BolgeXeber.Com » Siyasət » “Bu ədalətsizlik davam edir” – İlham Əliyev

“Bu ədalətsizlik davam edir” – İlham Əliyev

30-05-2013, 12:15
Oxunub: 4 379 “Bizim bütün dini abidələrimiz dağıdılıb, bütün tarixi sərvətlərimiz dağıdılıb, talan edilib”

“Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli bir tərəfdən beynəlxalq hüquq normalarına hörmətin əlaməti olacaq, digər tərəfdən tarixi ədalət bərpa ediləcək. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, bütün toponimlər Azərbaycan toponimləridir, bütün abidələr bizim xalqımızın məhsuludur, Azərbaycan xalqının istedadının, zəhmətinin məhsuludur”. “ Bunu Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib. Dövlət başçısı bildirib ki, münaqişənin tezliklə həll edilməsi bölgəyə sülh gətirəcək. Və belə olan halda bölgədə gedən proseslər daim müsbət istiqamətdə gedəcəkdir: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən tanınır və münaqişənin həlli yalnız ərazi bütövlüyü prinsipləri əsasında ola bilər".

İlham Əliyevin sözlərinə görə, multikultiralizmin inkişafı hər bir xalq üçün, hər bir dövlət üçün vacibdir, xüsusilə etnik təmizləmədən zərər çəkmiş ölkə olan Azərbaycan üçün: "Çünki məhz multikultiralizm meyllərinin aşağı səviyyədə olması nəticəsində Azərbaycan torpaqları işğal altına düşmüşdür. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Bizim xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Azərbaycan əhalisi Dağlıq Qarabağdan və ətraf rayonlardan qovulmuşdur, bizim bütün dini abidələrimiz dağıdılıb, bütün tarixi sərvətlərimiz dağıdılıb, talan edilib. Və buna əyani sübut ATƏT-in iki missiyasının məruzələridir. Bu missiyaların məruzələrində açıq-aydın göstəririlir ki, işğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri tərəfindən bütün abidələr, bütün infrastruktur, bütün binalar dağıdılıb. Bu ədalətsizlik davam edir. Əfsuslar olsun ki, münaqişə öz həllini tapmır və beynəlxalq hüquq normaları bu münaqişə ilə bağlı işləmir. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasına açıq-aydın mesajlar vardır. Qeyd-şərtsiz işğala son qoyulmalıdır. Ancaq Ermənistan bu qətnamələrə əməl etmir və işğal davam edir, ədalətsizlik davam edir və beynəlxalq hüquq normaları kobudcasına pozulur".

Dövlət başçısı deyib ki, Azərbaycanın sürətlə inkişafı davam edib: "Baxmayaraq ki, torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan artıq vətəndaşımız məcburi köçkün vəziyyətində yaşayır, Azərbaycan inkişaf edir. Bizim uğurlu inkişafımız bütün istiqamətlərdə özünü göstərir. Keçən forumdan ötən dövr ərzində dünya birliyi Azərbaycana böyük etimad göstərmişdi. 2011-ci ilin oktyabr ayında Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdi. Bu, xalqımız, müstəqil dövlətimiz üçün böyük tarixi hadisədir. İqtisadi sahədə uğurlu inkişaf meylləri daha da güclənib. Demək olar ki, Azərbaycanda əsas iqtisadi və sosial problemlər uğurla öz həllini tapır. Hətta dünyada gedən böhran illəri ərzində Azərbaycanda iqtisadiyyat artıb. Bu gün iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla davam etdirilir və dayanıqlı inkişaf üçün bu, əsas şərtdir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanda kredit reytinqlərini artırır və Azərbaycan istisadiyyatı dünyada 50 ən rəqabət qabiliyyətli iqtisadiyyat sırasındadır".

İlham Əliyev bildirib ki, əlbəttə, sabit maliyyə vəziyyətimiz, sabit siyasi vəziyyətimiz, regional təşəbbüslər, təbii sərvətlər və ən əsası, insan kapitalı bu gün Azərbaycanı qabağa aparan amillərdir: "Biz bir necə il bundan əvvəl bəyan etmişdik ki, insan kapitalı hər şeydən üstündür. Və cox güclü sosial siyasət aparılır. Eyni zamanda, mədəniyyətlə bağlı, tarixi irsimizin qorunub saxlanılması ilə bağlı çox böyük işlər görülür. Əminəm ki, qonaqlar Bakının tarixi abidələri ilə də tanış olacaqlar. Şəhərimizə ilk dəfə gələn insanlar da öz xoş təəssüratlarını özləri ilə öz vətənlərinə aparacaqlar".