BolgeXeber.Com » Siyasət » Fransa səfiri həddini aşdı, Azərbaycanı Dantsiq dəhlizi ilə hədələdi

Fransa səfiri həddini aşdı, Azərbaycanı Dantsiq dəhlizi ilə hədələdi

23-07-2021, 16:03
Oxunub: 3 512

Jonatan Lakott Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamalarına etiraz edərək deyib ki, üçtərəfli razılşamada Zəngəzur dəhlizindən bəhs edilmir

Fransanın Ermənistandakı səfiri Jonatan Lakott bu gün “Azatutsyun” radiosuna müsahibə verərək yenə də təmsil etdiyi ermənipərəst dövlət adına qızışdırıcı mövqe tutaraq, “Dağlıq Qarabağın statusunun ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə müəyyənləşdirilməli olduğunu” deyib. Səfir diplomatik mandatının ona verdiyi səlahiyyətlər çərçivəsini aşaraq bəyan edib ki, “status müəyyənləşənə qədər nə Fransanın Bakıdakı, nə Ermənistandakı səfiri Qarabağı (böyük ehtimalla Azərbaycanın nəzarətində olan əraziləri demək istəyir-N.S) ziyarət edə bilməz”. 
İrəvandakı səfir bir az da irəli gedərək, daha iki ölkənin adından da danışaraq əlavə edib  ki, “bu mövqeyə Minsk Qrupunun üç həmsədr ölkəsi əməl edir”. 



Onun sözlərinə görə, Fransa Qarabağda beynəlxalq təşkilatların daha geniş fəaliyyətini dəstəkləyir: “İndi orada yalnız mükəmməl işləyən Beynəlxalq Qızıl Xaç Komitəsi iştirak edir. Paris  BMT qurumlarını da Dağlıq Qarabağda fəaliyyətdə olmağa çağırır”.
Fransa səfiri sonra Azərbaycan Prezidenti İlham Əliyevin davamlı olaraq bəhs etdiyi Zəngəzur dəhlizi haqda açıqlamalarına etiraz edib. O, iddia edib ki, üçtərəfli razılaşmada Zəngəzur dəhlizindən bəhs edilmir. Lakott  deyib ki, ümumiyyətlə danışıqlarda "dəhliz" ifadəsi birmənalı olaraq işlədilməməlidir. Özünü ağıllı göstərməyə çalışan Lakott “dəhlizlər diplomatiyası”nın tarixdə çox pis bir iz qoyduğunu deyib, buna misal olaraq Dantsiq dəhlizinin adını çəkib, öz ağılınca Azərbaycanı təhddi edib.  
Səfir vurğulayıb ki, regional kommunikasiyaların bərpası 10 noyabr və 11 yanvarda Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanat əsasında davam etməlidir. 
Ermənistanın “böyük bacısı” Fransanın səfirinin bu cür hədyanlar danışması əlbəttə ki, təəccüblü deyil. Təəccüblüsü, səfir olan kəsin imzalanmlış 10 noyabr və 11 yanvar  sənədlərinin mahiyyətindən xəbərsiz olması və ya özünü bu cür göstərməsidir. 



İmzalanmış sənədlərdə Zəngəzur dəhlizinin adı olmaya bilər, amma kommunikasiyaların bərpası dedikdə səfir telefon rabitəsinin nəzərdə tutulmadığını bilməyəcək qədər savadsız ola bilməz. Zəngəzur dəhlizinin adı sənəddə göstərilməyib, amma aydındır ki, tərəflər arasında imzalanmış 10 noyabr razılaşmasının 10-cu bəndi məhz dəhlizin açılmasını nəzərdə tutur. Sənədin 10-cu bəndinə diqqət edək: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir”. Bunu təmin edəcək isə ermənilərin də, səfirin də yuxusunu qaçıran Zəngəzur dəhlizidir ki, 11 yanvarda Moskvada imzalanmış bəyanatla kommunikasiyaların açılması üçün artıq işçi qrupları da yaradılıb. Yəni Zəngəzur dəhlizi hər iki razılaşmanın kənarında qalmır, əksinə onun mərkəzindədir. Bu qədər aydın bir həqiqəti görməyəcək qədər korazehinmi olmaqmı olar, cənab Lakott? 
Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu təxribatçı mövqeyi haqda bugünlərdə hətta Rusiya mediasında da geniş təhlil yazıları dərc edilib. Səfirin bu açıqlamaları  da səslənən təxribat iddialarını təsdiqləyir. Fransanın “status”, “Minsk Qrupunun fəaliyyətinin bərpası haqda” çağırışlar altında pozucu fəaliyyətlə məşğul olduğunu  göstərir. 


BMT-yə gəlincə, 10 noyabr razılaşmasında məcburi köçkünlər və qaçqınların Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında qaytarılması barədə də bənd var ki, ermənilər Qarabağdakı Azərbaycan ərazilərinə qaytıtsalarda,(sayları son məlumata görə, 25 min nəfərdir) hələ də bir azərbaycanlı öz yurduna(məsələn, Xankəndinə, Xocalıya) qayıda bilməyib.        
Bəs, səfirin bəhs etdiyi və pis nümunə kimi adını çəkdiyi Dantsiq dəhlizi nə deməkdir?  Məlumat üçün deyək ki, Dantsiq dəhlizi (tarixdə Polşa dəhlizi, Vistula dəhlizi kimi də tanınır) 1919-cu il Versal sülh müqaviləsi şərtlərinə əsasən, Baltik dənizinə çıxışı təmin etmək məqsədi ilə Almaniya ilə Polşa ərazidində yaranmış dəhlizdir. 200 km-dək uzanan Dantsiq dəhlizində Polşanın xüsusi hüquqları var idi. Amma 1933-cü ildə Hitlerin Almaniyada hakimiyyətə yiyilənməsi ilə Versal sülh müqaviləsinin şərtlərinin yenidən nəzərdən keçirilməsi gündəmə gəldi. 1938-ci ildən nasist hökuməti getdikcə daha israrla Dantsiq qaytarılmasını tələb edirdi. Bu dəhlizi bir bahənə hesab edən Hitler 1939-cu ildə Polşa ilə müharibəyə başladı və Almaniyanın sahilyanını iki yerə ayıran Dantsiq dəhlizini ərazisinə qatdı. Almaniyanın II dünya müharibəsində məğlubiyyəti nəticəsində isə almanlar buradan (indiki Qdansk) köçürüldü və yenə Polşa ərazinə qaytarıldı.  
Fransa səfiri Dantsiq dəhlizini xatırlatmaqla Azərbaycana nə mesajı vermək istəyir? Əgər demək istətirsə ki, Zəngəzur dəhlizi yaranacaqsa, gec-tez faşistlərini mənəvi nəvələri Ermənistan hakimiyyəti onu geri qaytarmağı tələb edəcək və hətta yeni müharibədə başlaya bilər - bu çox uğursuz müqayisədir. O mənada ki, Azərbaycan ötən əsrin Polşası deyil. Üstəlik, “dəmir yumruq” da həmişə yerindədir. Bunu fransız səfir də, ermənilər də yaxşı bilir...
Nazim SABİROĞLU