“Mən nə bilim ki, bunun ürəyində ilan yatırmış”
23-05-2013, 16:40
Oxunub: 5 882
“Oturduğum kreslonu, Quran kitabını, seyfi, seyfin içində sənədləri, hətta eynəyimə kimi hər şeyi aparıblar”
Vəhdət sədri Hacı Əbdülün onu şallaqlaması məsələsinə aydınlıq gətirdi: “Mən nə bilim ki, bunun ürəyində ilan yatırmış”
“Tövbə” Cəmiyyətinin rəhbəri Hacı Əbdül Vəhdət Partiyasının sədri Tahir Kərimlini eks-prezident Ayaz Mütəllibova xəyanətdə ittiham edib. “Dedim axı, bu həmin Tahir Kərimlidir ki, ”Ayaz Mütəllibov istefa verməlidir" deyə saçlarını yolurdu. İndi nə oldu bəs. Bu həmin Tahir Kərimlidir ki, mən həbs olunanda Ali Məhkəmənin sədri idi.
Dəfələrlə ona məktub yazmışdım, bildirmişdim ki, mənim günahım yoxdur. Amma məktublarıma cavab verməmişdi. İndi nə üçün ona qoşulmalıyıq?" - deyən Hacı Əbdülün sözlərinə görə, Vəhdət sədri ilə əməkdaşlığa bir şərtlə razı olub ki, o, gəlib məsciddə camaatın qarşısında etdikləri əməllərə görə tövbə eləsin. Hacı Əbdül “tövbə mərasimi”ndən də danışıb. “Mən Moskvadan qayıdandan sonra Tahir Kərimli gəldi məscidə. Zalda oturduq, camaatın qarşısında. Mən tövbə ilə bağlı sözləri dedim, bu da təkrar elədi. Sonra dedim ki, tövbə elədin, indi uzan. Qayıtdı ki, arxası üstə uzanım, yoxsa üzü üstə? Dedim arxası üstə. Bu arxası üstə uzanan kimi götürdüm şallağı və üzümü göyə tutub dedim: Pərvərdigara şükür olsun sənin böyüklüyünə. Vaxt var idi mən bu adama ərizə yazıb xahiş edirdim ki, məni azad etsin, indi uzanıb qabağımda. Buna üç dənə şallaq vurdum” “- deyə, bildirib.
T.Kərimli ilə söhbətimizdə bu məsələyə aydınlıq gətirmək istədik.
- Tahir bəy, qərargah probleminiz həllini tapdımı?
- Yox, hələ qərargah problemimiz həll olunmayıb. Müvəqqəti icarəyə götürdüyümüz qərargahda otururuq, fəaliyyət göstəririk. Partiyanın əmlakı uzun müddətdir naməlum istiqamətə aparılıb. Bizim Əmlak Komitəsi ilə qərargahla bağlı müqaviləmiz var idi. Ancaq Ekologiya Nazirliyi gəlib həmin binada yerləşəndən sonra bizim əmlakımız da naməlum istiqamətə aparıldı, hələ də qaytarılmayıb. Yüzlərlə stol-stulu, oturduğum kreslonu, Quran kitabını, seyfi, seyfin içində sənədləri, orda olan müəyyən 200-300 manat pul vəsaitini, hətta eynəyimə kimi hər şeyi aparıblar. Bütün qurumlara müraciət etmişik, hələ bir nəticəsi yoxdur.
- Hacı Əbdül sizin adınızı Ayaz Mütəllibova xəyanət edənlər sırasında çəkib. Onun dediklərində həqiqət varmı?
