BolgeXeber.Com » Siyasət » "Xalq-iqtidar birliyi Zəfərimizin əsasıdır”-Deputat Malik Həsənov

"Xalq-iqtidar birliyi Zəfərimizin əsasıdır”-Deputat Malik Həsənov

28-12-2020, 14:45
Oxunub: 3 722 “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Qələbəyə  imza atmaqla yalnız  işğal altındakı torpaqlarımızı azad etmədi, həmçinin regionu, dünyanı  terror və faşizm təhlükəsindən xilas etdi. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın  işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri  zamanı əsgərlərlə görüşündə də bu məqam xüsusi  diqqətə çatdırıldı ki,  azad edilmiş  rayonlarda  ermənilər tərəfindən törədilmiş vəhşilikləri görərkən nəinki ölkəmiz, bölgəmiz üçün böyük iş gördüyümüzə əmin olduq. Faşist, terror siyasəti həyata keçirən Ermənistan Azərbaycan qarşısında diz çökdü.  Təbii ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər  bundan nəticə çıxarmalıdırlar.  Azərbaycan dövlətinin, möhtərəm Prezidentimizin qətiyyəti sayəsində  yaradılan yeni reallıqlar  regionun, dünyanın siyasi mənzərəsini dəyişdi.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Zəfərimiz nəinki ölkə daxilində, beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələrində də öz əksini tapıb: “Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Dövlətimizin başçısı  İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Bildirilir ki, cənab İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.
“Azərbaycanın istifadə etdiyi taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan davamlı addımlar  Azərbaycan Silahlı Qüvvələrinin   dünyanın ən güclü 50 ordusu sırasında  qərarlaşmasını  təmin etdi. 44 günlük müharibə nəticəsində isə Azərbaycan müasir dünyanın hərb tarixinə  yeni səhifə yazdı. Ölkəmiz hərb tarixinə  yenilik kimi daxil olan  strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə,  az itkilər  verərək  qısa müddətdə  düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Vətən müharibəsi beynəlxalq hərbi ekspertlər tərəfindən  ciddi təhlil edilir. Dövlətimizin başçısı İlham Əliyevin “İlin siyasətçisi” seçilməsi bir daha bu reallığı dünyaya təqdim etdi ki, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat,   xalq-iqtidar birliyi Zəfərimizin əsasıdır”, - deyə millət vəkili vurğulayıb.
M.Həsənov bu məsələyə də münasibətini bildirib ki,  30 ilə yaxın müddətdə ikili siyasətləri ilə münaqişənin həlli prosesinin uzanmasına səbəb olan bəzi dövlətlər bu gün də ənənələrini davam etdirirlər: “ Fransa kimi dövlətlər əvvəllər Ermənistana himayədarlıqlarını pərdələnməyə  cəhdlər etsələr də,  Azərbaycanın siyasi Qələbəsini təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatdan sonra işğalçıya  dəstəklərini etiraf edirlər.  Balanslı, ədalətli, neytral  davranmağı bacarmayan Fransa Prezidenti Emmanuel Makronun  həmsədr mandatına uyğun olmayan addımları ilə bağlı yeni faktlar açıqlanır. Belə ki,  Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərir. Açıqlanan faktlarda  o da bildirilir ki, 10 noyabr razılaşmasından  bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron  erməni icmasının nümayəndələri ilə görüşündə  Nikol Paşinyanın heç bir məsələni onunla razılaşmamasından  narahatlığını ifadə edib.  Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Azərbaycan yalnız bu gün deyil, 28 il belə yanaşmaların şahidi olub. Lakin ölkəmiz beynəlxalq münasibətlərdə güc və  hüquq amillərini əsas tutaraq bu illər ərzində daha da güclənərək, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradaraq 44 gündə ədaləti bərpa etməklə  “demokratiyanın beşiyi” sayılan  Fransa kimi dövlətlərin əsl simasını ortaya qoydu.”