BolgeXeber.Com » Siyasət » Düşünərəm ki, övladım vətənin azadlığı uğrunda şəhid olub

Düşünərəm ki, övladım vətənin azadlığı uğrunda şəhid olub

5-07-2013, 08:55
Oxunub: 6 180 "Hakimiyyət 9 yaşlı uşağın həyat faciəsi üzərində öz siyasi ambisiyalarını qurmaq istəyir"
“Bu, Azərbaycan məhkəmə praktikasında analoqu olmayan bir qərardır. Bu qərarlar yalnız qadının analıq hüququndan məhrum edildiyi halda verilə bilər, yəni, ana narkoman, xroniki alkoqolizmə düçar olmuş qadın olduqda verilə bilər,” deyə Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə 9 yaşlı oğlu Toğrulun anasından alınaraq atası Mahmud Mehdiyevə verilməsi barədə məhkəmə qərarını şərh edərkən bildirib. Bunu hüquq adına biabırçılıq adlandıran xanım Hacıbəyli xatırladır ki, 2006-cı ildə atanın övladı ilə həftədə bir dəfə görüşünə icazə verilməsi barədə qərar olmasına baxmayaraq Mahmud Mehdiyev bu ilin mayınadək bir dəfə də olsun görüşlə bağlı müraciət etməyib.
Keçmiş millət vəkili Gültəkin Hacıbəyli deyir ki, ata övladı ilə maraqlanmır və övladına bugünədək bir manat belə vəsait ayırmayıb: “Ümumilikdə 4 görüş olub, görüşlərin hamısında uşaq qəti surətdə görüşdən imtina edib, ağır depressiyaya düşüb, stress yaşayıb. Birinci görüşdən sonra təcili tibbi yardıma müraciət etməli olduq. Sakitləşdirici iynə vurduqdan sonra uşaq özünə gəldi. Adam mətbuat konfransı keçirib deyir ki, uşağımı mənə vermirlər, amma görüşə gəlir və oğluna “Cəhənnəm ol!”, “Sən mənə çox da lazımsan?”, “Heç ölmürəm səndən ötəri” kimi ifadələrlə müraciət edir, uşağı təhqir edir”.

Oğlu üçün görüşlər işgəncəyə çevridiyini deyən Gültəkin Hacıbəyli bildirir ki, belə bir anda Nəsimi Rayon Məhkəməsi Mahmud Mehdiyevin iddiası əsasında tələsik məhkəmə baxışı keçirərək vəkilimin təqdim etdiyi vəsatətlərin heç birini dəyərləndirilməyib: “Hakim 9 ildə bir manat aliment ödəməyən tərəfi atalıq hüququndan məhrum etmək əvəzinə, 9 il övladına baxan ananın əlindən övladı alır və uşağı tanımadığı “atası”na verirlər. Qərarın qərəzli, sifarişli, vicdansız olması heç kimdə şübhə doğurmur,” – deyə Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində deyib.
9 yaşlı uşağın həyatının faciəsi üzərində qurulan siyasi ambisiya
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri xanım Hacıbəyli bu gün qəbul edilən qərarı övladının faciəsi adlandırır: “Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti 9 yaşlı uşağın həyatının faciəsi üzərində öz siyasi amsiyalarını gerçəkləşdirmək istəyir. Ola bilsin ki, bu qərarı qəbul edən insanların qolu zorludur, bu gün məhkəmələrə təzyiq etmək imkanları var. Amma bilirsiniz, imkanlar nə qədər çox olsa da Allahın imkanları qarşısında çox aciz və cılızdırlar”. İlk növbədə başda hakim Etibar Hümbətov olmaqla onların qanun qarşısında cavab verəcəklərinə əmin olduğunu dilə gətirən Gültətik Hacıbəyli o insanları eyni zamanda Allahın mühakiməsinə buraxdığını bildirib.
Xanım Hacıbəyli habelə qərardan Apellyasiya və Kassasiya şikayəti verəcəklərini deyib. Onun sözlərinə görə, bu qərarın icrası praktik olaraq qeyri-mümkündür. O, 9 yaşlı oğlunun 10 yaşından sonra məhkəmədə öz firkini söyləmək hüququna malik olmasını əsas gətirib.
“Özümü də, övladımı da bu yolda qurban verməyə hazıram”
Öz mövqeyindən çəkilməyəcəyini vurğulayan Gültəkin Hacıbəyli məsələnin yalnız onun oğlundan ibarət olmadığını bildirib. “Siyasi fəaliyyətinə görə cəzalandırılan valideyn tək mən deyiləm. Sadəcə övladımın yaşı az olduğu üçün onun cibinə narkotik qoymaq mümkün olmayıb və ya maşınından silah çıxarmaq mümkün olmadığından məni bu formada cəzalandırmaq qərarına gəliblər,” – deyə keçmiş millət vəkili bildirib. Çıxdığı yoldan - ədalət, azadlıq uğrundan mübarizədən onu heç nəyin yayındıra bilməyəcəyi deyən xanım Hacıbəyli hər şeyə hazır olduğunu söyləyib: “Məni bu yoldan heç nə çəkindirə bilməz. Övladımın əlimdən alınması onun həbsi ola bilərdi. Hazırda isə bu məhkəmə qərarı övladımın cəzalandırılmasıdır. Ancaq bu gün bizim həbsdə nə qədər övladlarımız yatır. Bu gün həbsdə talessimiya və astma xəstə Zaur Qurbanlı var. Bundan öncə 19 yaşlı Cabbar Savalanlı həbs həyatı yaşadı. Nigar qızımız absurd ittihamlarla həbs olundu. Düşünürəm ki mənim övladım onların heç birindən, mən də onların analarından artıq deyiləm. Vətən, torpaq bizimdir. Hər birimiz nə vaxtsa, bu torpağın bir parçasına çevriləcəyik. Əgər vətən yolunda, demokratiya, azadlıqlar uğrunda qurban tələb olunursa, mən özüm də, qurban olmağa hazıram, övladımı da bu yolda qurban verməyə hazıram. Analar övladlarını vətən üçün doğurlar. Mən də düşünərəm ki, övladım vətən yolunda, vətənin azadlığı uğrunda şəhid olub. Bununla da qürur duyaram,” – deyə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində bildirib.