Gülər Əhmədova tez-tez huşunu itirir
7-05-2013, 09:15
Oxunub: 6 524
Hüquqşünas Müzəffər Baxış: “Sabiq deputatın həbsdə saxlanması üçün yeganə əsas onun tərəfindən cinayətin törədilməsidir”
Sabiq YAP-çı deputat, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova azadlığa çıxa bilər. Sabiq deputatın vəkili Əfsər Talıbov dünən minval.az saytının əməkdaşı ilə söhbətində işlə bağlı bəzi yeni detalları açıqlayıb. Vəkil deyib ki, mayın 4-də G.Əhmədovanın xahişi ilə Bakı şəhər prokuroru Əziz Seyidovun qəbulunda olub. Görüşdə məqsəd sabiq deputatın mesajını Bakı şəhər prokuroruna çatdırmaq olub.
Sabiq deputat və onun vəkilləri mayın 13-nə hazırlaşır. Həmin tarixdə G.Əhmədovanın həbsindən 3 ay keçəcək. Həbs müddətinin uzadılıb-uzadılmayacağı həmin tarixdə keçiriləcək məhkəmə prosesindən asılıdır. Ə.Talıbov Ə.Seyidovla görüşdə G.Əhmədova barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün müraciət edib: “Bu, Gülər xanımın xahişi idi. Mən Gülər xanımın səhhətindəki problemlər, müalicəsi ilə bağlı ona məlumat verdim. Himayəsində azyaşlı uşağın olması, habelə istintaqa yardım üçün deputatlıq mandatından imtina etməsini xatırlatdım. Bildirdim ki, Gülər xanım ev dustağı olacağı müddətdə də ölkəni tərk etməyəcək. Hörmətli Əziz Seyidov məni ehtiramla qəbul etdi və dediklərimi dinlədi. Amma hər hansı söz vermədi”.
Maraqlıdır, indiki situasiyada və hüquqi şərtlər daxilində G.Əhmədovanın azadlığa çıxma ehtimalı varmı?
Hüquqşünas Müzəffər Baxış açıqlamasında bildirdi ki, əgər G.Əhmədova barəsində seçilmiş həbs-qətimkan tədbiri mayın 13-də yekunlaşırsa, bu günə qədər sözügedən məsələ həll olunmalıdır. M.Baxış dedi ki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, həbs-qətimkan tədbirinin bitməsinə ən azı 7 gün qalmış prokuror məhkəməyə müraciət etməlidir: “Mən bilmirəm nə dərəcədə müraciət olunub, ya olunmayıb. Ya da ki, müdafiə tərəfi indiyə qədər seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Yalnız həbs-qətimkan tədbiri seçiləndən sonra müdafiə tərəfinin vəsatəti əsasında onun hüquqi statusunun həll edilməsi məsələsinə baxılacaq. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və müdafiə tərəfi bu barədə məhkəməyə müraciət edə bilər. İndi məhkəmə araşdırmalıdır ki, həqiqətən onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına zərurət var, ya yoxdur. Hər bir halda bu, məhkəmənin qərarı ilə həll olunmalıdır”.
Hüquqşünas dedi ki, müdafiə tərəfinin ev dustaqlığı ilə bağlı vəsatəti rədd edilsə, sonuncunun bu barədə apelyasiya instansiyasına şikayət ediləcəyi bildirilsə, onda məsələyə apelyasiya instansiyasında baxılanadək həbs-qətimkan tədbiri qüvvədə qalır və dəyişdirilmir. M.Baxış prosedur qaydalarının bundan ibarət olduğunu dedi: “Amma mən bilmirəm, bunlar hansı mərhələdədir. Həbs-qətimkan tədbirinin uzadılması barədə işə baxılarkən orda da vəsatət verilə bilər. Bunu ancaq bu məsələlərin sonrakı inkişafında bilə bilərik”.
M.Baxış müdafiə tərəfinin ev dustaqlığı ilə bağlı əsaslandırmasına - səhhətindəki problemlər, himayəsində azyaşlı uşağın olması, istintaqa yardım üçün daha öncə deputatlıq mandatından imtina etməsi - münasibət bildirdi. Dedi ki, deputatlıq mandatından imtina etməsinin bu məsələyə heç bir aidiyyəti yoxdur: “Amma sadalanan digər səbəblər Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsində ona əsas verən hallar kimi nəzərdə tutulub. Bunlar əsas verir ki, Gülər Əhmədova barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə baxılsın. Buna məhkəmə qərarı var. Sabiq deputatın həbsdə saxlanması üçün yeganə əsas onun tərəfindən cinayətin törədilməsidir”.
M.Baxış G.Əhmədova barədə həbs qərarının dəyişdiriləcəyi ilə bağlı proqnoz vermədi. Dedi ki, Azərbaycan çürük bir dövlətdir və burada məhkəmə hakimiyyəti yoxdur: “Bu, siyasi sifarişdən asılı olan bir məsələdir. Məhkəmə hakimiyyəti yoxdur ki, mən bu məsələyə həmin prizmadan baxım. Azərbaycanda məsələlər məhkəmə müstəvisində yox, siyasi müstəvidə həll olunur”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da “Yeni Müsavat”a açıqlamasında dedi ki, vəkil Ə.Talıbovun Bakı şəhər prokuroru Əziz Seyidov tərəfindən qəbul edilməsini əsas gətirərək məsələyə hər hansı bir mövqe bildirmək istəmir.
“Gülər Əhmədovanın səhhətindəki problemlər son zamanlar özünü daha tez-tez göstərir. Son günlərdə bir neçə dəfə huşunu itirib. Yalnız həkim müdaxiləsindən sonra vəziyyəti normallaşıb”.
Bunu aznews.az-a hazırda istintaq təcridxanasında saxlanılan sabiq deputat G.Əhmədovanın vəkili Raqif Mustafayev bildirib: “Biz məhkəmə prosesində də bəyan edəcəyik ki, Gülər Əhmədovanın həbsinin heç bir qanuni əsası yoxdur”.
Mayın 13-nə qədər keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində G.Əhmədovanın iştirakına gəlincə isə vəkil müdafiə etdiyi şəxsin məhkəməyə gətiriləcəyini bildirib: “Yəqin ki, Gülər Əhmədova məhkəməyə gətiriləcək”.
Sevinc TELMANQIZI
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər