BolgeXeber.Com » Siyasət » Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır.

21-06-2021, 10:24
Oxunub: 2 960 Azərbaycan ən yeni tarixinin qızıl dövrünü yaşayır. 2020-ci il sentyabr ayının 27-dən başlayaraq Azərbaycan xalqı tarixi günlərə, unudulmaz anlara şahidlik edir. Bu tarixi günlər içərisində qardaş Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın ölkəmizə növbəti səfəri və mütəffiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi və həyati əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etməliyik ki, cənab R.T.Ərdoğanın Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxışı da bütün dünyaya Türkiyə- Azərbaycan münasibətlərinin əbədi, sarsılmaz olduğunu göstərən mühüm mesajlarla yadda qaldı. Azərbayca-Türkiyə arasında münasibətlərin dostluq, qardaşlıq münasibətləri olduğu və heç bir zaman sarsılmayacağı özünü tarixin ən həlledici məqamlarında göstərmişdir. Müqəddəs Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında həm bir dövlət, həm də millət olaraq yer almışdır. Necə ki, R.T.Ərdoğanın qeyd etdiyi kimi, “Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır”. Bu sözləri ilə cənab Prezident R.T.Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərinin gələcək prespektivlərini də bütün dünyaya açıqlamış oldu.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk.
Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Dekabrın 10-da Azadlıq meydanında keçirilən Azərbaycanın 44 gün İkinci Qarabağ Müharibəsinin Zəfər Paradında Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir yerdə olması bir daha bu qardaşlıq birliyinin təcəssümüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı bildirib ki, bu tarixi gündür və bu zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin paradda iştirakından şad olduğunu söyləyib. 44 gün ərzində 10 milyonluq Azərbaycan əhalisi 50 milyonluq dünya azərbaycanlıları və 85 milyonluq Tükiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə xristian dünyasının üstünə getdi. ABŞ, Rusiya və Avropa dövlətlərini yeni dünya düzənində Azərbaycan reallıqları ilə barışmağa məcbur etdik. 30 il ərzində ABŞ, Fransa, Rusiya kimi nəhəng dövlətlər geosiyasi maraqları ucbatından torpaqlarımızı “atəşkəs” adı ilə Ermənistanın işğalı altında saxlanmasına son qoyduq. 10 milyonluq
Azərbaycan dövləti göydə Allaha, yerdə Türkiyəyə arxalanaraq xristian dünyasına “dur”–dedi. Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır. Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyənin olması bizim üçün çox önəmli bir haldır. Son illərdə artan terror hadisələri, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən yerli texnologiya məhsulu olan silah və avadanlıqların həyati bir əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilmişdir. Bu, hərbi gücümüzü daha da gücləndirəcəkdir. Hazırda, işğalda azad edilmiş torpaqlarımızda mina təmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq ölkəmizə gətirilmişdir. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Cənab Prezidentin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər. Təəssüflər olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü olmuşdur və bu gün də bu, davam etməkdədir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı hər zaman özlərinə düşmən biliblər. Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Müharibədən əvvəl Ermənistan prezidenti Sevr müqaviləsinə yenidən baxılmalıdır deyirdi. Yəni, Türkiyəyə ərazi iddiası edirdi. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bu fikirdən əl çəkməlidirlər ki, regiondakı inkişafın tərkib hissəsi ola bilsinlər və Türkiyə Ermənistanla olan sərhədləri açmaqla əlaqələri normallaşdıra bilsin. Əlbət də ki, bunun nə vaxt baş tutacağına Türkiyə qərar verəcək. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir. Uzun illərdən sonra reallığa çevrilən Zəngəzur dəhlizi məsələsi də artıq həll olunmaq üzrədir. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq: “Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri nəticəsində regionda yeni güc mərkəzi yaranmışdır.