BolgeXeber.Com » Siyasət » “Azərbaycan-Türkiyə birliyi hədəflərə yüksək səviyyədə nail olmaq gücündədir"-Malik Həsənov

“Azərbaycan-Türkiyə birliyi hədəflərə yüksək səviyyədə nail olmaq gücündədir"-Malik Həsənov

16-06-2021, 18:40
Oxunub: 3 096 “15 İyun- Milli Qurtuluş Günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada yeni tarix yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında”  Şuşa Bəyannaməsinin imzalanması  bir daha tarixi köklərə,  möhkəm təmələ əsaslanan Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının  keçdiyi inkişaf yoluna nəzər salmağı  zərurətə çevirir. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair sənəd müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsində ötən illər ərzində müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri öz əksini tapıb. Türkiyə Prezidenti  10 dekabr  2020-ci il Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı imzalanan sənədlər fonunda “Atılacaq daha çox imzalar var” bəyan etmişdir.  Şuşa Bəyannaməsi məhz  bunun bariz nümunəsi oldu.  Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən Şuşa Bəyannaməsi  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində yol xəritəsi, gələcək işbirliyin  təminatıdır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki,  ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri  Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu: “44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi iki dost, qardaş ölkənin birliyinin  dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. İlk gündən Azərbaycanın tək olmadığını bəyan edən Türkiyə Prezidenti sonadək mənəvi və siyasi dəstəyini göstərdi. Azərbaycan dövləti bu dəstəyi daim yüksək qiymətləndirir. Birliyimiz  tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz və maraqlarımız, xalqlarımızın qardaşlığı əsasında  daha da möhkəmlənərək, bu fikrin böyük inamla qeyd edilməsinə əsas verir ki,  Azərbaycan və Türkiyə yalnız dost deyil, qardaş olkədir.  Məhz bu qardaşlıq  fonunda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırlması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi imzalanan Şuşa Bəyyannaməsində  öz əksini tapır.”
Millət vəkili vurğulayıb ki, Şuşada yaşanan tarixi gün  bütün  türk dünyasında maraq doğurur, verilən mesajlar  dünyaya səs salacaq: “Azərbaycan-Türkiyə birliyi hədəflərə yüksək səviyyədə nail olmaq gücündədir.  Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da  birliyin təqdimatıdır. Rəsmi Ankara daim ən yüksək tribunalardan Ermənistanın işğalçılıq siyasətindən bəhs edərək dünyaya ədalətin bərpası, ikili siyasətə son qoyulması ilə bağlı çağırışlar etdi.  44 günlük Vətən müharibəsində  qardaş ölkənin mənəvi və siyasi dəstəyi ilə 30 ilin işğalına son qoyuldu. Artıq yeni dövrə qədəm qoyulub. Türkiyə Prezidentini Füzulidə qarşılayan dövlətimizin başçısı İlham Əliyev Şuşaya   gedərkən mənfur düşmənin ərazilərimizdə nə kimi vəhşiliklər törətdiyini   göstərərək  bu gün bu ərazilərin bərpası istiqamətində konkret strategiyanın həyata keçirildiyini bildirdi. Türkiyə şirkətlərinin bu prosesdə fəal iştirakı əsl dost, qardaş dəstəyidir.”
“Türkiyə-Azərbaycan birliyi əbədidir” söyləyən Malik Həsənov  dövlətimizin başçısı İlham Əliyevin  Şuşada türkiyəli həmkarına  “Doğma Vətəninizə xoş gəlmisiniz!” müraciətinin bir daha bu birliyin daimiliyinin, ən əsası  ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının reallığa əsaslandığının  dünyaya təqdimatı oldu: “Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 10 noyabr 2020-ci il  üçtərəfli Bəyanatının tələblərinə uyğun olaraq  sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti də  qardaş ölkənin bölgədə rolunun, birliyimizin təsdiqidir. Şuşa Bəyannaməsində iki ölkə arasında müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi,  Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinin xüsusi yer alması  uğurlu gələcəkdən xəbər verir.”
Müasir dövrün informasiya mübarizəsi  dövrü olduğunu  nəzərə alaraq  Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsinin, ümumi problemlər qarşısında birlikdə addımların atılmasının  və ardıcıl həmrəylik göstərilməsinin, milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin  əlaqələndirilməsinin vacibliyindən də  geniş bəhs edən millət vəkili Şuşa Bəyannaməsində əksini tapan müddəaların hər birinin təkcə iki qardaş ölkə deyil, ümumilikdə regionun gələcək inkişafı ilə bağlı olduğunu bildirib. 
M.Həsənov dünyaya səs salacaq Şuşa Bəyannaməsi əsasında  bu reallığa da diqqət yönəldib ki, bugünədək iki ölkə arasında 250-dən çox sənəd imzalanıb: “Bu sənədlər  müxtəlif sahələri əhatə edir. İki qardaş ölkənin siyasi iradəsi və qətiyyəti sayəsində  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, çoxtərəfli əməkdaşlığın  nümunəsi olan  Cənub Qaz Dəhlizi, onun əsas seqmentləri olan TANAP və TAP layihələrinin reallığa çevrilməsi  təkcə iki ölkə  deyil, bütün bölgə və dünya  üçün əhəmiyyətlidir. Qarşıdakı illərdə bu birliyin nəticəsində  reallığa çevriləcək enerji və nəqliyyat layihələri daha geniş coğrafiyanı əhatə edərək, ölkələr, xalqlar arasında dostluq körpüsünün möhkəmlənməsinə böyük töhfələr verəcək.”