, görüşdə polisin 2 aprel aksiyasında mitinq iştirakçılarına qarşı işgəncə, kobudluq faktlarının olmasını diqqətə çatdırılıb. Lakin qarşı tərəf bununla razılaşmayıb. R.Abbasov aksiya zamanı polisin zorakılığa yol vermədiyini deyib: «Onlar fakt tələb etdi, biz də bu faktları təqdim etdik. Xüsusilə Nəsimi rayon polis idarəsinin rəis müavini Suleyman Nemətovla bağlı Bakı şəhər prokuroruna məlumat verdik. Onunla bağlı faktları sona qədər təqdim edəcəyik».

V.Mirkamal aksiya zamanı həbs edilənlərlə bağlı məlumat verildiyini də bildirdi. Hazırda həbsdə olan aksiya iştirakçılarının azad edilməsini istəyən İP nümayəndələri bunun cinayət işinin aparılmasına heç bir maneə törətmədiyini də hüquq-mühafiə orqanlrı nümayəndələrinin diqqətinə çatdırıb.

İP nümayəndələri 2 aprel aksiyası iştirakçılarının bu günə qədər polisə dəvət edildiyinə də aydınlıq gətirmək istəyib. Qarşı tərəf isə məsələnin araşdırılacağını vəd edib.

Görüşdə İP-in növbəti mitinqlərinin harada keçirilməsi məsələsi də müzakirə edilib. V.Mirkamalın sözlərinə görə, polis rəisi bu məsələnin onların səlahiyyətində olmadığını deyib: “Dedilər ki, icazəli aksiya keçirsəniz, bizim vəzifəmiz sizi qorumaqdır. Əgər aksiya icazəsiz olsa, onda aksiya dağıdılacaq”.