- Mən o zaman Ayaz Mütəllibova qarşı yox, sistemə qarşı, müstəqillik, Qarabağın azadlığı uğrunda mübarizə aparmışam. AXCP-nin nadir vəzifəli üzvündən biri idim, rayon hakimi idim. Biz proqram və nizamnamədən irəli gələn vəzifələr uğrunda mübarizə aparmışıq. Konkret Ayaz Mütəllibov yax, başqası da olsaydı, biz ona qarşı mübarizə aparacaqdıq. Elə Əbülfəz bəyin də “Şərq” qəzetində fikirləri gedib ki, Ayaz Mütəllibov qisasçı deyildi. Bu baxımdan bəlkə də mən Ayaz müəllimlə sərt davranmışam. Ancaq mən təşkilatımın iradəsini ifadə etmişəm. Mən həmin adamam ki, Ayaz Mütəllibov gedəndə parlamentdə yalvarmışam ki, ərazilərimizi itirəcəyik, gəlin prezidentimizi burda seçək, seçkiyə getməyək. Elə bil ağzım fal idi, nə qədər ərazilərimizi itirdik, Şuşa, Laçın getdi. Yəni mənim Mütəllibova qarşı qəsdim olmayıb.
- Mütəllibovu 75 illiyi ilə bağlı təbrik etdinizmi?
- Mən təbrikimi çatdırdım. Ancaq onu da öyrəndim ki, təmtəraqlı yubiley keçirməyib. Çünki Ayaz müəllimin oğlunun ili çıxmayıb və təmtəraqlı yubiley keçirməyib. Düzü, tədbir keçirilsəydi, istərdim mən də ora dəvət olunum.
- Hacı Əbdül onun yanına tövbəyə getdiyinizi deyib və hətta tövbə mərasimini geniş təsvir eləyib. Bu məsələ necə olub?
- Əvvəla, mən artıq bu adamın adını çəkməyə utanıram. O adam özü öz dili ilə deyir ki, məni tövbə maraqlandırmırdı, cəbhəçi kimi ondan intiqam almaq istəyirdim. Guya mən Cəbhə hakimiyyəti vaxtı Ali Məclisin sədri olanda bunun məktublarına cavab verməmişəm. Çox təəssüf ki, Cəbhənin qəzeti də bunu çox sevinclə verir. Allahdan, Qurandan məqsəd kimi istifadə etmək olarmı? Tövbədən başqa məqsəd üçün istifadə bunun şəxsiyyətinin göstəricisidir. Belə bir adamla mən ağız-ağıza vermək istəmirəm.
- Belə başa düşdüm ki, siz səmimi qəlblə tövbəyə gedibsiniz.
- Orda şişirdilmiş məsələlər var. Mən bu lazımsız söhbətlərə çox əsəbiləşirəm. Hesab edirəm ki, Ayaz müəllimin bəlkə də ən böyük səhvlərindən biri o olub ki, belə insanlar özünü ona çox yaxın göstərə bilib və onu müəyyən qədər nüfuzdan salıblar. Bunlar indi də meydan sulamaqdadırlar.
- Bəs məscidə niyə getmişdiniz?
- Bu adam özü məqsədini açıqlayıb ki, onu tövbə maraqlandırmırdı. Guya bu adam insanları imana gətirmək istəyib. Hansı ki, özü də keçmişdə məhkum olub, guya imana gəlib.
- Siz nə günahın sahibi idiniz ki, tövbəyə gedirdiniz?
- Mən tövbə eləməyə getməmişəm. Dediyim kimi, orda şişirtmələr var. O adamı Nardarana Hacı Cəbrayılın evinə aparmışam, görüşüblər, bir olmaq barədə danışılıb. Açığını deyim, o vaxt mən ciddi müxalifət mövqeyində idim, bunu gizləməyin yeri yoxdur ki. Müxalifət qüvvələrinin də birliyini arzulayırdım. Belə hesab edirdim ki, bu da bir iş görə bilər. Amma mən nə bilim ki, bunun ürəyində ilan yatırmış. Allah ona Qurandan, Allahdan öz məqsədi üçün istifadə etdiyi üçün öz cəzasını verəcək.
musavat
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər