BolgeXeber.Com » Siyasət » Hikmət Hacıyev: “Azərbaycanın mülki vətəndaşlarının qətlə yetirilməsi Ermənistanın əsl niyyətidir”

Hikmət Hacıyev: “Azərbaycanın mülki vətəndaşlarının qətlə yetirilməsi Ermənistanın əsl niyyətidir”

3-10-2020, 18:37
Oxunub: 4 243 "Hazırda Azərbaycanın Tərtər şəhərinin Ermənistan tərəfdən atəşə tutulması davam edir. Onların məqsədi dinc Azərbaycan vətəndaşlarını qətlə yetirməkdir”.
Bolgexeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV nümayəndələri və xarici dövlətlərin Bakıda akkreditə olunmuş diplomatlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
"Dünəndən etibarən Azərbaycan Respublikasının Tərtər şəhəri ermənilər tərəfdən intensiv şəkildə atəşə tutulur. O cümlədən şəhər çoxsaylı "Qrad” kütləvi yaylış atəş sistemlərindən atəşə məruz qalıb. Tərtərə 2 mindən çox mərmi atılıb. Azərbaycanın Şəmkir şəhəri Ermənistanın Vardenis ərazisindən "Toçka-U” reaktiv yaylım atəş sistemindən istifadə edilməklə atəşə tutulub. Onlar həmçinin Ermənistan ərazisindən raket sistemlərindən də istifadə ediblər. Məsələn, "Smerç” reaktiv yaylım atəş sistemindən istifadə edilməklə Ermənistanın Gorus rayonundan Azərbaycanın Cocuq Mərcanlı kəndi atəşə tutulub”, - o bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vasitəsilə Ermənistana mülki şəxslərin öldürülməsinin və Azərbaycan şəhərlərinin atəşə tutulmasının dayandırılması barədə mesaj göndərib.
"Ancaq, təəssüf ki, onlar bunu etməkdən imtina etdilər. Bu, Ermənistanın həqiqi niyyətlərinin növbəti sübutudur: onların hədəfi dinc Azərbaycan vətəndaşlarıdır”, - Prezidentin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan müasir texnologiyaların köməyi ilə dronlardan istifadə etməklə yalnız ölkənin işğal olunmuş ərazilərindəki hərbi hədəflərə dəqiq zərbələr endirir.