BolgeXeber.Com » Siyasət » İsa Qəmbərin müşavirinə ittihama cavab verdi

İsa Qəmbərin müşavirinə ittihama cavab verdi

26-06-2013, 16:40
Oxunub: 3 773 Lənkəranda Müsavat başqanının müşavirinin II qrup Qarabağ əlilini vəhşicəsinə döydüyü iddia edilir.


Bolgexeber.com xəbər verir ki, bu xəbəri Qarabağ müharibəsinin iştirakçısı, II qrup əlil Rəşid Fərman oğlu Kərimov yazdığı məktubda bildirir. Məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Mən, Lənkəran şəhər sakini, II qrup Qarabağ əlili Kərimov Rəşid Fərman oğlu Cavanşir küçəsində yerləşən çayxananın qarşısından keçərkən çayxanadan çıxan Müsavat başqanının müşaviri Yadigar Sadıqov və daha 2 nəfər məsləkdaşı məni küçə söyüşləri ilə təhqir etməyə başladılar. Mən II qrup Qarabağ əlili olduğumu və heç bir günahım olmadığını deməyimə baxmayaraq Yadigar Sadıqov və dostları bir daha mənim şərəf və ləyaqətimi təhqir edərək ictimai qaydalara tamam laqeyd və etinasız tərzdə, adi elementar davranış, əxlaq və mənəviyyat normalarını tamamilə tapdalayaraq məni ictimaiyyətin gözü qarşısında təpikləməyə başladılar. Sonra sifətimə yumruqla vuraraq al qana boyadılar və yerə yıxaraq ciddi bədən xəsarətləri yetirdilər. Onların ürəkləri bununla soyumayıb əynimdəki paltarları da cırıb qopardılar. Mən həyatım boyu heç vaxt bu cür təhqir olunmamışdım. Mən vətən torpaqları uğrunda vuruşmada yaralanmışam və görmə qabiliyyətimi itirmişəm. Bu azğınlar isə mənim əlil eynəyimi də ayaqları altında əzib sındırdılar. Mənim bunlara insan deməyə dilim gəlmir. Mən şokdayam. Görəsən, Yadigar Sadıqovda adi insanlıq hissi varmı? O, mərhəmət nə olduğunu bilirmi? Bəs Qarabağ əlilinə hörmət, ehtiram harda qaldı? Bu azğınlar ciddi şəkildə cəzalandırılmalıdırlar. Mən tələb edirəm, mənim Yadigar Sadıqov tərəfindən vəhşicəsinə tapdalanmış, kobud şəkildə pozulmuş hüquqlarım bərpa olunsun. Cəmiyyətdə bu cür azğın hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Mən xahiş edirəm, mənim harayıma səs verin.

Mən inanıram ki, aidiyyatı təşkilatlar, vicdanlı insanlar Qarabağ əlilinin harayına səs verəcəklər. Qoy azğınlaşmış Yadigar Sadıqov layiqli cəzasını alsın”.


Y. Sadıqov hadisə ilə bağlı Facebook-da yazıb: “Bir az öncə çayxanada Comerd Qaya ilə çay içdiyim yerdə bir narkoman gəlib stolumuza oturdu. Guya hansısa müxalifətçinin ondan pul alıb qaytarmadığını əsas gətirərək müxalifəti söyməyə, məni təxribata çəkməyə başladı. Yaxın günlərdə belə hadisələrin baş verəcəyi haqqında artıq siqnal almışdım. İcra başçısı Taleh Qaraşov, polis rəisi Möhübbət Hüseynov, göndərdiyiniz nə narkomanlar, nə də öz səviyyənizdə olan digərləri məni əqidəmdən və yolumdan döndərə bilməzlər. Nə şirnikləndirmə, nə qorxu bu yoldan məni döndərə bilməz. Tutulsam da, döyülsəm də, öldürülsəm də dilimdə bir kəlmə olacaq: Azadlıq!!!”.

Y. Sadıqov daha sonra qeyd edir: “Dünən baş vermiş hadisə haqqında yazmışdım. Bu gün həmin narkoman (II qrup Qarabağ əlili imiş həm də) sifətinin, bədəninin döyülmüş, göyərmiş şəklini KİV-ə göndərib ki, Müsavatın başqan müavini və iki nəfər məni döyüblər. Anlaşılan tutmaq üçün torba tikilir. Öncədən deyirəm, kimsəni döyməmişəm, kimsəyə xəsarət yetirməmişəm. Mənim təxribata getmədiyimi görərək göndərən adamlar özləri döyüblər deyəsən. Hamısı yalandır, qurama işdir”.