BolgeXeber.Com » Siyasət » “Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur” - Malik Həsənov

“Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur” - Malik Həsənov

21-12-2020, 12:55
Oxunub: 5 788 “44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın siyasi Qələbəsi dövlətimizin  xarici siyasətində önəm verdiyi prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında  əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır. MDB Dövlət Başçıları Şurasının   videokonfrans formatında keçirilən iclasında da  möhtərəm   Prezidentimiz  İlham Əliyev  Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 ildə dünya birliyini aldatdığını,  işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma həyata keçirdiyini,  ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə yeni heç bir töhfə verməyə qadir olmadığını əsaslı çəkildə diqqətə çatdırdı. Vətən  müharibəsi dövründə münaqişənin mahiyyətinin  bəzi xarici media orqanları  tərəfindən qeyri-obyektiv, qərəzli şəkildə təhlilinə   baxmayaraq  Azərbaycanın tarixə, beynəlxalq hüquqa əsaslanan təbliğatı  nəticəsində həmin mənzərə tamamilə dəyişdi.” 

Bolgexeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.     
M.Həsənov qeyd edib ki, İşğalçı tərəf ötən müddət ərzində status-kvonu qoruyub saxlamaq, beynəlxalq ictimaiyyəti davamlı aldatmaq nəticəsində bugünkü aqibətini müəyyənləşdirdi: “Azərbaycan üçün Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsi  Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə olub. Reallıq budur ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu, tarixdir.”Rəsmi Bakı dünyanın  nüfuzlu təşkilatlarının tribunasından daim Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında bəyan edib: “ Azərbaycan o cümlədən  postsovet ölkələri ilə əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayan Müstəqil Dövlətlər Birliyi çərçivəsində  iqtisadi əməkdaşlıqla yanaşı,  üzv ölkələrin ərazi bütövlüyü məsələsini daim gündəmdə saxlayaraq  əlaqələrin genişlənməsində işğal faktorunun aradan qaldırılmasının xüsusi rola malik olduğuna, bir üzv ölkənin   digərlərinin   ərazisini işğal etməsinin yolverilməzliyinə çağırışlar edib. İşğalçı Ermənistan bu kimi bəyanatlara, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq   təcavüzkar siyasətini davam etdirdi. “
“Azərbaycan illərdir topladığı   gücü, qüdrəti, həyata keçirdiyi müstəqil siyasəti, bəyan etdiyi  dəyişməz mövqeyi sayəsində reallıqları tam şəkildə dəyişdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra etdi. Qalib Azərbaycan  şərtlərini diktə edir. Məğlub Ermənistan  yaranmış yeni reallıqları heç bir halda dəyişə bilməyəcək. Hazırda Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən  keçmişi nəzərdə tuta bilərik. Bu, artıq tarixdir. Regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq. Azərbaycan bu gün postmüharibə dövrünün prioritetlərini müəyyən edir, bölgədə yeni əməkdaşlıq formatlarını müəyyənləşdirir.  Həmin formatlarda  məğlub  Ermənistanın iştirak edib-etməyəcəyi bu ölkəyə rəhbərlik edənlərin siyasi iradəsindən asılıdır”,- deyə millət vəkili bildirib.
  Eyni zamanda, 10 noyabr  Bəyanatından sonra  bəzi Avropa ölkələrinin, eləcə də Niderland parlamentinin ardıcıl şəkildə   qəbul etdiyi  qərəzli qətnamələrə də münasibət bildirib: “Müharibənin başa çatmasından sonrakı ilk günlərdə Niderland  parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması və sair kimi əsassız   iddiaların müəllifləri faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Niderland parlamentinin Nümayəndələr Palatası oktyabrın 7-dən başlayaraq   11, eləcə də dekabrın 17-də  “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamə qəbul edərək   açıq-aşkar   münaqişəni alovlandırmaq niyyətini ortaya qoyur. Düşünürük ki, Niderland, o cümlədən əksər Avropa ölkələri   Azərbaycan üçün kağız parçasından başqa bir şey olmayan belə qətnamələrə vaxt sərf etməkdənsə, ölkəmizin  bölgədə yaratdığı yeni reallıqlarla barışıb yeni əməkdaşlıq formatlarına dəstək verməklə sülhün uzunmüddətli və davamlı olmasına öz töhfələrini versinlər. Məlumdur ki, noyabrın 18-də möhtərəm   Prezidentimiz  İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdıraraq ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulamışdır.”