BolgeXeber.Com » Siyasət » “Dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə qayğı siyasəti ən humanist, ən ədalətli və vicdanlı siyasətdir”

“Dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə qayğı siyasəti ən humanist, ən ədalətli və vicdanlı siyasətdir”

16-07-2021, 16:39
Oxunub: 2 576 Mənfur Ermənistan üzərində qazandığımız böyük QƏLƏBƏ dövlətimiz və xalqımız üçün nə qədər əziz və şərəflidirsə, şəhid ailələrinə və müharibədə yaralananlara dövlət səviyyəsində yaxından diqqət və qayğı bir o qədər vacib və önəmlidir. Ona görə də bugün Vətən uğrunda canından keçmiş oğulların doğmalarının, yaxınlarının, qazilərin hərtərəfli dəstəklə təminatı sahəsində ölkəmizdə aparılan siyasət mənəvi məsələ kimi öndədir. Bugün ölkəmiz bütün dünyada şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi sahəsində ən nümunəvi təcrübəyə malik ölkədir. Bu kateqoriyadan olan insanların sosial ödənişlərlə təminatı və bu ödənişlərin mütəmadi olaraq artırılması, şəhid ailələri və müharibə əlillərinin mənzillə, avtomobillə, eləcə də digər sosial müdafiə və aktiv məşğulluq proqramları ilə əhatə olunması və həmin proqramların ildən ilə genişləndirilməsi, onlara güzəşt və imtiyazların tətbiqi bu qayğının bariz göstəricisidir. Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısı altındadır. Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə 7200 avtomobil verilib. Ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən vasitələr təqdim olunur. Cari ildə nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş olunub. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.
Reabilitasiya mərkəzlərinin şəbəkəsi genişlənəcəkdir. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq Azərbaycan bunu edir və bundan sonra da edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır. İlk növbədə ən həssas kateqoriyadan olan vətəndaşlar dövlət qayğısı ilə əhatə olunurlar. Bu istiqamət üzrə Azərbaycanda aparılan siyasət ən humanist, ən ədalətli və vicdanlı siyasətdir. Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunur. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və bu təmin olunur. Azərbaycanda bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir
çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilmir. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Ancaq orada müharibədə ölənlərin ailəsinin biri dövlət qayğısı görmür.
Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi bu günlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən istifadəyə təhvil verilib. Kompleks 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar var. Burada ölkə Prezidenti həmçinin şəhid ailələrinə və qazilərə avtomobillər təqdim etmişdir. Bu təqdimat mərasimində möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: Əsas odur ki,“bütün şəhidlərimizin qisasını aldıq. Biz Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qısasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq”.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya