BolgeXeber.Com » Siyasət » Əldə olunmuş Qələbə ədalətin təntənəsidir

Əldə olunmuş Qələbə ədalətin təntənəsidir

29-06-2021, 13:26
Oxunub: 2 928 Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin birgə Bəyanatı imzalandı. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yolla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə deyə bilərik ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işlərini başlayıb.İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda şəhərlər, evlər, kəndlər, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıb, qəbirləri dağıdıb, 60-dan çox məscidi dağıdıb və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bundan əlavə Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş
meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Qazaxın 1990-cı illərin əvvəllərində azad olunmuş kəndləri də işğaldan azad olunur. Erməni sosial şəbəkələri Naxçıvanın 1990-cı illərdə işğal olunmuş Kərki kəndinin də azad ediləcəyini bildirirlər. Sözügedən anklavlar xüsusi strateji əhəmiyyət daşıyır və Ermənistana nəzarət etmək imkanı verir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək.
Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq.
Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporası tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənilər xarici siyasətdə də iflas etdiklərini anlayırlar. Özlərinə ən yaxın bildikləri, müttəfiq olaraq gördükləri dövlətlərin heç birinin onlara siyasi və hərbi dəstək verməməsi, ölkənin 30 illik uğursuz xarici siyasətini gözlər önünə sərib. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərilə mətinliklə dəf etdiyini aydın göstərir.
Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi.Ərazi bütövlüyümüz uğrunda gedən Vətən müharibəsi hamımızın yaddaşına dünya miqyasında tanınmağın, öz müstəqil milli dövlətinə malik millətə çevrilməyin gətirdiyi qürur və sevinc dolu bir zaman kəsimi kimi daxil olmuşdur. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.